RU

​Azərbaycan Qadını: Tarixi irs və müasir perspektivlər




​Azərbaycan qadınının keçmişinə və bu gününə iki istiqamətdən — həm tarixi köklər, həm də gələcək perspektivlər baxımından nəzər salmaq lazımdır. Təhlil zamanı məlum olur ki, bu obraz tarixə söykənən güclü köklərə və müasir dövrün tələblərinə cavab verən intellektual azadlığa sahibdir.

​Tarixi irsimizdə Azərbaycan qadını necə olub?

​Tarixi dövrlərə nəzər salsaq, Azərbaycan qadını ailənin əsas sütunu olmaqla yanaşı, həm də cəmiyyətin idarəçisi və cəsur döyüşçüsü olmuşdur. Tomris xatundan tutmuş Sara xatuna qədər qadınlarımız dövlət idarəçiliyində lider, diplomatiyada isə söz sahibi kimi tanınmışlar.

​Azərbaycan qadını tarix boyu zərif ruha və dərin zəkaya sahib olmaqla bərabər, bir çox ilklərə imza atmışdır. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan təkcə Şərqdə deyil, dünyada qadın hüquqları məsələsində bir çox mühüm addımlar atan ilk ölkələrdəndir.

Qadın hüquqları xronologiyasına nəzər salsaq, aşağıdakıları qeyd edə bilərik:

​-1901-ci ildə Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi açıldı;
-​1908-ci ildə ilk dəfə Azərbaycan Qadın Xeyriyyə Cəmiyyəti təsis edildi;
-​1918-ci ildə Azərbaycanda qadınlara ilk dəfə seçki hüququ verildi;
-​1921-ci ildə Azərbaycanda qadınların savadlanması üçün Əli Bayramov adına qadın klubu fəaliyyətə başladı;
-2017-ci il fevralın 21-də Mehriban Əliyevanın ölkənin ikinci ən yüksək vəzifəsinə təyin edilməsi Azərbaycan qadınının savadına, idarəçilik qabiliyyətinə və zəkasına olan etimadın göstəricisi idi.

​Müharibə dövrlərində isə istər ön, istərsə də arxa cəbhədə Azərbaycan qadını hər zaman qəhrəmanlıq nümayiş etdirmiş, fədakar və mübariz olmuşdur.

Tarixi ilklərə imza atan simaları nəzərdən keçirsək, Həmidə xanım Cavanşirinin adını xüsusi qeyd etmək lazımdır. O, dövrünün əsl fədakar maarifçisi və ilk iş qadınlarından biri olmuşdur. Həmidə xanım öz vəsaiti hesabına qızlar və oğlanlar üçün birgə məktəb açmış, pambıqtəmizləmə zavodunu və kənd təsərrüfatı müəssisələrini idarə edən ilk azərbaycanlı qadınlardan biri kimi tarixə düşmüşdür.

Musiqi sahəsində Şərqin ilk opera bəstəkarı Şəfiqə Axundovanın adınıi fəxrlə qeyd etmək lazımdır.
Azərbaycanın mədəniyyət və beynəlxalq diplomatiya tarixinə adını yazdıran digər görkəmli sima isə Mehriban Əliyevadır. O, bir çox ilklərə imza ataraq 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə isə İSESCO-nun Xoşməramlı səfiri adına layiq görülmüş ilk azərbaycanlı xanımdır.

​Mehriban xanımın fəaliyyəti təkcə diplomatiya ilə məhdudlaşmır. Onun səyləri nəticəsində muğam sənəti UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. O, həmçinin 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarının və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə uğurla rəhbərlik etmişdir.

​Sosial sahədə də mühüm layihələrin müəllifi olan Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə müasir standartlara cavab verən ixtisaslaşmış tibb mərkəzləri yaradılmışdır. Bu baxımdan Talassemiya Mərkəzi xeyriyyəçilik və humanitar addımların ən uğurlu nümunələrindən biri kimi çıxış edir.

​Müasir Azərbaycan qadını necə olmalıdır?

​Zaman dəyişsə də, fundamental dəyərlər qorunur, lakin onlara XXI əsrin tələblərindən irəli gələn yeni çalarlar əlavə olunur. Müasir Azərbaycan xanımı aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

​-Rəqabətədavamlılıq: Bilikli, bacarıqlı və yaradıcı olmalı, peşəkar mühitdə öz sözünü deməyi bacarmalıdır.
​-Milli-mənəvi vəhdət: Tarixi köklərinə bağlı olmaqla yanaşı, müasir dünya görüşünə sahib olmalı, milli dəyərlərlə müasirliyin sintezini yaratmalıdır.
​-Hüquqi savadlılıq: İstər ailədaxilində, istərsə də iş mühitində öz hüquqlarını müdafiə etməyi bacarmalıdır.
​-Bələdçilik missiyası: Övladlarını vətənpərvər, azad düşüncəli və humanist ruhda tərbiyə edən bir yolgöstərən olmalıdır.

Ruhiyyə Mehdiyeva,

"Təhsilə Dəstək və Maarifləndirmə" ictimai birliyinin sədr müavini, fəlsəfə doktoru
Избранный
15
1
newscenter.az

2Источники