Tehrandan olan analitik bildirir ki, Vaşinqtonun çağırışlarının əksinə olaraq, hücumlar İranda etirazları deyil, milli həmrəyliyi gücləndirib...
Poliqon xəbər verir ki, Al Jazeera telekanalının məlumatına görə, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar ölkə daxilində gözlənilən etiraz dalğasını yaratmayıb.
Tehranda fəaliyyət göstərən Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin aparıcı tədqiqatçısı Abbas Aslani bildirib ki, baş verən hadisələr əksinə, bir çox iranlının ölkə rəhbərliyi və siyasi sistem ətrafında birləşməsinə səbəb olub.
Onun sözlərinə görə, Tehranda və digər şəhərlərdə küçə etirazları əvəzinə toplantılar və mitinqlər keçirilib. Bu tədbirlərdə iştirak edənlər xarici hücumları pisləyərək ölkənin siyasi sisteminə dəstək ifadə ediblər.
Analitik qeyd edib ki, İran cəmiyyətinin müəyyən hissəsi əvvəlcə ABŞ prezidenti Donald Trampın çağırışlarının onlara kömək edəcəyinə ümid edirdi. Bu ümid əsasən iqtisadi vəziyyətdən narazı olan və ya mövcud siyasi sistemə tənqidi yanaşan qruplar arasında yayılmışdı.
Lakin Aslaninin sözlərinə görə, ABŞ və İsrailin hərbi zərbələrindən sonra cəmiyyət daxilində bu gözləntilər ciddi şəkildə dəyişib. “Bəzi insanlar düşünürdü ki, Tramp onlara kömək edəcək, çünki onlar iqtisadi vəziyyətdən və ya siyasi sistemdən narazı idilər. Amma indi daha aydın görünür ki, ABŞ onlara kömək etmir”, deyə Aslani bildirib.
Ekspertlər hesab edir ki, xarici hərbi təzyiqin artması bir çox hallarda daxili siyasi qarşıdurmanı zəiflədərək cəmiyyətin milli təhlükəsizlik məsələləri ətrafında birləşməsinə səbəb olur. İran nümunəsində də bu tendensiyanın müşahidə olunduğu qeyd edilir.
Poliqon.info