RU

Marketlər insanları belə ALDADIR – Bu cəzalar verilə bilər

Milli Məclisdə Ombudsmanın 2025-ci il üzrə hesabatının müzakirəsi zamanı deputat Azay Quliyev istehlakçı hüquqlarının qorunması ilə bağlı mövcud problemlərə diqqət çəkib.

Deputat bildirib ki, son vaxtlar bəzi supermarketlərdə məhsulların üzərində göstərilən qiymətlə kassada tələb olunan məbləğ arasında fərqlər müşahidə olunur. Onun sözlərinə görə, bu hal vətəndaşların aldadılması ilə nəticələnir və ictimaiyyətdə ciddi narahatlıq yaradır. Azay Quliyev qeyd edib ki, bu kimi halların qarşısının alınması üçün aidiyyəti qurumlar daha təsirli nəzarət mexanizmləri tətbiq etməlidir. Deputat eyni zamanda Ombudsmanın hesabatını ümumilikdə qənaətbəxş hesab etdiyini və sənədin nəzərə alınmasını təklif etdiyini vurğulayıb.

NOCOMMENT.az xəbər verir ki, supermarketlərdə qiymət fərqləri ilə bağlı şikayətlər son illər daha çox səslənir. Vətəndaşlar bildirirlər ki, rəflərdə endirim və ya daha aşağı qiymətlə təqdim olunan məhsullar kassaya yaxınlaşdıqda fərqli məbləğlə hesablanır. Bəzi hallarda isə alıcılar yalnız çekə baxdıqdan sonra bu fərqi aşkar edir. Belə vəziyyətlər istehlakçıların hüquqlarının pozulması ilə yanaşı, ticarət sektorunda etimadın azalmasına da səbəb olur.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan qida məsələləri üzrə ekspert Asim Vəliyev bildirib ki, bu problem təkcə texniki səhvlərlə izah edilə bilməz və burada həm nəzarət, həm də şəffaflıq məsələsi gündəmə gəlir.

Asim Vəliyev

Onun sözlərinə görə, bəzi hallarda supermarketlərdə qiymətlərin dəyişdirilməsi operativ şəkildə sistemə daxil edilmir və nəticədə rəfdəki qiymətlə kassadakı qiymət arasında fərq yaranır. Lakin ekspert hesab edir ki, bu izah hər zaman əsaslı olmur və bəzi hallarda istehlakçıların diqqətsizliyindən istifadə edilə bilər.

Asim Vəliyev qeyd edib ki, qanunvericiliyə görə alıcıya təqdim olunan qiymət açıq və dəqiq olmalıdır:

“Əgər məhsulun üzərində müəyyən qiymət göstərilibsə, alıcı kassada həmin qiymətə uyğun ödəniş etməlidir. Kassada daha yüksək məbləğ tələb olunması istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Belə hallarda vətəndaşların hüquqları qorunmalı və məsuliyyət daşıyan subyektlərə qarşı tədbir görülməlidir”.

Ekspertin sözlərinə görə, bu problem yalnız fərdi narazılıq kimi deyil, sistemli məsələ kimi dəyərləndirilməlidir:

“Supermarketlərdə qiymətlərin elektron sistemlər vasitəsilə idarə olunması prosesi düzgün təşkil edilmədikdə belə hallar daha tez-tez baş verə bilər. Bunun qarşısını almaq üçün həm texniki sistemlər mütəmadi yenilənməli, həm də əməkdaşlar məsuliyyətli şəkildə nəzarət həyata keçirməlidirlər”.

Asim Vəliyev əlavə edib ki, istehlakçılar da alış-veriş zamanı diqqətli olmalıdırlar:

“Alıcılar məhsulun üzərində göstərilən qiymətə diqqət etməli, kassada hesablanan məbləği yoxlamalı və ziddiyyət yaranarsa dərhal etiraz etməlidirlər. Belə hallarda mağaza rəhbərliyinə müraciət etmək və ya aidiyyəti qurumlara şikayət etmək istehlakçının hüququdur”.

Ekspert hesab edir ki, bu problemin həlli üçün dövlət nəzarət mexanizmlərinin daha effektiv işləməsi vacibdir:

“Mütəmadi yoxlamalar və cərimə tədbirləri tətbiq edildiyi təqdirdə bu cür halların sayı əhəmiyyətli dərəcədə azalacaq. Eyni zamanda ticarət şəbəkələri də öz reputasiyalarını qorumaq üçün qiymət siyasətində şəffaflıq və dürüstlük prinsiplərinə əməl etməlidirlər”.

Tunar
NOCOMMENT.az

Избранный
125
nocomment.az

1Источники