RU

COP bütün tərəflərin fikirlərinin nəzərə alındığı qlobal platforma olmalıdır – ŞƏRH

Bakı, 4 mart, AZƏRTAC

Ötən gün Bakıda keçirilən Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının 12-ci iclasında Prezident Əliyev Azərbaycanın yaşıl gündəliyə münasibətini müəyyən edən mühüm bir fikir səsləndirdi: “Heç birimiz iqlim dəyişikliyinin fəsadlarını görmək istəmirik. Yeri gəlmişkən, burada Xəzər dənizinin ildən-ilə dayazlaşdığını görə bilərsiniz. Lakin, eyni zamanda, biz bu məsələyə ideologiya nöqteyi-nəzərindən deyil, praqmatizm, realizm nöqteyi-nəzərindən yanaşmalıyıq. Beləliklə, qazıntı yanacağının və bərpaolunan enerji mənbələrinin vəhdəti, xüsusilə də Azərbaycan kimi ölkələrin səylərinin yüksək qiymətləndirilməsi, - ölkənin öz qaz ehtiyatlarının 100 il üçün kifayət edə biləcəyi halda bərpaolunan enerji mənbələrinə milyardlarla sərmayə yatırması, - hesab edirəm ki, iş məhz belə aparılmalıdır”.

Bu qısa tezis böyük əhəmiyyət daşıyır. Məsələ ondadır ki, 2024-cü ilin əvvəlindən Azərbaycan COP29-a hazırlıqlara başladığı vaxtdan etibarən “yaşıl” icmada yaşıl gündəliyi ilk növbədə ideoloji və siyasi mübarizə kimi qəbul edən qüvvələr üstünlük təşkil edirdi. Onlar neft-qaz sektoru ilə bağlı hər hansı qeyd və ya vurğunu kəskin etirazla qarşılayır, Azərbaycan sədrliyinə davamlı təzyiqlər göstərməyə çalışırdılar.

Bu barədə AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, COP29-un iqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai bildirib.

“Lakin Azərbaycan Prezidentinin prinsipial mövqeyi sayəsində biz belə bir yanaşmanı qoruyub saxlaya bildik ki, COP konkret dövlətlərə və ya sənaye sahələrinə qarşı mübarizə meydanına çevrilməməlidir və COP bütün tərəflərin fikirlərinin nəzərə alındığı qlobal platforma olmalıdır. Bu, yalnız bəyanatlar və çıxışlarla deyil, həm də danışıqların bütün mərhələlərində Azərbaycanın dürüst və balanslı sədr kimi davranması, hər hansı xüsusi marağı deyil, ümumi konsensusun genişlənməsini əsas götürməsi ilə təmin edildi”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Nigar Arpadarai qeyd edib ki, hazırda COP prosesi xüsusilə ABŞ-ın prosesdən çıxması fonunda çətin bir dövr yaşayır: “Perspektivlər hələ də tam aydın deyil və mövcud şəraitdə ən düzgün yanaşma məhz ölkəmizin təklif etdiyi yanaşmadır: yaşıl gündəlik ideoloji qarşıdurma meydanı deyil, insanların və xalqların həyat keyfiyyətini yaxşılaşdırmağa xidmət edən bir alətdir. İnanıram ki, addım-addım dünya birliyi də bu yanaşmanı qəbul edəcək”.

Pərvanə Qafarova - müxbir

Избранный
139
1
azertag.az

2Источники