RU

WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsinə töhfə verir – ŞƏRH

Bakı, 5 mart, AZƏRTAC

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafı, ölkənin qlobal miqyasda nüfuzunun möhkəmlənməsi və yeni əməkdaşlıq platformalarının formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Dünyanın müxtəlif regionlarından hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, şəhər idarəetməsi üzrə ekspertlərin, alimlərin və iri şirkətlərin iştirakı ilə keçiriləcək bu mötəbər tədbir Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq mərkəzlərindən birinə çevrildiyini bir daha nümayiş etdirir.

Bunu AZƏRTAC-a açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib.

Onun sözlərinə görə, forumun Bakıda təşkil olunması ölkəmizin beynəlxalq təşkilatlarla münasibətlərinin daha da möhkəmləndiyini göstərir.

“Tədbirin əsas təşkilatçısı olan BMT-nin İnsan Məskənləri Proqramı (UN-Habitat) ərəfindən keçirilən bu forum şəhərsalma, davamlı şəhər inkişafı, iqlim dəyişikliklərinin şəhərlərə təsiri, sosial inklüzivlik və dayanıqlı infrastruktur kimi qlobal əhəmiyyətli mövzuların müzakirə olunduğu ən nüfuzlu beynəlxalq platformalardan biri hesab edilir. Bu baxımdan, belə bir tədbirin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq gündəmdə artan rolunun göstəricisidir. WUF13 çərçivəsində müxtəlif ölkələrin nümayəndə heyətlərinin, beynəlxalq maliyyə institutlarının və transmilli şirkətlərin Azərbaycana səfəri diplomatik və iqtisadi əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradır. Forum çərçivəsində keçiriləcək panel müzakirələri, ikitərəfli görüşlər və əməkdaşlıq platformaları vasitəsilə müxtəlif ölkələr arasında yeni tərəfdaşlıq əlaqələrinin qurulması mümkündür. Bu isə Azərbaycanın şəhərsalma, infrastruktur inkişafı, “ağıllı şəhər” texnologiyalarının tətbiqi və dayanıqlı urban idarəetmə sahələrində beynəlxalq əməkdaşlığını daha da gücləndirə bilər.

Bununla yanaşı, forum Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı şəhərsalma layihələrinin və müasir urban inkişaf modellərinin beynəlxalq ictimaiyyətə təqdim edilməsi üçün mühüm platforma rolunu oynayır. Son illərdə ölkəmizdə həyata keçirilən infrastruktur layihələri, müasir şəhər planlaşdırılması və xüsusilə işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi beynəlxalq ekspertlər tərəfindən böyük maraqla izlənilir. WUF13 çərçivəsində bu təcrübənin təqdim olunması Azərbaycanın urban inkişaf sahəsində nümunəvi modellərdən birini formalaşdırdığını göstərir”,-deyə o vurğulayıb.

A.Camal qeyd edib ki, forumun Bakıda keçirilməsi eyni zamanda ölkəmizin beynəlxalq imicinin güclənməsi baxımından da mühüm rol oynayır. Onun sözlərinə görə, son illərdə Bakı bir sıra mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməklə qlobal diplomatik və iqtisadi dialoqun mühüm mərkəzlərindən birinə çevrilib: “Bu kontekstdə WUF13 kimi genişmiqyaslı beynəlxalq forumun paytaxtımızda təşkili Azərbaycanın beynəlxalq platformalarda fəal iştirak edən və qlobal problemlərin həllinə töhfə verən məsul tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Bütün bunlarla yanaşı, forum çərçivəsində müxtəlif ölkələrdən gələn nümayəndələrin və investorların Azərbaycana marağının artması turizm və xidmət sektorunun inkişafına da müsbət təsir göstərə bilər. Bu cür tədbirlər ölkənin iqtisadi diplomatiyasının güclənməsinə, yeni investisiya imkanlarının yaranmasına və Azərbaycanın regional əməkdaşlıq platformalarında rolunun artmasına xidmət edir”.

Избранный
62
1
azertag.az

2Источники