RU

“Biz adətən, bir dövlət kimi hərəkət edirik” - Türkiyə səfirindən önəmli bəyanat

UID Azərbaycan (Uluslararası Demokratlar Birliyi) tərəfindən “Birlik və Qardaşlıq” adlı ənənəvi iftar proqramı təşkil olunub. Musavat.com-un məlumatına görə, artıq ənənə halını alan və sayca 4-cü dəfə keçirilən proqramda Azərbaycan və Türkiyədən rəsmi şəxslər, şəhid ailələrinin üzvləri, ictimai təşkilat rəhbərləri və müxtəlif sahələrdən olan qonaqlar, dövlət və ictimai qurumların nümayəndələri, diplomatik korpus təmsilçiləri, millət vəkilləri, ictimai-siyasi xadimlər və müxtəlif sahələri təmsil edən 1000-ə yaxın şəxs iştirak edib. Tədbir Quran tilavəti və Azanın səsləndirilməsi ilə başlayıb. Daha sonra proqramın rəsmi açılış mərasimi keçirilib.

Açılış nitqi ilə çıxış edən UID Azərbaycan rəhbəri Cengiz Aygör qonaqları salamlayaraq tədbirin məqsədindən və əhəmiyyətindən danışıb. O qeyd edib ki, “Birlik və Qardaşlıq” iftar proqramı yalnız Ramazan ayının mənəvi dəyərlərini bölüşmək deyil, eyni zamanda Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verən mühüm platformadır. “UID Azərbaycan” nümayəndəliyinin rəhbəri qurumun fəaliyyətindən danışaraq, təşkilatın beynəlxalq miqyasda fəal rol oynadığını Azərbaycan–Türkiyə münasibətlərinin möhkəmləndirilməsi, qardaşlıq əlaqələrinin dərinləşdirilməsi və ortaq dəyərlərin təşviqi üçün davamlı layihələr həyata keçirdiyini vurğulayıb.

Tədbirdə iştirak edən UID Baş Ofisinin sədr müavini Mehmet Akkoç çıxışında Uluslararası Demokratlar Birliyinin fəaliyyət istiqamətləri və beynəlxalq səviyyədə həyata keçirdiyi layihələr haqqında məlumat verib, belə görüşlərin ölkələr arasında sosial və mədəni bağların gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Türkiyə - Azərbaycan Dostluq Qrupunun sədri, TBMM-nin İstanbul millət vəkili Şamil Ayrım iki qardaş ölkə arasında mövcud olan strateji münasibətlərin əhəmiyyətinə toxunaraq bu kimi tədbirlərin xalqlar arasında birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət etdiyini bildirib. Ş.Ayrım Azərbaycan və Türkiyə prezidentlərinin “Bir millət, iki dövlət” naminə yürütdüyü uğurlu siyasətdən bəhs edib. Qarabağın işğaldan azad edilməsindən qürurla danışan millət vəkili Xocalı soyqırımı qurbanlarının və bütün türk şəhidlərinin xatirəsinə yüksək etimadını ifadə edib.

Tədbirdə çıxış edən Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Prof. Dr. Birol Akgün isə Ramazan ayının mənəvi dəyərlərindən danışaraq, bu müqəddəs ayın insanları bir araya gətirən, paylaşma və həmrəylik ruhunu gücləndirən xüsusi bir dövr olduğunu qeyd edib: “Keçən il Cumhurbaşqanımız Azərbaycana dörd dəfə səfər etdi. Azərbaycan Prezidenti Türkiyəyə üç dəfə səfər etdi. Beynəlxalq platforalarda çoxsaylı görüşlər keçirilib. Həftə olmur ki, biz burda yüksək səviyyəli heyətlərimizi arşılamayaq. Eyni şəkildə Azərbaycandan Türkiyəyə yüksək səviyyəli səfərlər həyata keçirilir. “Bir millət, iki dövlət”ik, amma mühüm məsələlərdə biz adətən, bir dövlət kimi hərəkət edirik”. Səfir qeyd etdi ki, Azərbaycan və Türkiyənin birlik və bərabərliyi eyni zamanda Türk Dövlətləri Təşkilatında təmsil olunan Orta Asiyadakı türk qardaşlarımızın da birliyi və bərabərliyi üçün platforma rolunu oynayır.

Proqramda rəsmi qonaqlar sırasında Yeni Azərbaycan Partiyasının sədr müavini Tahir Budaqov da Türkiyə və Azərbaycanın dostluq, qardaşlıq münasibətlərindən danışıb.
Səmimi və dostluq mühitində keçən tədbir iştirakçılar arasında qarşılıqlı ünsiyyət, əməkdaşlıq və mənəvi dəyərlərin paylaşılması üçün geniş imkan yaradıb.

E.Paşasoy,
Musavat.com

Избранный
11
musavat.com

1Источники