RU

Neftin bahalaşması da Rusiyanı xilas etmir Büdcə kəsiri dəfələrlə arta bilər

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

ABŞ və İsrailin İrana hücumlarından sonra qlobal neft qiymətləri artaraq 2024-cü ilin iyul ayından bəri ən yüksək səviyyəyə çatıb. Lakin bu artım hələ də Rusiya büdcəsini balanslaşdırmaq üçün kifayət deyil.

“AzPolitika” xəbər verir ki, “Reuters”-də dərc edilən məqalədə belə deyilir.

Yazıda qeyd olunur ki, Rusiya hazırda böyük büdcə kəsiri ilə yaşayır və bu kəsir büdcə gəlirlərinin təxminən dörddə birini təşkil edən neft və qazdan əldə edilən gəlirlərin azalması səbəbindən artır. Neft qiymətləri bir barel üçün 86 dollara çatsa da, Rusiya nefti endirimlə satılır və bu da büdcə problemlərini ağırlaşdırır.

“Reuters” hesablamalarına görə, fevral ayında orta endirim bir barel üçün 26,50 dollar olub. Rusiya nefti əsasən Ukraynadakı müharibəyə görə Qərbin sanksiyaları, xüsusən də qiymət məhdudiyyəti mexanizmi vasitəsilə endirimlə satılır. 1 fevralda Avropa Birliyi Moskvanın neft gəlirlərini məhdudlaşdırmaq üçün qiymət məhdudiyyətini bir barel üçün 44,10 dollara endirib. Rusiyanın müharibə xərcləri isə bunun fonunda durmadan artır.

Agentliyin hesablamalarına görə, büdcə hədəflərinə çatmaq üçün Rusiyanın Urals markalı xam neftinin qiyməti 2 mart tarixindəki 46,13 dollar səviyyəsindən azı 50% artmalıdır. Lakin bu, yaxın zamanda real görünmür.

Rusiya Federasiyasının 2026-cı il büdcəsində neftin orta qiyməti 5440 rubl (təxminən 59 dollar) və rublun məzənnəsi 92,2 rubl/dollar proqnozlaşdırılır. Eyni zamanda, neft qiymətlərinin sabit qalması şərtilə, büdcəni balanslaşdırmaq üçün dollar hazırkı 77,65 rubl səviyyəsindən təxminən 117,5 rubl səviyyəsinə qədər zəifləməlidir. Lakin Rusiya Mərkəzi Bankı sədrinin müşaviri Kirill Tremasov bildirib ki, tənzimləyici orqan rublun kəskin şəkildə ucuzlaşmasını gözləmir və neft qiymətlərinin hazırkı artımı qısamüddətli ola bilər. O əlavə edib ki, hökumət qarşıdakı həftələrdə və ya aylarda dalğalanmalara deyil, uzunmüddətli proqnoza diqqət yetirir.

Məsələ ondadır ki, qiymətlər artsa belə, Rusiya neft hasilatını artıra bilmir. Buna fiziki imkanları çatmır. Sanksiyalar və qiymət məhdudiyyəti isə Rusiya neftini istənilən qədər baha satmağa imkan vermir. Üstəlik, bazardakı hazırkı qiymət artımı gözlənilən qədər yüksək deyil və onun nə qədər davamlı olacağı da sual altındadır.

“Reuters”-in hesablamalarına görə, ilin sonuna qədər neft satışlarının azalması və daha dərin qiymət endirimləri səbəbindən Rusiyanın büdcə kəsiri üç dəfə arta, xərclər isə planlaşdırılan rəqəmləri aşa bilər.

Sonda deyilir ki, bu ilin büdcəsində neft və qaz satışından 8,92 trilyon rubl gəlir proqnozlaşdırılır, lakin hazırkı gəlir artımı tempi hədəfdən xeyli geri qalır.

C.Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
42
azpolitika.info

1Источники