525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Avtomatik indeksasiya mahiyyət etibarilə minimum əmək haqqının inflyasiya səviyyəsi, yaşayış minimumu və orta aylıq əmək haqqının artım tempi ilə paralel şəkildə yenilənməsini nəzərdə tutur. Bu yanaşma əmək bazarında çalışan vətəndaşların real gəlirlərinin qorunmasına xidmət edir. Çünki nominal əmək haqqının dəyişməz qalması yüksək inflyasiya şəraitində əhalinin alıcılıq qabiliyyətinin azalmasına gətirib çıxarır. İndeksasiya isə bu riskin qarşısını alaraq əməkhaqqının real iqtisadi dəyərinin saxlanmasını təmin edir. Lakin bu mexanizmin effektivliyi birbaşa inflyasiya göstəricilərinin düzgün hesablanmasından asılıdır. Rəsmi inflyasiya faizləri bazardakı real qiymət dəyişikliklərini tam əks etdirmədikdə indeksasiya öz sosial məqsədinə tam çatmır”.
Bunu 525.az-a iqtisadçı ekspert Akif Nəsirli deyib. O bildirib ki, son illərdə istehlak bazarında müşahidə olunan qiymət artımları ilə statistik göstəricilər arasında müəyyən fərqlərin olması ictimai müzakirələrə səbəb olmuşdur. Bu baxımdan inflyasiyanın hesablanma metodologiyasının təkmilləşdirilməsi, istehlak səbətinin yenilənməsi və statistik ölçmə alətlərinin müasirləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir:
“Avtomatik indeksasiya sisteminin digər mühüm üstünlüyü sosial sabitliyin qorunmasına verdiyi töhfədir. Əməkhaqqının kəskin şəkildə dəyər itirməsinin qarşısının alınması əhalinin sosial narazılıq riskini azaldır, əmək bazarında psixoloji sabitlik yaradır və dövlət-vətəndaş münasibətlərində etimadı gücləndirir. İnsanlar gəlirlərinin iqtisadi dəyişikliklərə uyğun şəkildə yenilənəcəyinə əmin olduqda, uzunmüddətli maliyyə planlaşdırması aparmaq imkanları genişlənir. Bu mexanizm həm də makroiqtisadi sabitliyin mühüm elementlərindən biri kimi çıxış edir”.
Sevinc Qarayeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.