RU

İctimai nəqliyyatda güzəşt nə vaxt olacaq?

Xarici ölkələrin müsbət təcrübəsi nəzərə alınmaqla ictimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə münasibətdə güzəştlərin tətbiq olunması təklif edilir .

Bu, Milli Məclisin son  iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”ndə əksini tapıb.

Qeyd edək ki, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə jurnalistlərə açıqlamasında bu haqda danışıb.  

O bildirib ki, gələcəkdə TələbəPlus kartı vasitəsilə tələbələr üçün nəqliyyatda 10 faiz endirim nəzərdə tutulur. Onun sözlərinə görə, artıq 160 minə yaxın tələbə bu kartdan istifadə edir. Həmçinin qeyd olunub ki, müəllimlər hazırda müəyyən güzəşt imkanlarından yararlanırlar.

İctimai nəqliyyatda güzəştlərin tətbiqi ilə bağlı məsələ illərdir müzakirə edilsə də, hələ tam və konkret mexanizm formalaşmayıb.

Bəs bu təkliflər niyə illərdir tətbiq olunmur?

Mövzu ilə bağlı “Cebheinfo.az” –a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, güzəştlərin tətbiqi üçün ictimai nəqliyyatda vahid ödəmə sistemi qurulmalıdır:

“İctimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə və şagirdlərə güzəştlərin tətbiqi uzun illərdir müzakirə olunan və cəmiyyət tərəfindən müsbət qarşılanan məsələlərdən biridir. 

Lakin bu təşəbbüsün effektiv və davamlı şəkildə həyata keçirilməsi üçün ilk növbədə sistemli yanaşma tələb olunur. Güzəştlərin tətbiqi üçün ictimai nəqliyyatda vahid ödəmə sisteminin qurulması əsas şərtdir. 

Vahid elektron ödəniş mexanizmi həm sərnişin axınının dəqiq uçotunu aparmağa, həm də güzəştlərin ünvanlı və şəffaf şəkildə tətbiqinə imkan yarada bilər. 

Bu isə sui-istifadə hallarının qarşısını almaqla yanaşı, maliyyə yükünün düzgün hesablanmasına da şərait yaradar”.Onun sözlərinə görə, nəqliyyat sahəsində bir sıra yeniliklər aparılır:

“Hazırda ictimai nəqliyyatın avtobus seqmentində brutto müqavilə modelinə keçidlə bağlı işlərin aparılması və İctimai Nəqliyyat Fondunun yaradılması bu istiqamətdə atılan mühüm addımlar kimi qiymətləndirilir. 

Brutto müqavilə modeli daşıyıcıların gəlirini birbaşa sərnişin sayından asılı etmədən dövlət tərəfindən tənzimlənən mexanizm üzərindən formalaşdırmağa imkan verir. Bu isə sosial xarakterli güzəştlərin tətbiqini daha real edir”.

Ekspert qeyd edib ki, bu istiqamətdə işlər mərhələləli şəkildə aparılır:

“İctimai Nəqliyyat Fondun kifayət qədər vəsait toplanmalı, maliyyələşmə məsələsi həllini tapmalıdır. Eyni zamanda, gedişhaqqı diferensiallaşdırılmalıdır. 

İctimai nəqliyyatda müəyyyən qruplar üçün güzəştlərin tətbiqi istiqamətində müəyyən işlər planlaşdırılmalı və gözlənilməlidir. Bundan sonra isə müəyyən qrupların gedişhaqqına güzəştlərin edilməsi məsələsinə baxmaq olar”.

Избранный
250
cebheinfo.az

1Источники