RU

Nə üçün şagirdlər orta məktəbdə tədris olunan xarici dil bilikləri ilə kifayətlənmirlər?

Bakı, 3 mart, AZƏRTAC

Orta ümumtəhsil məktəblərində xarici dil fənləri, xüsusilə də ingilis dili tədris olunur. Lakin xarici dil dərsləri bəzi hallarda o qədər də ürəkaçan səviyyədə olmur. Elm və Təhsil Nazirliyi müəyyən bir proqram tərtib edir və həmin proqram əsasında müəllimlər orta ümumtəhsil məktəblərində siniflərə uyğun şəkildə tədris prosesini həyata keçirirlər. Bəzi hallarda baxırsan ki, xarici dil fənnini tədris edən müəllimlər daha çox qrammatikaya üstünlük verirlər və danışıq bacarığı, demək olar, arzuedilən səviyyədə olmur. Qrammatik biliklərin aşılanması və hansı formada təqdim edilməsi vacib məsələdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində təhsil eksperti Ramin Nurəliyev söyləyib. O bildirib ki, xarici dil biliyi həm şagirddən, həm də müəllimdən çox asılıdır: “Elə şagird var ki, onun dil öyrənmə qabiliyyəti daha yüksəkdir, elə şagird də var ki, bu göstərici nisbətən aşağıdır. Burada şagirdlərin potensialı ön plandadır. Çünki sözlərin əzbərlənməsi və yadda saxlanılması dil öyrənmənin əsas meyarlarından biridir. Amma hesab edirəm ki, ən əsas məsələlərdən biri xarici dil fənnini tədris edən müəllimdən asılıdır. Müəllim dili sevdirərək tədris etməli, qrammatik qaydalarla yanaşı danışıq formasını da tətbiq etməli, şagirdlərin söz ehtiyatının artırılması istiqamətində müvafiq addımlar atmalıdır. Bu yanaşma, əlbəttə ki, şagirdlərin dil biliklərini daha yaxşı mənimsəməsinə gətirib çıxarır.

Elə müəllimlər də var ki, məktəblərdə dilin öyrədilməsi istiqamətində kifayət qədər potensiala malik deyillər. Ümumilikdə belə deyə bilərik ki, orta ümumtəhsil məktəblərini bir kənara qoyaq. Ali təhsil müəssisələrində də xarici dil müəllimliyi, tərcümə, ingilis dili filologiyası və ədəbiyyatı kimi ixtisaslar mövcuddur. Təsəvvür edin ki, bu ixtisaslardan birini oxuyub universiteti bitirən, dördüncü kursu tamamlayan bir tələbə müəllimlərin işə qəbulu imtahanında əlavə hazırlıq kursuna getmədən və ya repetitor dəstəyi almadan uğur qazana bilmir, yaxud da imtahandan çəkinir, ehtiyat edir. Yəni ingilis dili müəllimliyi ixtisasını bitirən bir məzun, gələcəkdə ingilis dili müəllimi olacaq bir şəxs öz sahəsi üzrə kifayət qədər danışıq potensialına malik olmur. O, mütləq şəkildə əlavə kurslara, məsələn, IELTS hazırlığına və ya müxtəlif danışıq kurslarına müraciət etməli olur ki, öz ixtisası üzrə bilik və bacarıqlarını təkmilləşdirə bilsin. Bu isə ali təhsil pilləsində xarici dil hazırlığının keyfiyyəti ilə bağlı ciddi suallar doğurur”.

Ramin Nurəliyev hesab edir ki, tədris proqramında müəyyən düzəlişlərin aparılmasına ehtiyac var: “Tədris proqramımızın demək olar ki, 70-80 faizi sovet düşüncə tərzindən qalan yanaşmalar üzərində qurulub. Bu, həm orta ümumtəhsil məktəblərinə, həm də ali təhsil müəssisələrinə aiddir. Orta ümumtəhsil məktəbində vəziyyət müəyyən qədər anlaşılandır. Şagird bir neçə fənn keçir və onlardan biri də xarici dildir. Həftədə cəmi iki dəfə xarici dil tədris olunur. Lakin ali təhsil müəssisəsində tələbə dörd il ingilis dili müəllimliyi ixtisası üzrə təhsil alır, amma məzun olduqdan sonra heç bir əlavə kursa getmədən ingilis dili üzrə istənilən nəticəni əldə edə bilmir. Bu, həqiqətən də ciddi problemdir.

Müasir tədris yanaşmalarına, xüsusilə də inkişaf etmiş ölkələrin tətbiq etdiyi proqram və sistemlərə diqqət yetirərək, həmin modelləri həm orta ümumtəhsil məktəblərində, həm də ali təhsil müəssisələrində tətbiq etməyə çalışmalıyıq. Hazırda müşahidə etdiyim ən böyük problemlərdən biri budur ki, şagird və ya tələbə 3-4 ay, hətta bir il ərzində hazırlıq kursuna gedərək ingilis dilini kifayət qədər yaxşı səviyyədə öyrənə bilir. Amma eyni şəxs 11 il məktəbdə, 4 il isə universitetdə oxusa da, bu nəticəni əldə edə bilmir. Deməli, həmin kurslar beynəlxalq proqramlara və müasir metodikalara uyğun tədris aparır. Məhz buna görə də hazırda arzu olunan uğuru əldə etmək çətin görünür”.

Избранный
20
1
azertag.az

2Источники