RU

Startap rəhbəri: Platforma yaradıcı şəxslərə məhsullarını satmaq və izləyicilərdən dəstək almaq imkanı verir MÜSAHİBƏ

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 5 mart, AZƏRTAC

Yaradıcı şəxslərin öz məhsul və xidmətlərini həm yerli, həm də beynəlxalq bazarda rahat təqdim edib satmaq imkanına ehtiyacı artmaqdadır. Bu ehtiyacı nəzərə alaraq yaradılmış “Kofe.al” platforması, istifadəçilərə yalnız “virtual kofe almaq” imkanı deyil, eyni zamanda, rəqəmsal və fiziki məhsullarını təqdim edib satışa çıxarmaq imkanı verir. Virtual dəstək jestləri ilə yanaşı, istifadəçi öz kontentini — e-kitab, dizayn, proqram təminatı Akimi rəqəmsal məhsullarını və xidmətlərini təqdim edə, həmçinin abunəlik sistemləri vasitəsilə gəlir mənbəyi yarada bilər. Buna görə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Bonpara” MMC-yə sahibkarlara vergi güzəştləri verən “Startap” şəhadətnaməsi verib. Startapın fəaliyyəti, platformanın yaradıcı şəxslərə verdiyi üstünlüklər və gələcək planları barədə AZƏRTAC-a danışan layihə rəhbəri Orxan Əhmədov müsahibəsində ətraflı məlumat verib. Müsahibəni təqdim edirik:

- Əvvəlcə rəhbərlik etdiyiniz layihənin fəaliyyət istiqaməti ilə bağlı məlumat verərdiniz. Startapın məqsədi nədən ibarətdir? Hansı problemi həll edir?

- “Kofe.al” layihəsi sosial medianın inkişafı ilə yaranan vacib bir boşluğu doldurur: faydalı məzmun yaradan şəxslərin (bloqerlər, podkastçılar, oyun strimerləri, yazıçılar, proqramçılar, rəssamlar və s.) izləyiciləri tərəfindən asan, şəffaf və davamlı şəkildə dəstək ala bilməməsi problemini həll edir. Bizim məqsədimiz, yaradıcıların auditoriyası ilə daha güclü bağ qurmasına kömək etmək və onların yaradıcılıq fəaliyyətini birbaşa dəstək mexanizmi ilə dayanıqlı etməkdir. Sadə dillə desək, izləyicilər sevdikləri yaradıcıya “virtual kofe” alaraq təşəkkürünü göstərə bilir, yaradıcılar isə bu dəstək hesabına daha çox və daha keyfiyyətli kontent istehsal etməyə motivasiya qazanır.

- Bəs bu sahəyə gəlişiniz necə baş verdi? Belə bir təşəbbüs irəli sürməkdə sizi ilhamlandıran nə oldu?

- İlk ideyamız e-ticarət üçün sürətli ödəniş həlləri üzərində qurulmuşdu. Lakin həmin ideyanı real məhsula çevirmək üçün startap olaraq ilkin auditoriyaya çıxış və bazarda daha aydın, “ağrı nöqtəsi” olan bir ehtiyac tapmaq vacib idi. Araşdırmalarımız göstərdi ki, düşündüyümüz istiqamətdə yerli bazarda mövcud həllər artıq nisbətən əlçatan idi. Buna görə də biz diqqətimizi daha kəskin problemi olan istifadəçi kütləsinə yönəltməyə qərar verdik. Bu prosesdə aydın oldu ki, yutub, tiktok, feysbuk kimi platformalarda ABŞ və Avropadan olan yaradıcılar birbaşa platformalar üzərindən monetizasiya edə bildiyi halda, Azərbaycan yaradıcıları bu imkanlardan ya tam məhrumdur, ya da çox mürəkkəb yollarla faydalanmağa çalışır.

Eyni zamanda, xaricdə belə bir reallıq var: bir çox yaradıcı üçün platformaların daxili monetizasiya mexanizmləri gözlənilən nəticəni vermədiyi üçün onlar “Patreon”, “Ko-fi”, “BuyMeACoffee” kimi həllərə yönəlirlər. Biz də buradan çıxış edərək həmin modeli yerli yaradıcılar üçün daha əlçatan formada təqdim etdik. İlk gündən gördüyümüz əsas göstərici isə budur: yaradıcıların izləyiciləri onlara dəstək olmaq istəyir - sadəcə bunun üçün rahat və təhlükəsiz yol lazımdır. “Kofe.al” məhz bunu mümkün edir.

- Hazırladığınız startap nə qədər investisiya alıb və bu məbləğlə hansı işlər görülüb?

- Layihəmiz ABŞ-ın ən tanınmış startap akselerasiya proqramlarından biri olan “500 Global”ın Gürcüstanda keçirilən 2022–2023 akselerasiya proqramının məzunudur. Proqramı bitirdikdən sonra 100 min dollar həcmində yatırım cəlb etmişik. Bu vəsaiti əsasən məhsulun ilkin texniki infrastrukturunun qurulmasına, komandanın formalaşdırılmasına və platformanın inkişafına yönəltmişik.

2025-ci ildə isə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) “Star Venture” proqramına qəbul olunduq və bu çərçivədə 50 min avro dəyərində dəstək əldə etdik. Həmin resursu əsasən xaricdə keçirilən startap tədbirlərində iştirak, şəbəkələşmə (networking) və təlim/mentorluq proqramları vasitəsilə komandanın və biznesin beynəlxalq səviyyədə inkişafına sərf edirik.

- Bu ideyaya bazarda tələbat olduğunu necə anladınız?

- Ətrafımda sosial mediada faydalı məzmun yaradan çoxsaylı dost və tanışlarım var. Onlarla söhbətlər zamanı ehtiyaclarını və qarşılaşdıqları çətinlikləri dinlədikcə, belə bir həllə real tələbat olduğunu daha aydın gördüm. Layihə başlayan kimi bunu praktiki olaraq da təsdiqlədik: ilk qeydiyyatdan keçən dostumuz hesabını paylaşdığı gün ona demək olar ki, dərhal “virtual kofe” almağa başladılar. Bu, həm məhsul-bazar uyğunluğunu göstərdi, həm də təbii şəkildə viral effekt yaratdı. Nəticədə platforma qısa müddətdə həm yaradıcı, həm də dəstəkçi tərəfdən istifadəçi qazandı. Hazırda da hər gün yeni yaradıcılar hesab açır, linklərini izləyiciləri ilə paylaşır və izləyicilər də sevdikləri yaradıcıları dəstəkləyirlər.

- İlk gündən bu günə qədər ən böyük dəyişiklik nə olub?

- Kənardan baxdıqda böyük dəyişiklik hiss olunmaya bilər - bu, texniki baxımdan normaldır. Amma arxa planda çox ciddi inkişaf var. Başladığımız gündən etibarən biz istifadəçilərin ehtiyaclarını, davranışlarını və platformadan istifadə vərdişlərini davamlı analiz edərək sistemi mərhələli şəkildə təkmilləşdirmişik. Bu yolda bizdən asılı olmayan texniki çətinliklər də oldu və müəyyən dövrlərdə layihə tam gücü ilə xidmət göstərə bilmədi. Lakin həmin mərhələləri geridə qoyduq və bu gün platforma daha stabil şəkildə işləyir.

Növbəti mərhələdə isə mövcud imkanlarla yanaşı aşağıdakı yenilikləri aktivləşdirməyi planlaşdırırıq: abunəlik (subscription) sistemi, daha keyfiyyətli və funksional blog infrastrukturu, yaradıcılar üçün əlavə alətlər və analitika (məsələn, dəstəkçilərlə əlaqə, kontent planlama, daha çevik monetizasiya imkanları).

- Startapınızı 3–5 ildən sonra harada görürsünüz? Xarici bazarlara çıxış planlarınız varmı?

- Bunu ilk gündən strateji hədəf kimi planlaşdırmışıq. Yuxarıda qeyd etdiyim yenilikləri tamamladıqdan sonra Orta Asiya və Yaxın Şərq bazarlarına genişlənməyi nəzərdə tuturuq. Burada əsas məsələ həmin bazarlardakı tələbatı düzgün anlamaq və məhsulu onların reallığına uyğun adaptasiya etməkdir. Çünki Azərbaycanda işləyən model başqa bazarlarda fərqli yanaşma və lokal xüsusiyyətlər tələb edə bilər. 3–5 il sonra “Kofe.al”ı yaradıcıların kontentini və mediasını hərtərəfli monetizasiya edə biləcəyi, güclü icma və alətlər ekosistemi olan regional platforma kimi görürəm.

- Startap qurmaq istəyən gənclərə ilk tövsiyəniz nə olardı?

- Bir əsas tövsiyəm var: startapı insanlar üçün qurun, amma özünüz üçün bunu biznes kimi qəbul edin. Əgər layihəyə yalnız “startap romantikası” ilə yanaşsanız, dayanıqlı nəticə əldə etmək çətinləşir. Amma ona biznes gözü ilə baxsanız, uğur ehtimalı ciddi şəkildə artır. Biznes isə sadə dillə desək, hər gün kiminsə problemini pul qarşılığında həll edən bir sistemdir. İnvestorlar da təkcə “yaxşı ideya”ya deyil, sizin: hansı problemi uzunmüddətli həll etdiyinizə, bazarın ölçüsünə, bu həllin necə gəlir gətirəcəyinə baxaraq qərar verirlər.

- Yaxşı startap ideyasını fərqləndirən əsas amil nədir?

- Məncə yaxşı startap ideyasını fərqləndirən 3 əsas amil var:

1. Real problemi həll etməlidir - yəni “nice to have” yox, “need to have” olmalıdır.

2. Bu problem böyük bazara xitab etməlidir - istifadəçi sayı və ya hədəf seqment kifayət qədər geniş olmalıdır.

3. Ən vacibi: həmin istifadəçilər bu problemin həllinə pul ödəməyə hazır olmalıdırlar. Ödəniş istəyi yoxdursa, ideya məhsula çevrilsə belə, biznesə çevrilməsi çətin olur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
66
2
azertag.az

3Источники