RU

İranda Xameneinin postu uğrunda mübarizə: Namizədlər kimlərdir? FOTO

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

İranın Ekspertlər Şurasının öldürülən ali rəhbər Əli Xameneinin yerinə oğlu Müctəba Xameneini varis seçdiyi ilə bağlı məlumatlar yayılıb. Maraqlıdır ki, məlumatı "Iran International" yayıb və bu media qurumu Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərir. 2017-ci ildə qurulan kanal İran rejiminə müxalif olduğu üçün hökumət tərəfindən "terror təşkilatı" kimi tanınıb. Bu baxımdan, məlumatın qeyri-rəsmi olduğu məlumdur və özünü "İranın ən birinci müstəqil xəbər agentliyi" adlandıran "Fars" agentliyi daha etibarlı mənbədir. Əsası 2003-cü ildə qoyulan və İranın "yarımrəsmi" xəbər agentliyi olaraq qiymətləndirilən agentlik yeni ali liderin seçilməsinin martın 6-dan sonra baş tuta biləcəyini bildirib. Bu isə ali post istiqamətində mübarizənin hələ də davam etdiyini göstərir. Bəs sözügedən vəzifə uğrunda neçə namizəd mübarizə aparır və onların hansının hakimiyyətə gəlməsi daha realdır?

Oxu.Az mümkün namizədlər barədə məlumatları təqdim edir.

Əlirza Ərafi

Əlirza Ərafi iranlı ruhani və siyasətçidir. O, 2019-cu ildən Keşikçilər Şurasının, 2022-ci ildən isə Ekspertlər Məclisinin üzvüdür. Əli Xameneinin ölümündən sonra o, Prezident Məsud Pezeşkian və Məhkəmə Hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhsəni Ejei ilə birlikdə vilayəti-fəqih məqamının vəzifələrini müvəqqəti olaraq birlikdə idarə edəcək.

O, 2016-cı ildən İranda dini təlimlərə rəhbərlik edib və 2015-ci ildən Qumda cümə namazının imamıdır. Həmçinin 2008-ci ildən 2018-ci ilə qədər Əl-Mustafa Beynəlxalq Universitetinin rektoru vəzifəsində çalışıb. Yəni Əlirza Ərafi Qum Elmi Hövzəsinə mənsubdur və bu mərkəzin İran hakimiyyətinə təsirləri, onun siyasi xəttinin formalaşmasındakı rolu böyükdür. Xüsusilə 1979-cu il İslam İnqilabının formalaşmasında, şiə dünyasında ideoloji rəhbərliyin Nəcəfdən Quma keçməsində və Müqavimət Cəbhəsinin qurulmasında mərkəzi rol oynayan ən böyük təhsil və dini mərkəzdir.

Qum Elmi Hövzəsi İranın idarəetmə strukturunun ideoloji əsasını təşkil edir, ali rəhbərlik (vilayəti-fəqih) institutu ilə sıx bağlıdır, İslam İnqilabının intellektual və kadr bazası rolunu oynayıb və Nəcəf hövzəsi ilə rəqabət şəraitində, xüsusilə son dövrlərdə dünyada şiə təlimlərinin yayılmasında əsas mərkəzə çevrilib. Həmçinin Livan "Hizbullah"ı kimi Müqavimət Cəbhəsi qruplarının formalaşmasında və mədəni-ictimai istiqamətləndirilməsində böyük təsirə malikdir. Bu isə İranda "dövlət içində dövlət" olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) güc balansının bölüşdürülməsi baxımından əks qütbdədir. Çünki hər iki tərəf nəzarətin birbaşa özündə olmasını istəyir. Biri dini, digəri isə hərbi gücdür. Əsas namizədlərdən Əli Xameneinin oğlu və varisi Müctəba Xamenei də SEPAH tərəfindən dəstəklənir.

Seyid Haşim Hüseyin Buşehri

O, hazırda Ekspertlər Məclisinin sədr müavini vəzifəsini icra edir. Buşehri də Ərafi kimi Qum Elmi Hövzəsinin İdarə Heyətində əsas fiqurdur. Düzdür, o, çox da tanınmış deyil və mübahisəli məsələlərdən uzaqdır. O, "qurumlararası balans" yaratdığı üçün radikal və mötədil fraksiyalar arasında çıxılmaz vəziyyət yarananda hərəkətə keçir. Bu baxımdan, analoji problemin yaranması onun da vəzifə yoluna "yaşıl işıq" yandıra bilər.

Həsən Xomeyni

Həsən Xomeyni İran İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin nəvəsidir və ölkənin ali liderinin müəyyənləşdirilməsinin növbəti prosesində əsas fiqurlardan biri sayılır. O, İranın ruhani elitasında nisbətən mülayim bir şəxs hesab olunur. Onun keçmiş prezidentlər Məhəmməd Xatəmi və Həsən Ruhani ilə yaxın münasibətləri də var. Hər iki islahatçı siyasətçi hakimiyyətdə olduğu müddətdə Qərblə dialoq siyasəti yürüdüb.

Maraqlıdır ki, Həsən Xomeyninin Tehranda babasının məqbərəsinin keşikçisi kimi simvolik, lakin əhəmiyyətli sayılan bir vəzifəsi var. Bu baxımdan, o, Əli Xameneinin hakimiyyəti dövründə güclənən sərt xətt tərəfdarlarına, xüsusən də Xameneinin oğlu Müctəbaya alternativ hesab olunur.

Digər maraqlı məqam isə Xomeyni ilə Xamenei arasındakı rəqabətdir. Çünki iki simvolik soyadın daşıyıcıları həm də ölkənin gələcək taleyini müəyyən edəcəklər. Xüsusən də İranda müqavimətin gücləndiyi vaxtda, xalqı dövlətin və hakimiyyətin ətrafında sıx birləşdirmək üçün iki şəxsin soyadı əhəmiyyət kəsb edir.

Qeyd etmək yerinə düşər ki, Xomeyni 1979-cu ildə hakimiyyətə gələndə İranın ikinci prezidenti Əli Əkbər Haşimi Rəfsəncani onun sağ əlinə çevrilmişdi. Xameneidən sonra isə prezident seçilmişdi. Maraqlıdır ki, ali rəhbər onun seçiləcəyi gözlənilsə də, bəzi mənbələr sırf soyad oxşarlığına görə Xomeyninin Xameneini varisi elan etdiyini və bu şəkildə xalqı rejimin ətrafında birləşdirməyin mühüm addım olduğunu bildiriblər. Bu baxımdan, Xomeyninin də şanslarının Xamenei qədər olduğu sirr deyil. Bununla yanaşı, Həsən Xomeyninin də SEPAH ilə yaxşı münasibətlərinin olduğu bildirilir.

Həsən Ruhani

İran siyasətçisi, ruhani, hüquqşünas və İranın yeddinci prezidentidir. Mötədil və praqmatik lider olan Ruhani 2013-cü il prezident seçkisində səslərin 50%-dən çoxunu qazanaraq dövlət başçısı olub. Həsən Ruhani siyasi fəaliyyətinə İran islam hərəkatının başlanğıcında başlayıb. O, 1965-ci ildə İran ərazisini gəzərək Məhəmməd Rza Pəhləvi hökumətinə qarşı çıxışlar edib. Həmin illərdə dəfələrlə həbs olunub və ona ictimai çıxışlar etmək qadağan olunub. İran İslam İnqilabından sonra o, yeni yaranmaqda olan İslam Respublikasının sabitliyini təmin etmək üçün ilk olaraq İran ordusunu və hərbi bazalarını təşkil edib. Ruhani 1980-ci ildə İran parlamentində təmsil olunmağa başlayıb və bu fəaliyyət 20 il davam edib.

Müctəba Xamenei

Müctəba Xamenei mərhum Əli Xameneinin oğludur. O, təhsilinə 1999-cu ildə Qumda ruhani olmaq məqsədilə başlayıb. Müctəba Xameneinin atası üzərində güclü təsirə malik olduğuna və potensial varis hesab edildiyinə inanılırdı. O, atasının yaxın çevrəsindəki ən güclü şəxslərdən birinə çevrilərək siyasi təsirini möhkəmləndirib. Oğul Xamenei həm İnqilab Keşikçiləri, həm də kəşfiyyat orqanları ilə dərin əlaqələr qurub. Ekspertlər tərəfindən, xüsusən də 2024-cü ildə keçmiş prezident İbrahim Rəisinin helikopter qəzasında ölümündən sonra atasının varisi kimi göstərilib.

Əli Ərdəşir Amuli Laricani

2005-ci ildən 2007-ci ilə qədər İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi olub. Şurada keçmiş ali rəhbər Əli Xameneinin nümayəndəsi olub. 2008-14-cü illər arasında Laricani İslam Şurası Məclisinin üç dəfə sədri seçilib. O, əsasən, milli təhlükəsizlik məsələləri, o cümlədən İranın nüvə proqramı üzrə danışıqlara cavabdeh olub. Laricani 2005-ci ildə keçirilən prezident seçkisində mübarizə aparıb, lakin yeddi namizəd arasında altıncı pillədə qərarlaşıb.

Laricani, həmçinin 1980-ci illərdə SEPAH-a rəhbərlik edib. Haşimi Rəfsəncaninin prezidentliyi dövründə o, mədəniyyət və islami irşad naziri vəzifəsində işləyib. 2005-2007-ci illər arasında İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi kimi o, İranın nüvə proqramı üzrə aparılan danışıqlar prosesində əsas iştirakçılardan biri olub. 2024-cü ildə prezident seçkisində namizəd kimi qeydə alınsa da, İranın Müşahidə Şurası tərəfindən təsdiqlənməyib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
oxu.az

1Источники