RU

Ərdoğan: Türkiyə addımlarını NATO ilə sıx koordinasiya edir

Ankara, 4 mart, AZƏRTAC

Türkiyə təhdidlərə operativ cavab vermək üçün gördüyü tədbirlər çərçivəsində addımlarını NATO üzrə müttəfiqləri ilə sıx koordinasiya edir. Buna Hatay vilayətində bu gün baş verən hadisələr əyani nümunədir.

AZƏRTAC xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin cənub sərhədlərinin yaxınlığında NATO-nun hava hücumundan müdafiə qüvvələri tərəfindən İranın ballistik raketinin məhv edilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, regionda mövcud mürəkkəb bu dövrdə Ankara baş verən prosesləri diqqətdən kənarda qoymur və “işlərin öz axarına buraxılmasına” arxalanmır.

O vurğulayıb ki, Hatayda baş verən insidentə cavab olaraq Türkiyə “belə halların təkrar olunmaması üçün son dərəcə aydın xəbərdarlıqlar səsləndirib”.

“Ölkənin və xalqın təhlükəsizliyinin təmin edilməsi üçün qətiyyətimiz və imkanlarımız ən yüksək səviyyədədir”, – deyə Rəcəb Tayyib Ərdoğan bildirib və Türkiyəni “öz regionunda sabitlik adası”, ölkənin Silahlı Qüvvələrini isə “təhdidlərin qarşısını alan amil” adlandırıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Избранный
15
1
azertag.az

2Источники