RU

Əgər ad dəyişikliyi bu cür dərin islahatlarla müşayiət olunarsa... - Ekspert

Yazını böyüt
Yazını kiçilt

“Uzun illərdir Milli Məclisə seçkilərlə bağlı müxtəlif iradlar səsləndirilir, təmsilçilik, seçki sistemi və formalaşma prinsipləri barədə cəmiyyətdə kifayət qədər suallar mövcuddur. Bu baxımdan adın dəyişdirilməsi təşəbbüsü təkcə simvolik addım kimi deyil, bəlkə də daha geniş institusional yenilənmənin başlanğıcı kimi də dəyərləndirilə bilər”.

Bunu Hafta.az-a deputatın Milli Məclisin adının dəyişdirilərək Millət Məclisi adlandırılması təklifi ilə bağlı açıqlamasında siyasi şərhçi Əli Mustafa bildirib.

Ad dəyişikliyi ilə bağlı müzakirələrə normal yanaşdığını vurğulayan ekspert qeyd edib ki, əgər mütəxəssislər hesab edirlərsə ki, “Milli Məclis” deyil, “Millət Məclisi” ifadəsi daha doğru və məzmunlu səslənir, bu da müzakirəyə açıq məsələdir:

“Nəzərə alsaq ki, Türkiyənin ali qanunverici orqanı Türkiyə Böyük Millət Məclisi adlanır, adların yaxınlaşması müəyyən mənada ortaq siyasi və milli kimlik vurğusu kimi də qəbul oluna bilər. Dil baxımından da “millət” anlayışı birbaşa xalqı, onun iradəsini və suverenliyini ifadə edən daha canlı məna yükünə malikdir. Ancaq əsas məsələ təkcə ad deyil. Cəmiyyətin gözləntisi ondan ibarətdir ki, dəyişiklik formaca yox, məzmunca da baş versin. Qanunverici orqanın formalaşma mexanizmi təkmilləşsin, seçki sistemi daha şəffaf və rəqabətli olsun, həqiqətən xalqın etimadını qazanmış, yüksək savada və dövlətçilik düşüncəsinə malik insanlar orada təmsil olunsun. Uzun illər dəyişmədən qalan heyətin yenilənməsi, yeni nəsil və daha intellektual kadrların irəli çəkilməsi parlamentin cəmiyyətdəki rolunu gücləndirə bilər”.

Ə.Mustava vurğulayıb ki, əgər ad dəyişikliyi bu cür dərin islahatlarla müşayiət olunarsa, bu, həm dövlət üçün, həm də cəmiyyət üçün faydalı nəticələr verə bilər:

“O zaman qanunverici orqan daha canlı, daha təsirli, milli maraqları birbaşa ifadə edən və dövlət həyatında real çəkisi olan bir institut kimi fəaliyyətini davam etdirər. Ümid etmək olar ki, mümkün dəyişikliklər yalnız ad səviyyəsində deyil, həm də məzmun, mahiyyət və funksionallıq baxımından yenilənməyə təkan verəcək".

Tahirə Qafarlı

Избранный
48
hafta.az

1Источники