RU

Bu, Bakının əsas strateji oyunçu kimi mövqeyini daha da möhkəmləndirəcək - Şərh

“Azərbaycan–Avropa enerji əməkdaşlığı artıq sadə ixrac-idxal münasibətindən çıxaraq strateji qarşılıqlı asılılıq mərhələsinə keçib. 16 ölkəyə qaz ixracı və Avropa İttifaqının 10 üzv dövlətinin Azərbaycan qazı alması Bakı üçün üç əsas üstünlük yaradır. Birincisi, geosiyasi çəkisinin artması, xüsusilə Avropa İttifaqı üçün etibarlı alternativ mənbə  rolunda çıxış etməyə, ikincisi, valyuta axınının sabitləşməsi, bazarın şaxələndirməsi, həm Avropa daxilində Almaniya və Avstriya, həm də Avropadan kənara  yaxın Şərq regionunda Suriya”.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
Azərbaycan üçün strateji nəticə

O bildirib ki,  2022-ci ildən sonra Rusiyanın enerjini siyasi alətə çevirməsi Avropa üçün alternativlərin həyati əhəmiyyətini artırdı: “Bu kontekstdə Cənub Qaz Dəhlizi sadəcə boru xətti deyil, enerji təhlükəsizliyi platformasına çevrildi.

Aİ-nin Rusiya qazından asılılığının 45%-dən 12%-ə düşməsi enerji təhlükəsizliyində fundamental dönüşdür. Bu, iki istiqamətdə təsir yaradır: Siyasi müstəqillik güclənir, enerji təzyiqi azalır. Bazar sabitliyi artır və alternativ marşrutların mövcudluğu riskləri balanslaşdırır. Azərbaycan qazı artıq “əlavə mənbə” deyil, sistemin mühüm sütunudur”.

Onun fikrincə, mövcud reallıq göstərir ki, Cənub Qaz Dəhlizi tam yüklənib: “Bu isə yeni mərhələdə əsas məsələnin hasilat yox, infrastruktur genişləndirilməsi olduğunu göstərir. Eyni zamanda Azəri-Çıraq-Günəşli dərin qazı, Abşeron tammiqyaslı işlənməsi, Ümid ikinci mərhələsi, Şahdəniz yeni fazası əlavə 10–15 milyard kubmetr potensial yaradır. Bu həcm bazara çıxmasa, strateji üstünlük iqtisadi gəlirə çevrilməyəcək”.

Enerji keçidi – paralel model
O həmçinin əlavə edib ki, Azərbaycanın yanaşması “ya qaz, ya yaşıl enerji” deyil, hibrid modeldir. “ ACWA Power və Masdar ilə layihələr, 2032-ci ilə qədər 6–8 GW alternativ enerji planı, daxili qaz istehlakının azaldılması və ixracın artırılması bunun bariz nümunəsidir. Bu model Avropanın “təmiz keçid” strategiyası ilə ziddiyyət yox, tamamlayıcılıq yaradır”,- o vurğulayıb.

Regional bağlantılar – növbəti mərhələ
Deputat deyib ki, Qara dəniz enerji kabeli, Mərkəzi Asiya bağlantıları və transsərhəd interkonnektorlar Azərbaycanı yalnız qaz ixracatçısı yox, enerji qovşağına çevirə bilər: 
“Bu mərhələdə əsas faktorlar texniki əsaslandırmanın tamamlanması, tənzimləmə uyğunlaşması, özəl sektor kapitalının cəlbidir. Nəticədə  formalaşan mənzərə belədir: Azərbaycan- etibarlı və artan təchizatçı, Avropa İttifaqı-sabit və uzunmüddətli bazar, Enerji keçidi- rəqabət deyil, paralel inkişaf modeli, əsas risk isə infrastruktur məhdudiyyəti və bazar sinxronizasiyasıdır.

Əgər mövcud layihələr vaxtında genişləndirilərsə, Azərbaycan yaxın onillikdə təkcə Cənub Qaz Dəhlizinin deyil, Qara dəniz–Xəzər–Aralıq enerji məkanının əsas strateji oyunçularından biri kimi mövqeyini daha da möhkəmləndirəcək”.
 

Mürtəza

Избранный
32
1
olke.az

2Источники