RU

Rumıniya Fransanın “nüvə çətiri” təşəbbüsü üzrə müzakirələrə dəvət olunub

Buxarest, 4 mart, AZƏRTAC

Rumıniya Fransa tərəfindən Avropada nüvə çəkindiriciliyinin gücləndirilməsi ilə bağlı aparılacaq müzakirələrə dəvət edilib. AZƏRTAC Rumıniya mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Oana Tsoyu açıqlama verib.

Nazirin sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü Avropada nüvə çəkindiriciliyi sahəsində əməkdaşlığın genişləndirilməsi və maraqlı Avropa tərəfdaşları ilə daha sıx koordinasiyanın mümkünlüyünü araşdırmağı nəzərdə tutur.

Oana Tsoyu bildirib ki, Rumıniya bu mövzuda aparılacaq müzakirələrə dəvət edilən ölkələrdən biridir. Onun sözlərinə görə, bu məsələ ölkənin ali təhlükəsizlik orqanı olan Ali Milli Müdafiə Şurasında müzakirə edilməlidir və yekun mövqe dövlət rəhbərliyinin iştirakı ilə müəyyən olunacaq.

Nazir qeyd edib ki, Rumıniyanın təhlükəsizlik siyasətinin əsasını NATO çərçivəsində kollektiv müdafiə prinsipi təşkil edir. Bu baxımdan alyansın 5-ci maddəsi ölkənin və regionun təhlükəsizlik arxitekturasında əsas rol oynayır.

Eyni zamanda, Fransa Avropada təhlükəsizlik risklərinin artdığı şəraitdə öz nüvə arsenalının gücləndirilməsi və çəkindirici potensialının artırılması istiqamətində yeni strategiya hazırladığını açıqlayıb. Bu təşəbbüs Avropa ölkələri arasında müdafiə sahəsində daha sıx əməkdaşlığın formalaşdırılmasına yönəlib.

Qeyd edək ki, son illərdə beynəlxalq təhlükəsizlik mühitində baş verən dəyişikliklər Avropada müdafiə strategiyalarının yenidən nəzərdən keçirilməsinə səbəb olub və bu çərçivədə nüvə çəkindiriciliyi mövzusu Avropa siyasi gündəmində yenidən müzakirə edilir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Избранный
16
2
azertag.az

3Источники