RU

Rusiya Ukrayna qatarlarını “ovlayır”. Martın əvvəlindən dəmir yoluna 18 zərbə endirilib

Kiyev, 4 mart, AZƏRTAC

Rusiya Ukraynanın dəmir yolu infrastrukturuna hücumları gücləndirib, əsas hədəflər arasında qatarlar da var. Martın ilk günlərində artıq 41 obyekt zərbələrə məruz qalıb.

AZƏRTAC “Ukrinform”a istinadla xəbər verir ki, sutkada orta hesabla altı zərbə olmaqla, martın əvvəlindən artıq 18 zərbə qeydə alınıb. “Bunun üçün Rusiya pilotsuz uçuş aparatlarından və FPV-dronlardan istifadə edir”, – deyə məlumatda bildirilir.

Əsas hədəflər arasında qatar və vaqonlar da var: 17 vahidin zədələndiyi qeydə alınıb.

Bu gün səhər Nikolayevdə pilotsuz uçuş aparatı sərnişin vaqonuna hücum edib. “Ukrzaliznıtsi”nin monitorinq qrupu pilotsuz aparatı havada vaxtında qeydə alıb və dərhal insanları təxliyə edib. Ölən yoxdur, qatarların müşahidəçisi yaralanıb”, – deyə məlumatda qeyd olunur.

Bundan əlavə, lokomotivlər, yük vaqonları və infrastrukturun təmiri üçün istifadə olunan ixtisaslaşmış texnika da zərbələrə məruz qalır. Bu ay Rusiya dəmir yolu depolarına və körpülərə hücum edib. Cəbhə xəttinin yaxınlığındakı ərazilər daha çox atəşə tutulur.

“Monitorinq qrupu hərbçilərlə birlikdə qatarların hərəkət marşrutları üzrə hava məkanını izləməkdə davam edir. Təhlükə aşkar ediləcəyi halda dəmir yolu əməkdaşları qatarların hərəkət marşrutunu dəyişir, sərnişinləri operativ şəkildə təxliyə edir və digər təhlükəsizlik tədbirləri görürlər”, – deyə məlumatda vurğulanır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Избранный
18
2
azertag.az

3Источники