RU

Avropa nazirlərinin Bakı toplantısı Nələr müzakirə olunur?

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakıda martın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cü iclası "Nazirlər sessiyası", "Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizində davamlı uğur və yeni inkişaf mərhələsi" və "Yaşıl Enerji Layihələri" üzrə üç plenar sessiya ilə davam edib.

Oxu.Az xəbər verir ki, "Nazirlər sessiyası"nda çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, dünya sürətlə süni intellektin, data mərkəzlərinin və rəqəmsallaşma ilə şərtlənən "elektrik əsri"nə qədəm qoyur və artan enerji tələbatının etibarlı qarşılanmasında təbii qaz strateji rol oynayır.

O, qazın onilliklər ərzində enerji təhlükəsizliyinin əsas sütunlarından biri olaraq qalacağını və vaxtında investisiyaların vacibliyini vurğulayıb. Azərbaycandan Avropaya təbii qaz tədarükünün 2021-ci illə müqayisədə 56 faiz, Trans-Adriatik Boru Kəmərinin ötürmə gücünün isə 1.2 milyard kubmetr artırılması, eləcə də qaz təchizatı şəbəkəsinin Cənub-Şərqi Avropadan Yaxın Şərq və Mərkəzi Avropaya qədər genişləndirilməsi müsbət məqamlar kimi qeyd olunub. Ötən il 25.2 milyard kubmetr qaz ixracının strukturunda Avropanın payının təxminən 51 faiz, Türkiyə, Gürcüstan və Suriyanın ümumilikdə payının isə 49 faiz təşkil etdiyi diqqətə çatdırılıb:

"Azərbaycan Avropa üçün etibarlı təchizatçıdır və qazımıza tələbat yüksək olaraq qalır. Lakin genişlənmə üçün tələbat baxımından institusional və maliyyə dəstəyi hələ də kifayət deyil. Hazırda dörd "upstream" layihəsinin 2026-29-cu illərdə istismara verilməsi üzərində işləyirik. Bu il "Azəri-Çıraq-Günəşli"də sərbəst qazın işlənməsi layihəsi çərçivəsində ilk qazın hasilatını gözləyirik. Həmçinin quruda və dənizdə daha dörd kəşfiyyat layihəsi həyata keçirilir. Bütün bunlar, eləcə də BƏƏ-nin ADNOC (XRG) şirkətinin Cənub Qaz Dəhlizində səhmdara çevrilməsi kimi müsbət irəliləyişlərə baxmayaraq, Avropaya tədarük artımının əhəmiyyətli şəkildə təmin edilməsi üçün konkret maliyyə mexanizmləri ilə dəstəklənən aydın və uzunmüddətli siyasət çərçivəsi tələb olunur".

Nazir daxili istehlak, ixrac və data mərkəzlərinin enerji təminatı məqsədilə ümumilikdə 8 GVt həcmində bərpaolunan enerji güclərinin və "Xəzər-Qara dəniz-Avropa", Naxçıvandan birbaşa və Ermənistan üzərindən keçməklə "Azərbaycan-Türkiyə-Avropa", "Transxəzər" və "Şərq-Qərb" yaşıl enerji dəhlizləri və interkonnektor layihələrinin yaradılması ilə bağlı hazırkı vəziyyəti də diqqətə çatdırıb. Bu regionlararası enerji bağlantıları və elektrik enerjisi vasitəsilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da gücləndirəcəyi vurğulanıb.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə qeyd edib ki, Gürcüstan Cənub Qaz Dəhlizi çərçivəsində etibarlı tranzit ölkə rolunu oynayır, regional və Avropa bazarları üçün enerji təchizatının şaxələndirilməsinə və təhlükəsizliyinə töhfə verir. Gürcüstan 2036-cı ilədək elektrik enerjisi istehsalında özünü tam təmin etməyi hədəfləyir.

Bolqarıstanın energetika naziri Trayço Traykov isə vurğulayıb ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istismara verilməsi ilə Bolqarıstan faktiki olaraq Cənub Qaz Dəhlizinin strateji infrastrukturunun ayrılmaz hissəsinə çevrilib.

"Bolqarıstan qaz infrastrukturunun inkişafı istiqamətində ardıcıl siyasət həyata keçirir. Bu xüsusda, Cənub Qaz Dəhlizi çərçivəsində tərəfdaşlığın daha da gücləndirilməsinə sadiqliyimizi bir daha təsdiqləyir. Bolqarıstan "Yaşıl Enerji Dəhlizi" layihəsini ilk vaxtdan dəstəkləyən ölkədir".

Moldovanın energetika naziri Dorin Junqetu isə ölkəsinin strateji prioritetinin qaz bazarının Avropa enerji infrastrukturuna ardıcıl inteqrasiyasını təmin etmək olduğunu qeyd edib:

"Bu yanaşma rəqabətədavamlı transsərhəd tədarükü və Xəzər regionundan tədarük olunan həcmlər də daxil olmaqla çoxsaylı təchizatçılara çıxışı təmin edəcək".

ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Or onlayn çıxışında bildirib ki, Cənub Qaz Dəhlizi bölgədəki uğurlu tərəfdaşlığın mərkəzində dayanır və enerji təhlükəsizliyinin milli təhlükəsizliklə sıx bağlı olduğuna dair ortaq mövqelərini əks etdirir:

"ABŞ Cənub Qaz Dəhlizini yaradıldığı ilk gündən dəstəkləyir və dəhlizin Qafqaz regionunu Avropa ilə birbaşa birləşdirmək baxımından strateji əhəmiyyətini yüksək qiymətləndirir. Biz "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) və daha geniş "Trans-Xəzər" marşrutunun tam potensialını reallaşdırmaq, regional iqtisadi inteqrasiyanı gücləndirmək, eləcə də enerji, strateji minerallar və digər məhsullar üçün ticarət yollarını genişləndirmək sahəsində birgə əməkdaşlıq üçün böyük imkanlar görürük".

Azərbaycanın regional və Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi öz rolunu yüksək peşəkarlıqla yerinə yetdiyini deyən Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi Lord Con Alderdays vurğulayıb ki, otuz ildən çoxdur ki, Birləşmiş Krallıq ilə Azərbaycan arasında münasibətlərin təməlini enerji sahəsində əməkdaşlıq təşkil edir.

"Birləşmiş Krallıq "yaşıl enerji dəhliz"ləri və təmiz enerji layihələri üzrə əməkdaşlıqda böyük potensial görür. Bu təşəbbüslər yalnız Azərbaycana deyil, həm də daha geniş regiona və Avropa bazarlarına mühüm töhfə verəcək".

Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Zəfər Dəmircan çıxışında Cənub Qaz Dəhlizinin uzunmüddətli enerji təchizatı təhlükəsizliyinin təmin edilməsində oynadığı rola toxunub:

"Strateji rol barədə ümumi ortaq anlayış mövcuddur. Bu qiymətli konsepsiya indi Qafqaz və Mərkəzi Asiya ölkələrini Avropa ilə birləşdirən "Yaşıl Enerji Dəhlizi" istiqamətində inkişaf etməkdədir".

Qazaxıstanın energetika nazirinin müavini Sanjar Jarkeşov isə bildirib:

"Qazaxıstan enerji sahəsində Azərbaycan ilə strateji tərəfdaşlığı yüksək qiymətləndirir və bu əməkdaşlıqda keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün böyük potensial görürük. Xüsusilə Qazaxıstan, Azərbaycan və Özbəkistan arasında yaşıl enerjinin istehsalı və ötürülməsi üzrə genişmiqyaslı layihə ilə bağlı əldə olunmuş razılaşmaları qeyd etmək istərdim. Dövlətlərimizin başçıları tərəfindən imzalanmış saziş yalnız milli enerji sistemlərinin dayanıqlılığını gücləndirmir, eyni zamanda, yaşıl investisiyaların cəlb edilməsi vasitəsilə emissiyaların azaldılması üzrə ekoloji hədəflərimizin həyata keçirilməsinə birbaşa töhfə verir".

Albaniyanın infrastruktur və energetika nazirinin müavini Erlind Sulo bildirib:

"Albaniya TAP vasitəsilə təbii qaz tədarükünə çıxış imkanı qazanmaq baxımından əlverişli mövqedədir. Bu, ölkə daxilində enerji ehtiyaclarını təmin etməyə, elektrik enerjisindən tək enerji mənbəyi kimi asılılığı azaltmağa, həmçinin ev təsərrüfatları, biznes və sənaye üçün enerjini daha əlçatan və sərfəli etməyə imkan verir. Biz bu istiqamətdə iki paralel layihə üzrə işləmək qərarına gəlmişik. Birincisi, "Vlora" İstilik Elektrik Stansiyasının yenidən canlandırılması və onun TAP çıxış nöqtəsinə və LNG üzən terminalına birləşdirən boru kəməri ilə inteqrasiya olunmuş layihə kimi icra olunmasıdır. İkincisi, Albaniyanın əsas şəhərlərindən biri olan Korça şəhərinin qazlaşdırılmasıdır".

Yunanıstanın Ətraf Mühit və Energetika Nazirliyinin enerji və mineral resurslar üzrə baş katibi Despina Paliaruta vurğulayıb ki, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyətini nümayiş etdirməyə davam edir.

Ukraynanın energetika nazirinin birinci müavini Artyom Nekrasov çıxışında Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəmərinin (TAP) ötürmə gücünün artırılması, eləcə də Xəzər regionunda yeni yataqların istismara verilməsi Avropaya qaz təchizatının əhəmiyyətli dərəcədə artırılması üçün zəmin yaratmasından bəhs edib:

"Bu sistem çərçivəsində Azərbaycan etibarlı resurs təchizatçısı kimi çıxış edir. Avropa İttifaqı əsas istehlakçı tərəfdaşdır və Ukrayna Avropada enerji axınlarının sabitliyini və çevikliyini təmin edən mühüm infrastruktur və logistika mərkəzi rolunu oynaya bilər. Təbii qaz sahəsində Avropa İttifaqı, Azərbaycan və Ukrayna arasında əməkdaşlıq potensial olaraq Avropada daha dayanıqlı və şaxələndirilmiş enerji arxitekturasının təmin edilməsinin əsas elementlərindən birinə çevrilə bilər".

Avstriyanın İqtisadiyyat, Enerji və Turizm Federal Nazirliyinin baş katibi Severin Qruber çıxışında bildirib:

"Son dövrün təcrübəsi göstərir ki, enerji sistemimizin dayanıqlılığının möhkəmləndirilməsi baxımından təchizatın şaxələndirilməsi xüsusi əhəmiyyətə malikdir. Biz Azərbaycanın etibarlı tərəfdaş kimi Avropa və Avstriya ilə əməkdaşlığını daha da gücləndirmək niyyətini alqışlayırıq. Avstriya vətəndaşlarının təhlükəsiz və münasib qiymətli enerji ilə təminatının dəstəklənməsi məqsədilə Azərbaycan ilə enerji sahəsində strateji tərəfdaşlığının daha da dərinləşdirilməsində maraqlıdır".

İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko isə Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracını artırmaqda davam etdiyini vurğulayıb və bununla da region üzrə enerji təhlükəsizliyini gücləndirərək etibarlı və fasiləsiz enerji təchizatını təmin etdiyini bildirib:

"Cənub Qaz Dəhlizi sessiyası"nda isə SOCAR, bp, Azərbaycan Qaz Təchizatı Şirkəti, TANAP, TAP, ICGB, XRG, "TotalEnergies", Asiya İnkişaf Bankı və "Boston Consulting Group" nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.

"Yaşıl Enerji Layihələri" sessiyasında BOEMDA, "SOCAR Green", "Masdar", "ACWA Power", bp, "Xlinks", "Zhero", CEER, IFC, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı və İƏT-in Təmiz Enerji Mərkəzinin (CECECO) nümayəndələrinin yaşıl enerji dəhlizləri və layihələri, yaşıl enerji interkonnektorları ilə bağlı təqdimatları dinlənilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
36
1
oxu.az

2Источники