Azərbaycanın qaz təchizatının şaxələndirilməsi siyasəti həm milli maraqlara xidmət edir, həm də regional enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verir.
Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuraları çərçivəsində bu günlərdə Bakıda keçirilən iclasda çıxış edən Dövlət başçısı cənab İlham Əliyev enerji siyasətində əsas prioritetlərdən biri kimi qaz təchizatının şaxələndirilməsi məsələsinə xüsusi diqqət yetirmişdir. Möhtərəm Prezident vurğulamışdır ki, qaz təchizatının şaxələndirilməsi hər bir ölkə üçün strateji əhəmiyyət daşıdığı kimi, Azərbaycan üçün də mühüm prioritetdir. Müasir dövrdə enerji təhlükəsizliyi yalnız mövcud resursların həcmi ilə deyil, həm də marşrutların və bazarların müxtəlifliyi ilə müəyyən olunur. Azərbaycan qazının müxtəlif istiqamətlər üzrə ixracı həm ölkəmizin iqtisadi dayanıqlığını gücləndirir, həm də tərəfdaş dövlətlərin enerji təhlükəsizliyinə töhfə verir. Bu baxımdan, Suriyaya 1,5 milyard kubmetr həcmində qazın tədarükü xüsusi əhəmiyyət kəsb edir. Bu addım vasitəsilə əhalinin sosial rifahının yaxşılaşdırılmasına, biznes fəaliyyətinin genişlənməsinə və müəssisələrin normal fəaliyyətinin təmin olunmasına mühüm dəstək göstərilmişdir. Ölkə başçısı çıxışında vurğulamışdır ki, elektrik enerjisi olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Enerji təminatı istər sosial sahənin, istər sənayenin, istərsə də ümumilikdə iqtisadiyyatın əsas hərəkətverici qüvvəsidir. Bu baxımdan həyata keçirilən qaz tədarükü yalnız iqtisadi layihə deyil, həm də humanitar və sabitlik yaradan təşəbbüs kimi qiymətləndirilir. Bu addım həm Suriya, həm region, həm də Azərbaycan üçün strateji əhəmiyyət daşımışdır. Azərbaycan qaz qəbul edən ölkələrin şaxələndirmə ilə bağlı üzləşdikləri çətinlikləri yaxşı anlayır. Eyni zamanda, istehsalçı ölkə olaraq Azərbaycan üçün də bazarların şaxələndirilməsi mühüm amildir. Çünki enerji siyasətində qarşılıqlı asılılıq və balans prinsipi uzunmüddətli sabitliyin əsas şərtidir. Çıxışda xüsusi vurğulanmışdır ki, istehsalçı Azərbaycan, tranzit ölkələr və istehlakçı dövlətlər arasında əməkdaşlıqda müsbət dinamika müşahidə olunur. Bu əməkdaşlıq modeli qarşılıqlı etimada, ortaq maraqlara və fayda prinsipinə əsaslanır. Son on ildən artıq müddətdə əldə olunan uğurlar da məhz bu prinsipial yanaşmanın nəticəsidir. Dövlət başçısı bildirmişdir ki, enerji layihələrinin uğuru yalnız infrastrukturla deyil, siyasi iradə, sabit tərəfdaşlıq və uzunmüddətli baxışla təmin olunur. Azərbaycan bu istiqamətdə ardıcıl siyasət həyata keçirərək həm istehsalçı, həm də etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirmişdir. Beləliklə, qaz təchizatının şaxələndirilməsi siyasəti həm milli maraqlara xidmət edir, həm də regional enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verir. Birlik, birgə maraqlar və qarşılıqlı fayda prinsipi isə Azərbaycanı bu sahədə uzunmüddətli və etibarlı tərəfdaşa çevirən əsas amil kimi çıxış edir.
Mehrac Gözəlov;
Neftçala rayonu


