RU

Fazil Mustafanın sözləri boşanmış anaları damğalaya bilər

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Milli Məclisin deputatı Fazil Mustafa parlamentin iclasında Ombudsmanın illik məruzəsinin müzakirəsi zamanı deyib ki, Azərbaycanda nikahlar və boşanmalarla bağlı vəziyyət ürəkaçan deyil. Acınacaqlı durum var, ötən ilin 9 ayı ərzində 40 min nikahdan 17 mini boşanma ilə nəticələnib. Dəhşətlisi budur ki, Bakı şəhərində qeydə alınmış nikahların 56 faizi boşanma ilə nəticələnib. 100 nəfər nikah bağlayan ailə varsa, bir il keçməmiş 56-sı boşanır. Bu, olduqca ciddi məsələdir. Bunun da bir qismində daha çox kişini ittiham edib, ağırlığı onun üzərinə qoyub, aliment kəsirlər. Bunun da sıxıntısını onlar çəkirlər. Bəzi qadınlar alimentə görə övlad dünyaya gətirib, boşanmaq istəyirlər.Məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında sosioloq Sevinc Qasımova deyib ki, bu cür ümumiləşdirilmiş yanaşmalar problemi izah etməkdən çox, stereotipləri gücləndirir:“Aliment məsələsi sosial müdafiə mexanizmidir, qazanc mənbəyi deyil. Azərbaycanda ödənilən aliment məbləğləri real həyat xərclərini nəzərə alsaq, bir uşağın bütün ehtiyaclarını qarşılamağa çox vaxt yetmir. Yəni kimsənin sırf buna görə ailə qurub uşaq dünyaya gətirməsi doğru yanaşma deyil. Boşanmaların səbəbləri daha dərindir. Maddi çətinliklər, zorakılıq halları, erkən və düşünülməmiş nikahlar, sosial təzyiqlər və s. Bunu sadəcə “aliment üçün planlaşdırılmış addım” kimi təqdim etmək ailə institutundakı real problemləri kölgədə qoyur. Belə açıqlamalar qadınlara qarşı ictimai qınağı artıra, boşanmış anaları damğalaya bilər. Halbuki statistik baxımdan uşağın əsas qayğı yükü əksər hallarda ananın üzərinə düşür”. O bildirib ki, reallıqda aliment çox vaxt gecikir, ya da ümumiyyətlə ödənilmir:“Əgər həqiqətən ailə institutunu qorumaq istəyiriksə, məsələni kimisə ittiham etmək üzərindən yox, real problemləri görmək üzərindən danışmalıyıq. Ailələr niyə dağılır, insanlar niyə xoşbəxt olmur, qadın və kişi hansı çətinliklərlə üzləşir əsas sual bunlardır. Aliment mövzusunu şübhə və ittiham prizmasından təqdim etmək əvəzinə, sağlam münasibətlərin qurulmasına, qarşılıqlı məsuliyyət hissinin güclənməsinə və sosial dəstəyin artırılmasına fokuslanmaq daha səmimi və faydalı olardı. Çünki ailəni güclü saxlayan qorxu və ya qınaq deyil, anlayış və ədalətdir”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
123
demokrat.az

1Источники