RU

Uşaqlara telefondan istifadəni tamamilə qadağan etmək nəyə səbəb ola bilər? Ekspert RƏYİ

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Müasir dövrdə texnologiya gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Smartfonlar, planşetlər və sosial şəbəkələr artıq təkcə böyüklərin deyil, uşaqların da həyatında mühüm yer tutur. Bir çox valideynlər hesab edir ki, telefon və sosial şəbəkələr uşaqların psixologiyasına mənfi təsir göstərir, onların diqqətini yayındırır və hətta bəzi hallarda asılılıq yarada bilir. Bu səbəbdən də tez-tez uşaqların telefondan istifadəsinin qadağan olunması və ya ciddi şəkildə məhdudlaşdırılması barədə fikirlər səsləndirilir.

Digər tərəfdən isə müasir dünyada rəqəmsal texnologiyalardan tam uzaq qalmaq da mümkün deyil. Texnologiya savadlılığı artıq uşaqların gələcək təhsili, peşə seçimi və ümumi inkişafı üçün vacib bacarıqlardan biri hesab olunur. Bu baxımdan bəzi valideynlər də hesab edir ki, tam qadağa uşaqların gələcəkdə texnoloji mühitə uyğunlaşmasına və inkişafına müəyyən mənada maneə yarada bilər.

Bəs bu halda düzgün yanaşma necə olmalıdır? Müasir dövrdə uşaqların həm rəqəmsal savadlı, həm də psixoloji cəhətdən sağlam böyüməsi üçün hansı balanslı yanaşma daha doğru hesab olunur? 

Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova Avtosfer.az-a açıqlamasında bildirib ki, rəqəmsal savadlı olmaq o demək deyil ki, gecə-gündüz telefonda və ya kompüter qarşısında vaxt keçirərək texnoloji biliklər öyrənməliyik:

“Müasir dövrdə uşaqların həm rəqəmsal savadlı olması, həm də psixoloji baxımdan sağlam böyüməsi vacibdir. Çünki insan bioloji, sosial və psixoloji varlıqdır. Bu baxımdan hər bir insanın psixoloji sağlamlığı yerində olmalıdır ki, əldə etdiyi biliklərin də öhdəsindən gələ bilsin. Müəyyən saatlar çərçivəsində bu bilikləri öyrənmək, onları təcrübədə istifadə etmək və eyni zamanda öz düşüncələrimizi formalaşdırmaq daha doğru yanaşmadır. Bu gün uşaqların rəqəmsal texnologiyalardan istifadəsinin müəyyən çərçivədə və məhdudiyyətlə təşkil olunması vacibdir. Bu, həm dərs prosesində, həm də evdə istifadə olunan oyun və digər rəqəmsal vasitələrdə balansın qorunmasına kömək edə bilər. Bəzən görürük ki, çox kiçik yaşlı uşaqlara belə müəyyən texnoloji funksiyaları yerinə yetirmək tapşırıldıqda onlar bunu olduqca tez mənimsəyə bilirlər və bəzi hallarda yaşlı insanlardan belə daha çevik şəkildə texnologiyadan istifadə edirlər. Digər tərəfdən isə məsələyə sağlamlıq baxımından yanaşdıqda müəyyən risklər də müşahidə olunur. Bu gün bir çox insan görmə problemləri səbəbindən eynəkdən istifadə edir, bəzi hallarda isə uzun müddət ekran qarşısında qalmaq fiziki və psixoloji narahatlıqlara səbəb olur. Psixoloji baxımdan isə təşviş pozuntuları və diqqət problemləri də yarana bilər. Ona görə də hər şeydə olduğu kimi burada da balans və ölçü prinsipi vacibdir. Necə ki, suyun həddindən artıq çoxluğu belə insan üçün zərərli ola bilər, rəqəmsal texnologiyaların da həddindən artıq istifadəsi mənfi nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən müəyyən qaydalar və intizam çərçivəsində yeni inkişaf edən informasiya texnologiyalarını öyrənməyə çalışmaq lazımdır. Müasir dövrdə uşaqlar artıq rəqəmsal mühitdə böyüyürlər. Bu baxımdan onlara tam qadağalar qoymaq bəzən əks təsir yarada və uşaqlarda narazılıq və ya qıcıq formalaşdıra bilər. Əgər bu sahədə hər hansı qanun və qaydalar tətbiq olunarsa, təbii ki, hər kəs həmin qaydalara əməl etməlidir. Necə ki, insanlar cəmiyyətdə müəyyən qanunlara riayət edərək davranırlar, rəqəmsal texnologiyalardan istifadə zamanı da müəyyən məsuliyyət və şüurlu yanaşma olmalıdır. İnsan rəqəmsal texnologiyaların orqanizmə və psixoloji vəziyyətə göstərə biləcəyi təsirləri dərk edərsə, bu zaman həmin vasitələrdən daha düzgün istifadə edə bilər və ciddi fəsadlarla qarşılaşmaz. Lakin texnologiyadan həddindən artıq istifadə nəticəsində asılılıq yaranarsa, bu vəziyyətdən çıxmaq artıq daha çətin ola bilər. Buna görə də uşaqların rəqəmsal texnologiyalardan istifadəsi balanslı, nəzarətli və maarifləndirici şəkildə təşkil olunmalıdır”.

Psixoterapevt Orxan Şəfizadənin sözlərinə görə isə cəmiyyətdə tez-tez deyilir ki, telefon və sosial şəbəkələr uşaqlar üçün təhlükəlidir, onların psixologiyasını poza bilər və qadağan olunmalıdır. Bu narahatlıq müəyyən qədər doğrudur:

“Çünki nəzarətsiz və həddindən artıq istifadə diqqət dağınıqlığı, aqressiya və sosial ünsiyyətdə çətinliklər yarada bilər. Lakin tam qadağa da doğru həll sayılmır. Çünki müasir dünya artıq rəqəmsal texnologiyalar üzərində qurulub və uşaqları bundan tam uzaq saxlamaq onları gələcəyin reallığına hazırlıqsız qoya bilər. Əsl məsələ telefonun özü deyil, istifadə mədəniyyətidir. Uşaqlara texnologiyanı qadağan etmək yox, onu doğru və balanslı istifadə etməyi öyrətmək daha sağlam yanaşmadır. Yaşa uyğun vaxt məhdudiyyəti, seçilən məzmunun nəzarəti və real həyat fəaliyyətlərinin oyun, idman, kitab və sosial ünsiyyətin gücləndirilməsi bu balansın əsasını təşkil edir. Belə olduqda uşaq həm rəqəmsal savadlı olur, həm də psixoloji və sosial baxımdan sağlam inkişaf edir. Çünki gələcəyin dünyasında ən vacib bacarıq texnologiyadan qaçmaq deyil, onu şüurlu şəkildə idarə etməyi bacarmaqdır.”

Nurcan Babək

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
44
avtosfer.az

1Источники