ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
“Uşaq doludursa, deməli sağlamdır” fikri cəmiyyətimizdə hələ də geniş yayılıb. Uzun illər kök uşaq sağlamlıq və bolluq rəmzi kimi qəbul olunub. Lakin tibbi baxımdan bu yanaşma hər zaman doğru deyil. Mütəxəssislər bildirirlər ki, uşaqlarda artıq çəki və piylənmə gözlə deyil, yaşa və cinsə uyğun tibbi göstəricilər əsasında qiymətləndirilməlidir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-nin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə qeyd edib ki, uşaqlarda bədən kütlə indeksi yaş və cins üzrə normativ cədvəllərlə dəyərləndirilir. Bu cədvəllərə əsasən göstərici 85-ci persentildən yuxarıdırsa artıq çəki, 95-ci persentildən yuxarıdırsa piylənmə hesab olunur. Eyni zamanda yalnız tərəzidə görünən rəqəm diaqnoz üçün əsas deyil. Uşağın boy artımı, böyümə əyrisi və ümumi inkişaf dinamikası da mütləq nəzərə alınmalıdır.
Uşaqlarda artıq çəki gələcəkdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. 2-ci tip şəkərli diabet, yüksək qan təzyiqi, hormonal pozuntular və hətta psixoloji gərginliklər bu risklər sırasındadır. Ən vacibi isə budur ki, uşaqlıq dövründə yaranan piylənmə çox zaman yetkinlik yaşında da davam edir və xroniki problemə çevrilir.
Bu mövzuda ailə daxilində xüsusilə nənələrin rolu diqqət çəkir. Nənələr nəvələrini böyük sevgi ilə əhatə edir və çox vaxt bu sevgi bol yemək təklifi ilə ifadə olunur. “Bir az da ye”, “arıqsan”, “uşaq dolu olmalıdır” kimi fikirlər əslində qayğıdan doğur. Keçmiş nəsil çətin və qıtlıq illəri yaşadığı üçün dolu uşaq onlar üçün sağlamlıq və təhlükəsizlik göstəricisi sayılıb. Onların düşüncəsində kökəltmək qorumaq demək idi. Lakin bu gün həyat tərzi dəyişib. Uşaqlar əvvəlki kimi həyətdə saatlarla oynamır, fiziki aktivlik azalıb, yüksək kalorili qidalar və şirniyyatlar isə daha əlçatandır. Belə şəraitdə həddindən artıq qidalanma istəmədən sağlamlıq problemlərinə zəmin yarada bilər. Sevgi yeməklə ölçülməməlidir. Əksinə, uşağa düzgün qidalanma vərdişi aşılamaq, onu hərəkətli həyata təşviq etmək və balanslı menyu formalaşdırmaq ən böyük qayğı nümunəsidir.
Sağlam uşaq yalnız dolu uşaq demək deyil. Sağlam uşaq yaşına uyğun boy və çəki göstəricilərinə malik, enerjili, hərəkətli və düzgün inkişaf edən uşaqdır. Valideynlər və nənələr birgə şəkildə müasir tibbi tövsiyələrə əsaslanaraq uşağın qidalanmasına yanaşsalar, həm sevgi qorunar, həm də sağlam gələcək təmin olunar.
Leyla Mirzə, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.