RU

"Qarabağ"dan çempionluğu qoparmaq istəyən "Sabah"da ilk ciddi PROBLEM

Premyer Liqada amansız çempionluq mübarizəsi "Qarabağ" və "Sabah" arasında davam edir.

Son çempionun son dönəmlərdəki ağır qrafikindən çox danışılıb, çox yazılıb.

Həqiqətən, Qurban Qurbanovun komandası Çempionlar Liqasında uzun marafon qət etməsi, Azərbaycan çempionatı və ölkə kubokunda mübarizəni davam etdirməsi çempionluq yolunda ciddi zərbələr almasına yol açdı.

"Sabah" da bənzər durumla üz-üzədir.

"Tələblər" 13 gündə 4 görüşə çıxacaq.

Martın biri "Qarabağ"ın qonağı olan Masazır klubu 5 mart ölkə kubokunun 1/4 final mərhələsinin cavab görüşündə "Qəbələ"nin qonağı olacaq.

Ağdam klubu ilə 3:3 hesablı bərabərliklə bitən görüş kollektivin az gücünü almadı.

Bölgə klubu ilə ilk matçın qolsuz bərabərliklə bitməsi isə cavab görüşünə daha çox güc sərf etməyi məqbul edir.

Özü də səfərdə.

Kubokun son qalibi titulu qorumaq istəyirsə, geniş rotasiya imkanları məhduddur.

5 gün sonra "Qəbələ"ni bu dəfə liqa çərçivəsində evində qonaq edəcək Bakı klubu ardınca 4 gün sonra "İmişli" səfərinə yollanacaq.

Aran təmsilçisinin ev oyunlarını keçirdiyi Quba Olimpiya Kompleksinin meydançasının dillər əzbəri olan durumu yorğun "Sabah"a problem yarada bilər.

Valdas Dambrauskas mövsümdə ilk dəfə bu şərtlər altında komandasını oyunlara hazırlamalı olacaq.

Düzdü, "Qarabağ"ın Avropa səfərlərini, böyük klublarla oyunlarını nəzərə alsaq Qurbanov daha ağır qrafikdə çıxış etdiyi aydındır.

Amma təcrübəsiz "Sabah" üçün də yuxarıdakı intervalda görüşlərə hazırlaşmaq çempionluq yolunda ciddi çətinliklər yarada bilər.

Hətta bu dövrü necə arxada qoyacağı mövsümün yekun nəticələrində həlledici rol ala bilər.

XANOĞLAN İMANOV / SPORTİNFO.AZ

Избранный
28
sportinfo.az

1Источники