RU

Bayram süfrəsi ilə vicdan arasında qalan insan

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Artıq ikinci çərşənbəni də geridə qoyduq. Təbiət oyanır, torpaq isinməyə başlayır, suyun səsi dəyişir. Təqvim bizə baharın yaxınlaşdığını xəbər verir. Lakin insanın içindəki fəsil hər zaman təqvimlə uyğun gəlmir.Əvvəllər çərşənbələr başqa cür idi. Evlərdə səməni qoyular, şamlar yandırılar, şirniyyat qoxusu otaqlara yayılardı. Uşaqlar səbirsizliklə bayramı gözləyər, böyüklər süfrə başında dua edərdi. Xüsusilə, Novruz ərəfəsində qurulan süfrələr təkcə yemək süfrəsi deyildi ümid süfrəsi idi, birlik süfrəsi idi, gələcəyə inamın rəmzi idi.

Bu gün isə sanki həmin coşqu bir az səngiyib. Süfrələr qurulsa da, ürəklər əvvəlki kimi şən deyil. Dünyanın müxtəlif yerlərində davam edən müharibələr, dağılan evlər, atasız-anasız qalan körpələr, göz yaşı içində yaşayan insanlar haqqında xəbərlər insanın düşüncəsindən çıxmır. Hər gün ekranlara yansıyan acı mənzərələr bayram sevinci ilə ziddiyyət təşkil edir.

Başqa bir yerdə uşaqlar soyuq sığınacaqlarda gecələyərkən, mən necə şənlənim? Günahsız insanlar həyatını itirərkən, mən necə bayram edim? Süfrə qurmaq, şirniyyat bişirmək, şam yandırmaq bəzən vicdan əzabına çevrilir. Amma burada incə bir məqam var. Bayramın fəlsəfəsi nədir? Novruz təkcə bolluq və şənlik deyil. O, həm də yenilənmədir, pisliklərin arxada qalmasına ümiddir, qaranlıqdan işığa keçiddir. Əgər dünya qaranlıq bir dövrdən keçirsə, bəlkə də işığa daha çox ehtiyac var.

Vicdanlı insanın kədəri onun insanlığının göstəricisidir. Başqasının dərdinə biganə qala bilməmək böyük mənəvi dəyərdir. Lakin kədər içində tamamilə susmaq, ümid işığını söndürmək də çıxış yolu deyil. Bəlkə də bayram süfrəsi bu gün daha təmtəraqlı deyil, daha sadə olmalıdır. Bəlkə də o süfrə bir paylaşım süfrəsinə çevrilməlidir ehtiyacı olana yardım, bir ailəyə dəstək, bir körpəyə sevinc olmaq şəklində.

Bayram etmək həmişə yüksək səslə gülmək demək deyil. Bəzən bayram sakit dua deməkdir. Bəzən şam yandırarkən dünyada əziyyət çəkən insanlar üçün ürəkdən bir niyyət tutmaqdır. Bəzən də uşaqların ümidini qorumaq üçün güclü görünməkdir.

Dünya tarix boyu ağrılar görüb. Müharibələr də olub, fəlakətlər də. Amma insanlıq hər dəfə baharı yenidən qarşılayıb. Təbiət necə ki, qışdan sonra yenidən çiçəkləyir, insan ruhu da qaranlıqdan sonra işığa can atır.

Bəlkə də məsələ bayram edib-etməməkdə deyil. Məsələ bayramı necə etməkdədir. Vicdanı itirmədən, başqasının dərdini unutmadan, amma ümid çırağını da söndürmədən… Çünki bəzən bir evdə yanan kiçik bir şam, dünyanın harasındasa sönən bir işığın yerini doldura bilməsə də, insanlığın hələ də yaşadığını xatırladır. Və bəlkə də bu gün ən çox ehtiyacımız olan şey məhz budur insanlığımızı qorumaq.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
53
bizimyol.info

1Источники