Mark Rütte alyansın Türkiyəyə doğru yönəlmiş raket təhlükəsini NATO-nun raketdən müdafiə sistemlərinin zərərsizləşdirdiyini açıqlayıb...
Poliqon xəbər verir ki, NATO-nun baş katibi Mark Rütte Türkiyə istiqamətində hərəkət etdiyi bildirilən İran raketi ilə bağlı insidentə münasibət bildirib. O qeyd edib ki, alyans üzv dövlətlərin ərazisinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi müdafiə mexanizmlərini işə salmağa hazırdır.
Rütte bildirib ki, NATO hər zaman alyansın hər bir üzvünün ərazisini qorumaq prinsipinə sadiqdir və bu istiqamətdə kollektiv müdafiə sistemləri daim fəaliyyət göstərir. Onun sözlərinə görə, Türkiyə istiqamətində uçduğu bildirilən raket də NATO-nun raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
“NATO alyansın hər bir santimetr ərazisinin müdafiəsini təmin edir. Türkiyə istiqamətində uçan və ABŞ-nin Türkiyədəki maraqlarına potensial təhlükə yarada biləcək raketlə bağlı xəbərləri gördünüz. Həmin raket NATO-nun raketdən müdafiə sistemləri tərəfindən vuruldu. Bu, sistemin effektiv işlədiyini göstərir”, deyə Mark Rütte bildirib.
Baş katib həmçinin NATO müqaviləsinin kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinin tətbiqi ilə bağlı alyansın mövqeyinə də toxunub. O qeyd edib ki, NATO bu maddənin nə vaxt və hansı hallarda tətbiq olunacağı ilə bağlı müəyyən strateji qeyri-müəyyənliyi qəsdən saxlayır.
Rüttenin sözlərinə görə, belə yanaşma potensial rəqiblərin və düşmən qüvvələrin alyansın planları barədə əlavə məlumat əldə etməsinin qarşısını almağa yönəlib. O vurğulayıb ki, əgər NATO müqaviləsinin 5-ci maddəsi tətbiq olunarsa, bu barədə ictimaiyyətə dərhal məlumat veriləcək.
Poliqon.info