RU

Müharibə Zəngəzura çatdı - “boz zona” olur?

Ermənistan qorxu içində

İranla müharibə Ermənistanda da ciddi narahatlıq doğurub. Erməni təhlilçilərin sözlərinə görə, genişmiqyaslı hərbi eskalasiya Ermənistan üçün də ciddi nəticələrə səbəb ola bilər. Əsasən, iki riskli ssenariyə işarə edilir: İrandan regiona qaçqın axını və bu vəziyyətdən sui-istifadə edərək, xüsusən də Sünikdə (Zəngəzurda) “təhlükəsiz zonalar” yaratmaq.

Eyni zamanda Ermənistan hökuməti əlavə risklərdən qaçaraq açıqlamalarında və hərəkətlərində son dərəcə ehtiyatlı olmalıdır.  Ekspertlər vurğulayır ki,  İrana qarşı müharibə bütün regionu yenidən formalaşdıra bilər, yeni təsir zonaları yarada bilər. Yaxın Şərqdə və Cənubi Qafqazda təsir uğrunda rəqabətin güclənə biləcəyi və bəzi ölkələrin mövqelərini gücləndirməyə cəhd edə biləcəyi gözləniləndir... Ermənistanın  təkcə hərbi deyil, həm də genişmiqyaslı iqtisadi və geosiyasi sarsıntılar təhlükəsi ilə üzləşə biləcəyi barədə də xəbərdarlıq edilir.  Ermənistanın regionda artan geosiyasi gərginlik fonunda narahatlığı  realist yanaşma kimi qiymətləndirilə bilər. Çünki  Ermənistan kimi kiçik və təhlükəsizlik baxımından həssas dövlətlər üçün böyük münaqişələr yalnız xarici təhlükə deyil, həm də daxili sabitlik sınağıdır. Xüsusilə İran ətrafında mümkün hərbi eskalasiya ssenarisi region ölkələrinin hamısını zəncirvari təsir altına sala bilər.

Qaçqın axını ilə bağlı ehtimal etdiyi ssenari nəzəri görünsə də, xüsusilə Azərbaycanın da maraq dairəsində olan Zəngəzur (Sünik) kimi strateji bölgələr ətrafında “təhlükəsiz zona” müzakirələrinin gündəmə gəlməsi ehtimalı tamamilə istisna deyil. Belə zonalar bəzən humanitar mexanizm kimi təqdim olunsa da, geosiyasi təsir alətinə çevrilmək riski daşıyır.

Xəyal

Xəyal Bəşirov

Politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, İran müharibəsinə görə qonşu dövlətlərin narahatlığı anlaşılandır: “Müharibənin genişlənməsi və uzanması hər an İrandan əhalinin sərhədlərə axışmasına və qonşu ölkələrə üz tutmasına gətirib çıxara bilər. Ermənistanın Zəngəzur ərazisinin İran müharibəsinin nəticəsində ABŞ tərəfindən ”boz zonaya" çevrilə biləcəyi barədə iddialara gəlincə, Ermənistan TRIPP layihəsinin iştirakçısı kimi Zəngəzur ərazisinin müəyyən hissəsini bu layihənin icra ediləcəyi ərazi olaraq ayırmağa borcludur. Söhbət məhz TRIPP layihəsinin əhatə dairəsi olan ərazidən keçirsə, ABŞ-nin həmin marşrutun təhlükəsizliyi üçün müəyyən addımlar atacağı gölzəniləndir. Lakin bu, heç də o demək deyil ki, ABŞ o ərazinin “boz zona” olmasını istəyir. ABŞ əraziyə investisiya yatırmaq istəyirsə, o halda həmin ərazi üçün istənilən potensial təhlükəni önləmək üçün addımlar atacaq. Hətta ərazini “boz zonaya” çevirmək bahasına olsa belə bunu edəcək. Amma hesab edirəm ki, məsələnin bu həddə çatmasına ehtiyac qalmayacaq" 

Medianın

Rövşən Məhərrəmov

Hərbi ekspert Rövşən Məhərrəmov bildirdi ki, İranla mümkün uzunmüddətli müharibə ssenarisi təkcə Yaxın Şərq deyil, Cənubi Qafqaz üçün də ciddi geosiyasi silkələnmə yarada bilər: “Ermənistanın cənubunda yerləşən tarixi Zəngəzur - indiki Sünik vilayəti bu baxımdan həssas nöqtədir. Bu ərazi Ermənistanın İranla yeganə quru sərhədidir, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəzərdə tutulan kommunikasiyaların potensial keçid zonasıdır, Türkiyə-Azərbaycan-Mərkəzi Asiya bağlantısı üçün kritik marşrut hesab olunur. Bu ərazi İran üçün Qafqaza çıxışın əsas qapısıdır. Bu səbəbdən burada hər hansı "boz zona" modeli regional güclərin hamısının maraqlarına toxunar. Geosiyasi termin olaraq “boz zona” rəsmi işğal və ya anneksiya deyil, amma real suveren nəzarətin zəiflədiyi, xarici hərbi, təhlükəsizlik və ya siyasi təsirin dominant olduğu ərazi deməkdir. Belə modellə adətən beynəlxalq mandat, sülhməramlı kontingent, humanitar müdaxilə, yaxud faktiki hərbi mövcudluqla formalaşır. ABŞ-nin Zəngəzuru “boz zona”ya çevirməsi praktik baxımdan çox çətindir. Ermənistanın razılığı olmadan mümkün deyil. Ermənistan NATO üzvü deyil. ABŞ-nin birbaşa hərbi yerləşməsi Ermənistan parlamenti və hökumətinin açıq razılığını tələb edəcək. Bu isə dərhal Rusiyanın və İranın reaksiyasına səbəb olar. Rusiya Cənubi Qafqazı öz təhlükəsizlik perimetri sayır. Hətta zəifləsə belə, ABŞ-nin Zəngəzurda-Sünikdə hərbi möhkəmlənməsini Moskva strateji təhlükə kimi qəbul edəcək. Bu bölgə “boz zona” adı ilə ABŞ-nin nəzarətinə keçərsə, İranın Qafqaz və Avropaya çıxışı ABŞ nəzarətində olan koridora bağlanmış olacaq".

Ekspertin fikrincə, Zəngəzurun “boz zona” olaraq ABŞ-nin nəzarətinə keçməsi bu ölkənin müəyyən maraqlarına cavab verə bilər: “Amerika bununla İranın şimal sərhədinə yaxın strateji mövqe əldə etmiş olar, Rusiyanın bölgədə təsirinin zəiflədilməsinə nail ola bilər, Çin və Şimal-Cənub nəqliyyat dəhlizinə nəzarət imkanları qazanar. Amma risklər də meydana gəlmiş olar. Çünki bu, ABŞ üçün yeni hərbi cəbhə açmaq deməkdir. ABŞ-nin hazırkı qlobal strategiyası  fonunda Zəngəzurda-Sünikdə açıq hərbi ”boz zona" modelini tətbiq etməsi prioritet görünmür. İran müharibəsi nəticəsində Ermənistana qaçqın axını olarsa bu zaman humanitar missiya adı altında beynəlxalq qüvvələrin bölgəyə müvəqqəti yerləşməsi ehtimalı nəzəri olaraq mümkündür".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Избранный
13
50
musavat.com

10Источники