RU

Akademik: Cəmiyyətdə kibertəhlükəsizlik mədəniyyəti formalaşdırılmalıdır

Bakı, 3 mart, AZƏRTAC

Uşaqların internetdən istifadəsi artdıqca, onları kibercinayətkarlıq və kiberdələduzluqdan qorumaq məsələsi aktuallaşır. Uşaqların zərərli qruplara cəlb olunması, təhsildən uzaqlaşması, milli-mənəvi dəyərlərə və yaş xüsusiyyətlərinə uyğun olmayan kontentlərə çıxışı onların normal inkişafına ciddi zərər verir. Bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti fevralın 27-də “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Bu barədə AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev AZƏRTAC-a açıqlamasında danışıb. Akademik qeyd edib ki, sənəd uşaqların sosial şəbəkələrdən səmərəli və təhlükəsiz istifadəsini təmin etmək üçün konkret istiqamətləri müəyyən edir. Zərərli məzmunların – mətn, video və audio formatda – süzülməsi, həmçinin süni intellekt texnologiyalarının dəstəyi ilə milli intellektual proqramların hazırlanması bu sahədə mühüm rol oynayır.

Akademik vurğulayıb ki, institutun əsas fəaliyyət istiqamətlərindən biri kibertəhlükəsizlikdir. Uşaqların internet mühitində qorunmasına xüsusi önəm verilir, çünki onların sağlamlığına, psixologiyasına və normal inkişafına zərər verə biləcək çoxsaylı kiberrisklər mövcuddur. Həmin risklərə qarşı sistemli mübarizə aparmaq vacibdir.

“İnternet asılılığı, gecə-gündüz onlayn vaxt keçirmə, təhsildən uzaqlaşma və zərərli qruplarla ünsiyyət uşaqların sağlamlığına, psixologiyasına və normal inkişafına mənfi təsir göstərir. Bəzi hallarda uşaqlar psixoloji təzyiqə məruz qalır, hətta intihara cəhd hallarına rast gəlinir. Uşaqların qorunmasında dövlət qurumlarının, texnologiya şirkətlərinin, məktəblərin, müəllimlərin və valideynlərin üzərinə böyük məsuliyyət düşür. Bu sahədə kompleks tədbirlər həyata keçirilməli, geniş maarifləndirmə işləri aparılmalı və cəmiyyətdə kibertəhlükəsizlik mədəniyyəti formalaşdırılmalıdır”, - deyə alim bildirib.

Xatirə Cəfərova - müxbir

Избранный
8
1
azertag.az

2Источники