RU

Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyini təmin edən "onurğa sütunudur"

Bir gün əvvəl Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası son iki ildə danışdıqlarımızı qəti şəkildə təsdiqlədi.

Azərbaycan artıq adi etibarlı təchizatçı deyil. Bu gün Bakı köhnə enerji marşrutlarının dünyanın müxtəlif yerlərində sarsıldığı bir vaxtda Avrasiyanın enerji xəritəsini faktiki olaraq yenidən formalaşdıran geosiyasi memardır.

BAKU.WS xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Sütçü İmam Universitetinin professoru, politoloq Toğrul İsmayıl söyləyib.

Əvəzolunmazlığın geosiyasi əhəmiyyəti

"Xəritəyə baxsaq görərik ki, Şərqi Avropada ənənəvi marşrutlar müharibə alovunun içindədir, Qırmızı dənizdən keçən dəniz yolları isə raket hücumlarının hədəfinə çevrilib. Belə bir şəraitdə Azərbaycan etibarlılıq təklif edir", – deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, Ukraynada və Yaxın Şərqdə baş verən münaqişələr riskləri kəskin artırıb. "Əgər əvvəllər Cənub Qaz Dəhlizi Brüsseldə əlavə variant kimi qəbul olunurdusa, bu gün Cənub-Şərqi Avropa üçün alternativi olmayan sığorta rolunu oynayır. Söhbət yalnız qazdan getmir. BƏƏ-nin ADNOC kimi iri şirkətinin Məşvərət Şurasında iştirakı Cənub Qaz Dəhlizini qlobal investisiya mərkəzinə çevirir. Burada körfəz ölkələrinin maraqları Avropa İttifaqının Xəzər sahillərindəki enerji tələbatları ilə üst-üstə düşür", – deyə agentliyin həmsöhbəti bildirib.

Avropanın yeganə "sakit limanı"

Cənub Qaz Dəhlizini Balkanlar və Mərkəzi Avropa üçün yeganə sabit marşrut hesab etmək olarmı? Rəqəmlər və faktlar bu sualın cavabının müsbət olduğunu göstərir.

Ekspert bildirib ki, Azərbaycanı Bolqarıstan, Macarıstan və Slovakiya ilə birləşdirən "Şaquli dəhliz" bu ölkələri faktiki olaraq sənaye böhranından qoruyur. "Tarixən qitənin əsas enerji arteriyası sayılan qaz nəqli sistemi olan Ukrayna da indi Cənub Qaz Dəhlizinə qaz anbarlarını doldurmaq və revers tədarükləri vasitəsilə tranzit ölkə statusunu qorumaq imkanı kimi baxır", – deyə o vurğulayıb.

T.İsmayıl bildirib ki, Bakı iqtisadi faydanın çoxvektorlu diplomatiya ilə qorunduğu unikal ekosistem formalaşdırmağa nail olub. Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi artıq təkcə yeraltı boru kəmərləri deyil, həm də təhlükəsizlik kəməridir.

"Mavi"dən "yaşıl"a

"Dünən səslənən ən mühüm mesajlardan biri budur ki, Cənub Qaz Dəhlizi yeni mərhələyə qədəm qoyur. Biz "Yaşıl Cənub dəhlizi" dövrünə daxil oluruq. Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi fantastika deyil. Bu, Prezident İlham Əliyevin Azərbaycanı bərpa olunan enerji ixracatçısına çevirmək strategiyasının məntiqi davamıdır.

Nəticədə dünya güclərinin sərhədlər üzərində mübahisə etdiyi bir vaxtda Bakı yeni enerji körpüləri qurur. Cənub Qaz Dəhlizi ən azı əsrin ortalarınadək Avropanın enerji təhlükəsizliyinin arxayın olduğu həmin "onurğa sütunu" olaraq qalacaq", – deyə professor bildirib.

Избранный
4
2
far.az

3Источники