RU

Yüksək səslə musiqiyə qulaq asan sərxoş kişi ona irad bildirən dostunu döydü - MƏHKƏMƏ

Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Mahir Həsənovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməyib, Tovuz Rayon Məhkəməsinin hökmü dəyişdirilib. “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 1.6 və 1.16-cı bəndlərinə əsasən məhkum təqsirləndirilən şəxsin barəsində amnistiya tətbiq edilib və ona təyin olunmuş 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasından azad olunub. Mahir Həsənov barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə iclas zalından dərhal həbsdən azad olunub.

 

İttihama görə, Mahir Həsənov 05 oktyabr 2024-cü il tarixdə, saat 21 radələrində Bakı–Qazax avtomobil yolunun Tovuz rayonu Düz Qırıqlı kəndi ərazisindən keçən 424-cü kilometrliyində spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə yüksək səslə musiqiyə qulaq asıb. Bu zaman tanışı Rahib Babayev (adı, soyadı şərtidir) ondan musiqinin səsini azaltmağı xahiş edib və onunla zarafat edib. Təqsirləndirilən şəxs bu iradı bəhanə edərək ətrafdakılara öz üstünlüyünü nümayiş etdirmək məqsədilə ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verib. O, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə yumruq zərbələri endirərək onun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Hadisə nəticəsində zərərçəkmiş şəxsə sağ almacıq sümüyünün sınığı – sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər, eləcə də sağ almacıq nahiyəsinin didilmiş yarası və üst dodağın əzilmiş yarası – sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər yetirildiyi müəyyən edilib.

 

İstintaq orqanı tərəfindən Mahir Həsənovun barəsində Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə ittiham elan olunub.

 

Lakin məhkəmə araşdırması nəticəsində əmələ fərqli hüquqi qiymət verilib və Tovuz Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün ləğv edilməsini, Mahir Həsənova Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinərək daha ağır cəza təyin olunmaqla yeni ittiham hökmü çıxarılmasını xahiş edib. Zərərçəkmiş şəxsin prosessual hüquqi varisi də apellyasiya şikayəti verərək eyni məzmunda tələblər irəli sürüb.

 

Kamal Məmmədov

Tarix: 5 Mart 2026, 10:19   
Избранный
79
pravda.az

1Источники