RU

İliç lampası - KÖŞƏ

21-ci əsrin əvvəllərindən bəri Avropa ölkələri bizim “İliç lampası” kimi tanıdığımız ənənəvi lampalara qarşı mübarizə aparır. Artıq bir çox ölkələrdə belə lampalar qadağan olunub. Səbəb kimi o göstərilir ki, belə közərmə lampalarına sərf olunan enerjinin cəmi 5 faizi işıqlandırma enerjisi yayır, qalan 95 faiz istilik enerjisi kimi itkiyə gedir. Bu isə israfçılıq kimi qiymətləndirilir. Elektrik enerjisinə qənaət etməyə üstünlük verən çağdaş dünya belə közərmə lampalarının əvəzinə halogen, fluoressent, qövslü və işıq diodlu elektrik lampalarının istehsalına, eləcə də istehlakına böyük üstünlük verir. Sevindirici haldı ki, uzun aradan sonra bu çağırışa Azərbaycan da qoşulub, bizim ölkədə də “İliç lampaları” satışdan yığışdırılır.

Azərbaycan futbolunda da belə qənaət gətirən islahatlara ehtiyac var. Başa düşməliyik ki, çağdaş dünya ilə ayaqlaşmaq istəyiriksə, qənəatcil davranmalı, müasir futbol elementlərinə üstünlük verməliyik. Xüsusən də illərdi futbola milyonlar xərcləyib, nəticə əldə edə bilmiriksə, dünyanı öz sehrində saxlayan top oyununa yanaşmamızı dəyişməliyik. Təəssüf ki, bizim futbolun əsas bəlalarından biri də yalnız öz cibini düşünən adamların söz sahibi olmasıdı. Həmin adamlar futbola idman kimi yox, zənginləşmək vasitəsi kimi baxır, hər cür yola əl atırlar ki, varlansınlar, öz sərvətlərini artırsınlar. Bunun üçün yerli mütəxəssislərə və futbolçulara arxa çevirməkdən, əcnəbilərə qucaq açmaqdan da çəkinmirik. Foqt, Prosineçki, Santuş, Yurçeviç, Lippert kimi əcnəbilər gəlir-gedir, özləri ilə milyonlarla avro aparırlar. Əvəzində futbolumuz heç nə qazanmır. Onlarla əlbir olanlar, belələrini Azərbaycan futboluna calayanlar da misilsiz sərvət toplayır, milyonçuya çevrilirlər.

Mən bu sətirləri bilgisayarın yaddaşına köçürməzdən az əvvəl “Sumqayıt” “Kəpəz”ə 0:3 hesabıyla məğlub oldu. Gəncə təmsilçisini gənc azərbaycanlı məşqçi Azər Bağırov çalışdırır. “Sumqayıt”ı isə serbiyalı Saşa İliç. Bağırovun “Kəpəz”i İliçin “Sumqayıt”ına əməlli-başlı futbol dərsi keçdi. “Sumqayıt” ötən həftə “Qəbələ” ilə oyunda da xal itirdi. “Qırmızı-qaralar” penaltidən yararlansaydı, o oyunda da məğlubiyyət qaçılmaz olacaqdı. İki tur əvvəl isə “Araz Naxçıvan” “Sumqayıt”ı Mərdəkandan qolsuz və xalsız yola salmışdı. Fevralda qələbəyə həsrət qalan “Sumqayır” yanvarın sonlarında “Karvan-Yevlax”ı məğlub edib. Yevlaxlıları da məğlub etməyən yoxdu. “Sumqayıt” “Karvan-Yevlax”dan da əvvəl dekabrın 9-da “İmişli”ni üstələməyi bacarmışdı. Deməli, serbiyalının rəhbərliyi altında “Sumqayıt” ayda bir dəfə qələbə qazanırmış, fevralda bunu da etmək mümkün olmadı.

O zaman Riad Rəfiyev bu Saşa İliçdə nə görüb? Serbiyalının hansı keyfiyyətləri Rəfiyevi özünə cəlb edir? Adamın “Sumqayıt”a gələnə qədər heç doğru-düzgün məşqçi fəaliyyəti də olmayıb. İliç “Sumqayıt”a nə uğur qazandırır, nə də yerli gənclərə meydan verib, onları inkişaf etdirən deyil. Bütün dünya “İliç lampaları”ndan imtina etdiyi kimi biz də yararsız əcnəbilərdən imtina etməliyik. Bunu edə bilmiriksə, deməli, bizə futbol yox, şəxsi maraqlar lazımdı. Daha doğrusu, futbola ayrılan milyonların hesabına varlanmaq. Bu gedişlə biz hələ futbolumuzun inkişafını çox gözləyəcəyik.

AMAL

Избранный
23
1
football-plus.az

2Источники