RU

Türk ekspert: Azərbaycan Türkiyə əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından biridir

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 5 mart, AZƏRTAC

Cənub Qaz Dəhlizi XXI əsrin enerji geosiyasətində mühüm strateji əhəmiyyətə malik layihələrdən biridir. Məsələyə yalnız bir boru kəməri və ya sadəcə ticari enerji layihəsi kimi yanaşmaq XXI əsrin enerji geosiyasətini düzgün qiymətləndirməmək demək olardı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Global Savunma” jurnalının xarici xəbərlər şöbəsinin müdiri, siyasi ekspert Umut Berhan Şen bildirib.

Onun sözlərinə görə, xüsusilə Cənub Qaz Dəhlizinin əsas komponentlərindən biri olan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Türkiyə üçün təkcə tranzit marşrutu deyil, həm də ölkənin qlobal sistemdə artan strateji rolunu təsdiqləyən mühüm layihədir.

U.B.Şen bildirib ki, bu iri enerji layihəsi sayəsində Türkiyə artıq passiv “enerji körpüsü” rolundan çıxaraq real mənada enerji mərkəzinə, yəni regional və qlobal enerji siyasətində oyun qurucu aktora çevrilmək istiqamətində mühüm mərhələni keçib. Ankara Şərqdə yerləşən enerji resursları ilə Qərbdəki tələbatı öz ərazisində birləşdirərək enerji bazarında strateji mövqeyini möhkəmləndirib.

Ekspert vurğulayıb ki, xüsusilə Ukrayna–Rusiya müharibəsindən sonra Avropada yaranan enerji çatışmazlığı fonunda Türkiyə enerji təchizatının təmin olunmasında mühüm rol oynayan etibarlı tərəfdaş kimi ön plana çıxıb. Bu vəziyyət Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Ankara ilə Bakı arasında formalaşmış strateji tərəfdaşlığın əhəmiyyətini daha da artırıb.

U.B.Şenin sözlərinə görə, Azərbaycan və Türkiyə arasında münasibətlərin əsasını təşkil edən “Bir millət, iki dövlət” prinsipi artıq yalnız siyasi şüar kimi deyil, həm də regionun və qitələrin geostrateji gələcəyini müəyyən edən real əməkdaşlıq modeli kimi özünü təsdiqləyir. İki ölkə arasında formalaşmış enerji tərəfdaşlığı Avrasiyanın enerji xəritəsində yeni geosiyasi reallıqlar yaradır.

Türk ekspert bildirib ki, qarşıdakı illərdə bu əməkdaşlıq Türk Dövlətləri Təşkilatının institusional inkişafı ilə daha da güclənəcək və Xəzər hövzəsindəki enerji resurslarının Avropaya nəqlində əsas strateji platformalardan birinə çevriləcək.

“Türkiyə və Azərbaycan artıq yalnız enerji resurslarını tədarük edən ölkələr kimi deyil, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan strateji tərəfdaşlar kimi çıxış edirlər. Bu əməkdaşlıq həm regionun enerji xəritəsini dəyişir, həm də tərəflərin beynəlxalq münasibətlər sistemində mövqelərini daha da gücləndirir”, – deyə U.B.Şen qeyd edib.

Ekspert əlavə edib ki, həyata keçirilən bu enerji layihələri Türkiyənin regional gücdən qlobal balans mərkəzinə çevrilməsi prosesinin ən aydın nümunələrindən biridir. Azərbaycan ilə strateji enerji əməkdaşlığı bu prosesdə həlledici rol oynayır və gələcəkdə Avropa ilə Asiya arasında enerji əlaqələrinin daha da inkişafına geniş imkanlar yaradacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
46
1
azertag.az

2Источники