RU

Ölkəmizin mövqeyi qlobal enerji ailəsini bir araya gətirir

ain.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Ölkəmizin reallaşdırdığı layihələr dünyanın təhlükəsizlik sisteminin daha etibarlı şəkildə təmin olunması istiqamətində yeni imkanlar açır. Prezident İlham Əliyevin enerji siyasəti Azərbaycanın dünyadakı önəmini artıraraq, dünya enerji təhlükəsizliyində əhəmiyyətli regional oyunçuya çevirib. Martın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları Azərbaycanın regional və qlobal enerji bazarlarında artan rolunu bir daha nümayiş etdirir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Azərbaycanın enerji strategiyası qlobal müstəvidə böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin sözügedən iclaslarda iştirak etməsi və çıxışı qlobal enerji ailəsinə böyük bir ehtiramın, hörmətin nümunəsi kimi qarşılanmaqla, tədbirin xüsusi yüksək statusunu artırır. Hər iki tədbirə Azərbaycan və Avropa daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər. Bu fakt dünyanın enerji sənayesi sahəsində mövcud reallıqların müzakirəsində Bakının mərkəzi coğrafiya olmasını təsdiqləyir.

Azərbaycan hazırda neft resursları ilə yanaşı, qaz tədarükü sayəsində Avropanın və digər region ölkələrinin etibarlı tərəfdaşına çevrilib. Cənub Qaz Dəhlizi layihəsi isə Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biridir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən bu layihə ölkəmizin dünya ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynamasını təmin edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Məşvərət Şurası çoxtərəfli əməkdaşlığın uğurlu nümunəsinə çevrilib. Bu gün dünyada gedən siyasi-iqtisadi proseslər yeni çağırışları aktuallaşdırır. Bu çağırışların əsasında isə əməkdaşlıq və yeni enerji layihələri dayanır. Statistik rəqəmlərə nəzər yetirsək görərik ki, Azərbaycanın beynəlxalq bazara, əsasən də Avropa bazarına qaz ixracında böyük irəliləyişlərə nail olunub.

Prezident İlham Əliyev mərasımdə çıxışı zamanı hazırda Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayının 16-ya çatdığını bəyan edib. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir. Cənab Prezident vurğulayıb: “Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik. Artıq Avropanın daha iki ölkəsinə - Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur. Lakin bunun üçün şübhəsiz ki, ötən dəfə də qeyd etdiyimiz kimi, mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsi üzərində düşünməliyik”.

Yeri gəlmişkən, açılış sessiyasından sonra toplantı Nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizində davamlı uğur və yeni inkişaf mərhələsi” və “Yaşıl enerji layihələri” üzrə plenar sessiyalarla davam edib. Bu və digər tədbirlərdə müvafiq dövlət qurumlarının və müxtəlif ölkələrin nümayəndələri, enerji sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətlərin rəhbərləri, eləcə də tanınmış biznes icmasının bir araya gələrək səmərəli görüşlər keçirməsi, faydalı müzakirələr aparması əməkdaşlığın yeni yollarının müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan neft-qazla yanaşı alternativ enerji siyasətini də genişləndirir. “Yaşıl enerji” ailəsinin üzvlərinin iclasda təmsil olunması Azərbaycanın bərpa olunan enerji sektoruna marağı əks etdirməklə, yeni layihələrə yol açır. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ), Səudiyyə Ərəbistanı, Çin, Türkiyə və digər ölkələrin sənaye və qabaqcıl texnologiyalar üzrə tanınmış şirkətlərilə əməkdaşlıq “yaşıl enerji”nin aktual və gündəmdə ön plana çıxaraq yeni beynəlxalq platformaya çevrildiyini göstərir. Ölkəmiz “yaşıl enerji” sahəsində böyük potensiala malikdir. “Yaşıl enerji”nin yeni trayektoriyası olan işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun ekosisteminin bərpası da nikbin perspektiv vəd edir. Mövcud dəyərləndirmələrə əsasən, Qarabağ və Şərqi-Zəngəzurda hidroenerji, külək və günəş enerjisi, termal su mənbələrinin həcmi ölkə üzrə resursların təxminən 30-40 faizini təşkil edir. Həmin iqtisadi rayonlarda enerji gücünün həcmləri 7200 MVt-dan artıq qiymətləndirilir. Bütövlükdə, Azərbaycan alternativ enerji siyasətini gücləndirir, “Yaşıl enerji”yə böyük önəm verir. COP29-un ölkəmizdə keçirilməsi də bunun təsdiqi oldu.

“Beləliklə, ölkəmizin mövqeyi qlobal enerji ailəsini bir araya gətirir. Bunun nəticəsində də enerjinin şaxələnməsi, “təmiz enerji” və “yaşıl hidrogen” təşəbbüslərini genişlənməsi istiqamətində addımlar atılır. Hazırda Cənubi Qafqaz ilə Avropa İttifaqı arasında yaşıl enerji dəhlizinin inkişafı prioritet məsələlərdən biridir. Bu sahədə müxtəlif ideyalar, marşrutlar və razılaşmalar mövcuddur. Bundan sonra isə əsas vəzifə həmin perspektivli layihələri həyata keçirməkdir. İnanırıq ki, Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində bu layihələr də reallığa çevriləcək”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
31
sesqazeti.az

1Источники