RU

Region yenidən “qan çanağı” na dönəcək? KONKRET

ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik fonunda beynəlxalq güclərin mövqeyi yenidən diqqət mərkəzinə çevrilib. Xüsusilə, İran ətrafında baş verən proseslər fonunda Rusiya və Çinin hansı addımları atacağı əsas müzakirə mövzusudur. Moskva və Pekin uzun illərdir Tehranla müxtəlif sahələrdə əməkdaşlıq etsə də, hazırkı mürəkkəb geosiyasi şərait onların açıq hərbi-siyasi dəstək verib-verməyəcəyi sualını aktuallaşdırır. Qlobal güclər arasında balans siyasətinin qorunduğu bir dövrdə bu iki ölkənin mümkün qərarları regiondakı qüvvələr nisbətinə birbaşa təsir edə bilər.

Bəs Rusiya və Çin mövcud vəziyyətdə İrana açıq şəkildə dəstək verməyə nə dərəcədə hazırdır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, hazırkı şəraitdə Rusiyanın İrana açıq dəstək verəcəyi inandırıcı görünmür.

“Rusiya özü Ukrayna müharibəsində ciddi problemlərlə üz-üzədir və həm silah, həm də hərbi ləvazimat baxımından çatışmazlıqlar yaşayır.

Moskva eyni zamanda ABŞ-la müəyyən dialoq mühitini qorumağa çalışır və bu mərhələdə Vaşinqtonla münasibətlərin daha da gərginləşməsində maraqlı deyil. Çünki Rusiya Ukrayna məsələsində ABŞ-la müəyyən razılaşmalar əldə etməyə çalışır. Bu baxımdan Ukrayna istiqaməti Moskva üçün İran məsələsindən daha prioritet sayılır.

Rusiya imkanları çərçivəsində İrana siyasi və diplomatik dəstək göstərə, müəyyən həcmdə hərbi yardım edə bilər. Lakin bu proseslərin daha çox gizli və ya yarımgizli şəkildə həyata keçirilməsi ehtimalı yüksəkdir”.

Çinin mövqeyinə gəlincə, siyasi şərhçi hesab edir ki, Pekin də açıq şəkildə İrana dəstək verməkdə maraqlı deyil.

“Müharibədən əvvəl Çinin İrana hava hücumundan müdafiə sistemləri və gəmi əleyhinə raket kompleksləri ötürdüyünə dair iddialar mövcuddur. Hazırda isə Çinin daha çox kəşfiyyat dəstəyi göstərdiyi ehtimal edilir.

Münaqişə uzunmüddətli mərhələyə keçəcəyi və ABŞ, eləcə də İsrailin İranla bağlı planlarını həyata keçirməkdə çətinlik çəkəcəyi halda, həm Çinin, həm də müəyyən qədər Rusiyanın dəstəyi intensivləşə bilər. Lakin bu dəstəyin açıq deyil, daha çox yarımgizli formatda göstəriləcəyi gözlənilir”.

Qasımov əlavə edib ki, hazırkı mərhələdə Çin də ABŞ-la kəskin qarşıdurmaya getmək niyyətində deyil və bu amil Pekinin davranışına birbaşa təsir göstərir.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
95
1
konkret.az

2Источники