RU

İran niyə məhz Naxçıvan hava limanını vurdu?


İranın molla rejimi yenə də xain iç üzünü göstərdi- Naxçıvan Hava Limanını vurdu. Azərbaycan hər zaman qonşuluq prinsiplərinə sadiq qalıb.

Sonuncu münaqişə başlayandan sonra da   Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran xarici işlər naziri Abbas Əraqçıya zəng edərək, Azərbaycan ərazisindən heç bir qonşu və dost dövlətə, o cümlədən İrana qarşı istifadə edilməyəcəyi ilə bağlı Ali Baş Komandan İlham Əliyevin dəfələrlə dediyi fikirləri bir daha xatırladıb.

Azərbaycan Prezidenti İlham Əliyev İranın Ali rəhbəri Xameneinin öldürülməsi ilə bağlı bu ölkəyə başsağlığı verən nadir dünya liderlərindən biri olub. Prezident İranın Azərbaycandakı səfirliyini şəxsən ziyarət edib, başsağlığı verib.



Ancaq bütün bunların qarşılığında İran Naxçıvanı vurur. Niyə?

Bu hücumun məhz Naxçıvan hava limanına yönəldilməsi təsadüfi deyil və hadisənin arxasında ciddi strateji hesablamalar dayanır.

Bəllidir ki, Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas hissəsindən coğrafi baxımdan ayrılmış eksklavdır. Ermənistan ərazisi iki region arasında yerləşdiyi üçün uzun illərdir quru nəqliyyat əlaqələri məhdud vəziyyətdədir.

Bu səbəbdən Bakı ilə Naxçıvan arasında ən stabil və operativ əlaqə məhz hava nəqliyyatı vasitəsilə təmin olunur.

Bu reallıq Naxçıvan hava limanını sadəcə mülki aviasiya obyekti deyil, eyni zamanda strateji kommunikasiya mərkəzinə çevirir. Muxtar respublikanın Bakı ilə əlaqəsinin əsas hissəsi məhz bu hava xətti üzərindən həyata keçirilir. Buna görə də bu obyektə zərbə endirmək faktiki olaraq Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqəni zəiflətmək və ya müəyyən müddətə iflic etmək cəhdi kimi qiymətləndirilə bilər.

İranın seçdiyi hədəf həm də muxtar respublikanın ən həssas nöqtəsini hədəfə almaqdır.

İran hesab edir ki, hava limanının sıradan çıxarılması Naxçıvanın logistikasını, sərnişin daşımalarını və strateji yüklərin daşınmasını çətinləşdirə bilər. Başqa sözlə, Tehran zərbəni təsadüfi obyektə deyil, regionun kommunikasiya “arteriyasına” yönəldib. Ona görə də bundan sonra gələn açıqlamalar, İran tərəfindən verilən bəyanatlar yersiz qalacaq...

Tarixə də nəzər salsaq, vəziyyət daha da aydın olar...

Bu taktika Cənubi Qafqaz üçün yeni deyil. 1990-cı illərin əvvəllərində Ermənistan da Naxçıvanı blokadaya salmaq üçün oxşar strategiyadan istifadə edib. Həmin dövrdə muxtar respublika enerji və nəqliyyat xətlərinin kəsilməsi səbəbindən ağır iqtisadi və humanitar vəziyyətlə üzləşmişdi. Ermənistanın məqsədi Naxçıvanı Azərbaycanın əsas hissəsindən təcrid etmək və regionu siyasi təzyiq alətinə çevirmək idi.

İranın bu gün eyni infrastrukturu hədəf seçməsi həmin strategiyanın yeni formada təkrarı kimi görünür. Tehran faktiki olaraq Naxçıvanın zəif nöqtəsini vurmaqla Azərbaycanın daxili kommunikasiya sisteminə zərbə endirməyə çalışır.

Bu hücumun arxasında daha geniş geosiyasi motivlər də dayanır. Son illər Naxçıvan regionu Cənubi Qafqazın gələcək nəqliyyat xəritəsində mühüm rol oynaya biləcək ərazi kimi qiymətləndirilir.

Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yeni nəqliyyat və logistika xətlərinin açılması məsələsi regional siyasətin əsas mövzularından biridir.

Belə bir perspektiv reallaşarsa, Naxçıvan yalnız muxtar respublika deyil, həm də Türkiyə ilə Azərbaycan arasında birbaşa quru bağlantısının mühüm qovşağına çevrilə bilər. Bu isə Cənubi Qafqazın geosiyasi balansını dəyişə biləcək amillərdən biridir.

İran isə regionda yeni nəqliyyat dəhlizlərinin formalaşmasına ehtiyatla yanaşır və xüsusilə Azərbaycanın və Türkiyənin iştirakı ilə yaradılan alternativ marşrutları öz strateji maraqlarına təhlükə kimi qiymətləndirir. Bu səbəbdən Naxçıvanın kommunikasiya infrastrukturu Tehran üçün həssas geosiyasi nöqtə sayılır.

Məhz buna görə Naxçıvan hava limanına zərbə yalnız hərbi taktiki addım deyil. Bu, eyni zamanda Azərbaycanın kommunikasiya sisteminə, regional nəqliyyat layihələrinə və geosiyasi mövqeyinə yönəlmiş siyasi mesaj kimi də qiymətləndirilə bilər.

Başqa sözlə, Tehran bu zərbə ilə bir neçə məqsədi eyni anda həyata keçirməyə çalışır: Naxçıvanın Bakı ilə əlaqəsini zəiflətmək, Azərbaycan üzərində psixoloji təzyiq yaratmaq və regionda formalaşan yeni nəqliyyat arxitekturasına siqnal göndərmək.

Tarix göstərir ki, Naxçıvanın təcrid olunması planları bu regionda dəfələrlə sınaqdan keçirilib. Lakin bu planlar heç vaxt uzunmüddətli nəticə verməyib. Bu gün də Naxçıvan Azərbaycanın ayrılmaz hissəsi olmaqla yanaşı, Cənubi Qafqazın geosiyasi balansında mühüm strateji mövqe tutan ərazi olaraq qalır. Nankor molla rejimi də illərdir dəyişməyib. Hələ də dostunu və düşmənini aird edə bilmir...

Əli Rais,
Musavat.com

Избранный
127
2
musavat.com

10Источники