RU

Yeni dini lider Müctəba Xamenei kimdir? – Dosye

İranda ali dini hakimiyyət postunda baş verən dəyişiklik region və dünya gündəmini silkələyib. ABŞ və İsrailin hücumu nəticəsində öldüyü bildirilən Ayətullah Əli Xameneinin yerinə onun ikinci oğlu Müctəba Xameneinin seçilməsi ölkənin siyasi tarixində ən mübahisəli və rezonanslı qərarlardan biri kimi qiymətləndirilir.

Paytaxt.org xəbər verir ki, qərar “Məclisi-Xubreqan”ın səsverməsi ilə qəbul olunub. Yayılan məlumatlara görə, səsvermə prosesi zamanı SEPAH-ın məclis üzvlərinə təsir göstərdiyi iddia edilir.

Müctəba Xameneinin adı uzun illərdir İranın siyasi kulislərində varis kimi hallanırdı. Onun xüsusilə təhlükəsizlik strukturları ilə sıx əlaqələri, ali lider aparatında qeyri-rəsmi təsir imkanları və SEPAH daxilində dayaq nöqtələrinin olması bu ssenarinin əvvəldən hazırlandığı barədə ehtimalları gücləndirir.  

076be104-b5c9-4a4f-a2b1-8deb49592770

1969-cu ildə Məşhəd şəhərində anadan olan Müctəba Xamenei dini təhsilini əsasən Qum şəhərində alıb. Şiə fiqh məktəbinin klassik proqramlarını keçdiyi bildirilsə də, onun ali dini rütbəyə – mərceyi-təqlid səviyyəsinə yüksəlib-yüksəlmədiyi uzun illər müzakirə mövzusu olub. İranın ali dini lideri postuna seçilmək üçün yüksək dini status ənənəvi şərt sayılsa da, siyasi reallıqlar çox zaman bu kriteriyadan üstün tutulur.

Müctəba Xamenei xüsusilə 2000-ci illərin ortalarından etibarən atasının administrasiyasında təsirli fiqur kimi ön plana çıxmağa başlayıb. 2005-ci ildən sonra, Mahmud Əhmədinejadın prezidentliyi dövründə onun seçki proseslərinə və siyasi qərarların formalaşmasına təsir göstərdiyi barədə məlumatlar yayılıb. 2009-cu ildə prezident seçkilərindən sonra baş verən kütləvi etirazların yatırılmasında təhlükəsizlik strukturlarının koordinasiyasında rol oynadığı iddia edilirdi. Həmin dövrdə Müctəba Xamenei sərt xətt tərəfdarı kimi xarakterizə olunurdu. 

90de7562-4b1e-40cb-b30a-399958c38311.jpg

Onun əsas dayağının SEPAH olduğu bildirilir. İnqilab Keşikçiləri Korpusu ilə qurduğu münasibətlər Müctəba Xameneini klassik ruhanidən daha çox təhlükəsizlik-elita modelinə yaxın fiqur kimi təqdim edir. Bu isə İranın gələcək siyasi kursunun daha mərkəzləşmiş və hərbi-siyasi təsir altında formalaşa biləcəyi barədə ehtimalları artırır.

Müctəba Xameneinin ali dini lider seçilməsi İranın idarəetmə modelində ailəvi elementin gücləndiyi barədə müzakirələri də aktuallaşdırıb. Formal olaraq ali lider seçki yolu ilə müəyyənləşdirilsə də, atadan oğula ötürülmə görüntüsü teokratik respublikanın mahiyyəti ilə bağlı suallar doğurur. Bu addım İranın siyasi sisteminin ideoloji əsasları və legitimlik mexanizmi baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. 

ef8a5400-08d5-4f94-8e6f-764b4edefa38.jpg

Yeni ali liderin xarici siyasətdə hansı xətti davam etdirəcəyi isə əsas suallardan biridir. Müctəba Xameneinin sərt təhlükəsizlik yanaşmasına üstünlük verəcəyi, SEPAH-ın regional siyasətdə rolunun daha da artacağı və Qərblə münasibətlərdə gərgin kursun davam edəcəyi ehtimal olunur.

Beləliklə, Müctəba Xameneinin ali dini lider postuna yüksəlməsi təkcə şəxsi varislik məsələsi deyil, İran İslam Respublikasının gələcək hakimiyyət modelinin və regional strategiyasının istiqamətini müəyyənləşdirə biləcək dönüş nöqtəsi kimi dəyərləndirilir.

Musavat.com bildirir ki, Xameneilər kökəncə azərbaycanlıdırlar, Təbrizə yaxın olan Xamnə kəndindəndirlər. Bu da o deməkdir ki, İranın hakimiyyət elitasında etnik balans dəyişmədi.

 

Musavat.com

Избранный
40
1
paytaxt.org

10Источники