RU

Sevinc Cəfərzadə: "Millinin forması ilə 100-cü oyunumu keçirmək istəyirəm"

Azərbaycanın qadın futbolçulardan ibarət millisinin kapitanı Sevinc Cəfərzadə komandada 100-cü matçını keçirməyi qarşısına hədəf qoyub.

Futbolçu bunu "Far.Az"a açıqlamasında bildirib.

O, qrupun Şimali Makedoniyaya qarşı ilk oyununda qazanılan qələbənin əhəmiyyətini qeyd edib:

"Qrupun ilk matçı olduğu və evdə oynadığımız üçün müəyyən həyəcan keçirirdik ki, bu da məsuliyyətdən irəli gəlirdi. Çox sevinirik ki, ilk oyunda qələbə qazandıq. Məqsədimiz də elə bu idi. Qol vurmaq əlavə sevinc qatsa da, önəmli olan komandanın qələbə qazanması idi. Bütün ailə üzvlərim, həmçinin AFFA-nın baş katibi Cahangir Fərəcullayev, gənclər və idman naziri Fərid Qayıbov da oyunu izləyənlər arasında idi. Belə gözəl oyunda fərqlənmək və qələbədə pay sahibi olmaq insanı çox qürurlandırır. Bəzi möhtəşəm hissləri, təəssüf ki, sözlərlə ifadə edə bilmirəm".

S.Cəfərzadə milli komandadakı yubiley oyunu və gələcək hədəflərindən söz açıb:

"Ölkədə uzun illər qadınlardan ibarət milli komanda olmadığı üçün bu matçda 50-ci oyunumu keçirdim. Halbuki bu say 100 də ola bilərdi. İnsanın arzuları və hədəfləri bitmir. Qismət olarsa, milli komandanın şərəfli formasında 100-cü oyunumu keçirməyi qarşıma hədəf qoymuşam".

Yarımmüdafiəçi Macarıstanla keçiriləcək növbəti qarşılaşmaya toxunub:

"Yaxşı nəticə komandadakı ab-havaya müsbət təsir göstərir. Amma bu, Macarıstanla oyuna arxayın çıxacağımız anlamına gəlmir. Əksinə, rəqibin daha güclü olduğunun və səfərdə oynayacağımızın fərqindəyik. Qazanacağımız xal və ya xallar qrupdakı mövqeyimizi yaxşılaşdıra bilər. Bura yaxşı nəticə üçün gəlmişik".

O, komandadakı itkilərə baxmayaraq, mübarizə aparacaqlarını vurğulayıb:

"Bir çox oyunçumuz zədə səbəbindən bu toplanışda iştirak etmir. Amma əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Rəqibin heyəti Avropanın ən yaxşı liqalarında çıxış edən oyunçulardan təşkil olunsa da, matça ciddi hazırlaşırıq. İstədiyimiz mübarizəni ortaya qoysaq, uğurlu nəticəyə imza ata bilərik. Şimali Makedoniya ilə oyundan sonra yolboyu bir neçə komanda yoldaşımla növbəti matç haqda söhbətimiz olub. Məncə, hər kəs bu oyunun nə qədər önəmli olduğunu anlayır. Həm məşqçilərimiz, həm də mən tərəfdən lazım olan bütün söhbətlər edilir".

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2027-nin seçmə mərhələsi çərçivəsində ilk matçını Şimali Makedoniya yığmasına qarşı keçirib və 2:0 hesablı qələbə qazanıb. C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda martın 7-də Felksut şəhərində yerləşən "Panço Arena"da Macarıstanla üz- üzə gələcək.

Избранный
136
far.az

1Источники