RU

BDU nun dosenti Əsmətxanım Məmmədovanın 85 illik yubileyi: Şərq qadınının uğur yolu

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 5 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının dosenti Əsmətxanım Məmmədovanın 85 illik yubileyinə həsr olunmuş “Şərq qadınının uğur yolu” adlı tədbir keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan həyatını şərqşünas alim Əsmətxanım Məmmədovanın fəaliyyətinin nümunə olduğunu deyib. Qeyd edib ki, bu günə qədər Əsmətxanım Məmmədovanın fars dilinin fonetika, orfoqrafiya, morfologiya, sintaksis, leksika, üslubiyyatına aid olmaqla, 200-dək məqaləsi ölkə daxilində və xaricində işıq üzü görüb. Onun fars vurğusunun təbiətinə aid tədqiqatı fars dilinin tədrisində xüsusi yer tutur və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. 2007-ci ildə çap etdirdiyi “Fars dilində vurğu” adlı eksperimental tədqiqat işi yalnız fars dilçiliyi üçün deyil, həm də ümumi dilçilik üçün faydalı elmi ümumiləşdirmələr və təcrübi nəticələrlə zəngindir. Əsmətxanım Məmmədovanın yaradıcılığının başqa bir qolunu da onun fars dilindən etdiyi tərcümələr təşkil edir. O, müasir fars nəsrinə dair 10-dan çox kiçik və böyük həcmli kitabın mütərcimidir.

Əsmətxanım Məmmədovanın ictimai-siyasi fəaliyyətindən də söz açan dekan bildirib ki, o, 1995-2005-ci illərdə Milli Məclisin I və II çağırış deputatı olub. Tanınmış alim xidmətlərinə görə “Qabaqcıl təhsil işçisi” fəxri nişanı, 3-cü dərəcəli “Əmək” ordeni, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” yubiley medalı, Azərbaycan Yazıçılar İttifaqının “Qızıl Qələm” diplomu və müxtəlif fəxri mükafatlarla təltif edilib.

Fakültənin professor-müəllim heyəti dosent Əsmətxanım Məmmədovanın elmi və pedaqoji fəaliyyətindən danışaraq, alimin çoxşaxəli fəaliyyətinə nəzər salıblar. Onun elmi və bədii yaradıcılığının gənc nəslin inkişafında və ümumiyyətlə ölkəmizdə orta Şərq dillərinin öyrənilməsində əvəzsiz nümunə olduğunu vurğulayıblar.

Daha sonra yubilyar Əsmətxanım Məmmədova elmə və alimə göstərilən bu yüksək dəyərə görə təşəkkürünü bildirib: “Elmə və onun inkişafına çalışmış insanlara dəyər verən millət hər zaman qalibdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
1
azertag.az

2Источники