RU

Dövlət Agentliyi BSTA-ya rəsmi tərəfdaş üzv qismində qəbul edilib

Bakı, 4 mart, AZƏRTAC

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Beynəlxalq Sosial Təminat Assosiasiyasına (BSTA) rəsmi tərəfdaş üzv qismində qəbul olunub.

Bu barədə AZƏRTAC-a Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 10 illik fəaliyyəti dövründə agentliyin ilk dəfə beynəlxalq təşkilata üzv olması ölkəmizdə icbari tibbi sığorta modelinin beynəlxalq səviyyədə tanınmasının və etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir. Bu üzvlük agentliyə beynəlxalq sosial təminat gündəliyində daha fəal iştirak, qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi, eləcə də çoxtərəfli əməkdaşlıq platformalarında təmsilçilik imkanları yaradır.

BSTA çərçivəsində əməkdaşlıq Azərbaycanın icbari tibbi sığorta sahəsində əldə etdiyi nəticələrin beynəlxalq müstəvidə paylaşılmasına, eyni zamanda, digər ölkələrin oxşar çağırışlara dair tətbiq etdiyi mexanizmlərin öyrənilməsinə şərait yaradır.

Qeyd edək ki, agentlik, eyni zamanda, Beynəlxalq Sosial Sığorta Assosiasiyasının Texniki Komissiyalar üzrə Forumunda təmsil olunub. Agentliyin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev Səhiyyə üzrə Texniki Komissiyanın sədr müavini vəzifəsinə seçilib və sözügedən komissiyanın iclasında iştirak edib.

İclas zamanı 2026–2028-ci illəri əhatə edən fəaliyyət gündəliyi müzakirə edilib, profilaktik yanaşmaların gücləndirilməsi, rəqəmsal həllər vasitəsilə tibbi xidmətlərə çıxışın və keyfiyyətin artırılması, eləcə də tibbi xərclərin idarəolunması kimi prioritet istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

Beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, bilik və təcrübə mübadiləsinin inkişafı, sosial təminat sistemində davamlı innovativ yanaşmaların tətbiqi xüsusi əhəmiyyət daşıyır.

 

Избранный
3
4
azertag.az

5Источники