RU

İsrailli rəsmi: İranda müharibənin üçüncü mərhələsi başlayıb...

İsrailli rəsmi bildirib ki, yeni mərhələdə əsas məqsəd İranın hərbi infrastrukturunu, xüsusilə də İnqilab Keşikçiləri Korpusunu və strateji imkanlarını məhv etməkdir...

Poliqon xəbər verir ki, Financial Times nəşrinin məlumatına görə, İsraildən olan bir rəsmi şəxs İranda müharibənin artıq “üçüncü mərhələsinə” keçildiyini bildirib.

Onun sözlərinə görə, İsrailın əsas məqsədi İran rejiminin hərbi infrastrukturunu dağıtmaqdır. Buraya ilk növbədə İslam İnqilabı Keşikçiləri Korpusu, eləcə də İranın nüvə obyektləri, hərbi istehsal müəssisələri, kosmik və kiber imkanları daxildir. Rəsmi əlavə edib ki, İsrail qarşıdakı bir neçə həftə ərzində uzunmüddətli əməliyyatlara hazırlaşır.

Onun sözlərinə görə, müharibənin “üçüncü mərhələsi” artıq başlanıb. Birinci mərhələ şənbə günü Tehrana endirilən zərbələrdən ibarət olub və əsasən İran rəhbərliyini hədəfə alıb. İkinci mərhələ isə “100 saatlıq” kampaniya kimi xarakterizə edilib və bu müddətdə ballistik raketlər, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi məqsəd qoyulub.

Məqalədə qeyd olunur ki, ABŞ-nin yüksək vəzifəli rəsmiləri, o cümlədən Donald Tramp müharibənin başlanmasının səbəbləri və məqsədləri barədə müxtəlif izahlar veriblər. Lakin İsrail üçün əsas məqsəd İran rejiminin dayaqlarını tamamilə məhv etməkdir.

Tel-Əviv Milli Təhlükəsizlik İnstitutunun aparıcı tədqiqatçısı və İran üzrə ekspert Denni Tsitrinoviç bildirib ki, məqsəd rejimin, onun dayaqlarının və onu saxlayan bütün strukturların, xüsusən də İnqilab Keşikçiləri Korpusunun, “Bəsic” qüvvələrinin və strateji imkanlarının tam məhv edilməsidir. Onun sözlərinə görə, hücumların hədəflərindən biri də rejimin devrilməsi üçün şərait yaratmaqdır.

Bununla belə, analitiklər qeyd edirlər ki, sayca təxminən 180 min nəfərdən ibarət olan İnqilab Keşikçiləri Korpusunun tam məhv edilib-edilməyəcəyi hələ də sual altındadır. İsrail rəsmiləri isə rejimin devrilməsi üçün hansı konkret planın hazırlandığını və bundan sonra ölkədə nə baş verə biləcəyini açıqlamayıblar. Bununla belə, bəzi mənbələr gizli əməliyyatların da istifadə oluna biləcəyini ehtimal edir.

“Əgər çevriliş edə bilsək, əla. İnsanları küçələrə çıxara bilsək, əla. Vətəndaş müharibəsi yarada bilsək, əla. İsrail üçün İranın gələcəyi və ya sabitliyi əsas məsələ deyil”, deyə İsrail hökumətinin mövqeyini ümumiləşdirən Tsitrinoviç bildirib.

Poliqon.info

Избранный
35
poliqon.info

1Источники