RU

Bağçalarda pul yığımı iddiaları Uşaqlar arasında ayrı seçkilik narahatlıq yaradır

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 69 saylı uşaq bağçası ilə bağlı valideyn şikayətləri gündəmə gəlib. Valideynlərdən biri adının açıqlanmaması şərti ilə mediaya müraciət edərək bağçada övladına qarşı kobud münasibət göstərildiyini və qeyri-rəsmi pul yığımı hallarının olduğunu iddia edib.

Valideynin sözlərinə görə, bağçada müxtəlif tədbirlər və bayramlar ərəfəsində uşaqlar üçün vəsait toplanır. İddialara əsasən, bayram geyimlərinin kirayəsi üçün hər uşaqdan 20-30 manat tələb olunur. Həmçinin Yeni il tədbiri zamanı “Şaxta baba”nın dəvət edilməsi üçün əlavə 10 manat pul yığıldığı bildirilir. Valideyn iddia edir ki, bu ödənişi etməyən uşaqlar tədbirə buraxılmır və akt zalına aparılmır.

Ən narahatedici məqam isə uşaqlar arasında mümkün ayrı-seçkilik məsələsidir. Şikayətçi bildirir ki, ödəniş etməyən valideynlərin övladlarına qarşı münasibət dəyişir və uşaqlara dolayı təzyiq göstərilir. Hətta 4 yaşlı uşağa “gedib anana demə” kimi ifadələrin işlədildiyi iddia olunur. Bu cür hallar təsdiqini taparsa, bu, həm etik, həm də pedaqoji baxımdan ciddi pozuntu sayılmalıdır.

Məktəbəqədər təhsil müəssisələri uşaqların ilk sosial mühitidir. Bu mərhələdə onlara bərabərlik, paylaşma və ədalət prinsipləri aşılanmalıdır. Əksinə, maddi imkanlara görə fərqləndirmə aparılması uşaqlarda travma, özgüvən əskikliyi və sosial ədalətsizlik hissi yarada bilər. Dörd-beş yaşlı uşağın maddi məsələlərə görə kollektivdən kənarlaşdırılması onun psixoloji inkişafına mənfi təsir göstərə bilər.

Bağçalarda qeyri-rəsmi pul yığımı məsələsi cəmiyyətdə vaxtaşırı müzakirə mövzusuna çevrilir. Rəsmi olaraq dövlət bağçalarında təhsil ödənişsiz olsa da, müxtəlif adlar altında vəsait toplanması barədə şikayətlər zaman-zaman səslənir. Valideynlər hesab edir ki, əgər hər hansı tədbir keçirilirsə, bu, könüllü xarakter daşımalı və heç bir uşaq maddi səbəbdən kənarda qalmamalıdır.

Məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparması vacibdir. İddialar təsdiqini taparsa, bağça rəhbərliyi və məsul şəxslər barədə müvafiq tədbirlər görülməlidir. Çünki söhbət yalnız maddi məsələdən deyil, azyaşlı uşaqların hüquqlarından və psixoloji rifahından gedir.

Uşaq bağçası təhlükəsiz və ədalətli mühit olmalıdır. Orada hər bir uşaq, valideyninin maddi imkanından asılı olmayaraq, eyni diqqət və qayğı ilə əhatə olunmalıdır. Təhsil və tərbiyə ocaqlarında ayrı-seçkilik iddiaları isə cəmiyyət üçün ciddi siqnal kimi qiymətləndirilməlidir.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
35
icma.az

1Источники