RU

Boşanma statistikası: səbəb alimentdir, yoxsa sistem boşluğu?

ain.az, Bizimyol saytına istinadən bildirir.

Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı Azərbaycanda nikah və boşanma statistikasının narahatedici səviyyədə olduğunu bildirib. Onun sözlərinə görə, 2025-ci ilin ilk 9 ayı ərzində 40 min nikahdan 17 mini boşanma ilə nəticələnib. Xüsusilə, Bakı şəhərində boşanma faizinin 56% olması diqqət çəkib.

Deputatın “Bir çox vaxt qadınlar ilk uşaq dünyaya gələndən sonra aliment almaq məqsədilə boşanırlar” fikri sosial şəbəkədə müzakirələrə və tənqidlərə səbəb olub. Xüsusilə, aliment məsələsinin boşanmaların əsas səbəbi kimi təqdim olunması birmənalı qarşılanmayıb. Bir çox insan haqlı olaraq sual edir: 260 manatlıq alimentə görə hansı qadın ailəsini dağıdar? Ailə münasibətləri bu qədər sadə və maddi motivlərlə izah edilə bilməz.

Boşanmaların səbəbləri çoxşaxəlidir - dözümsüzlük, xəyanət, şiddət, alkoqol asılılığı, tərəflərin özünü evlənməzdən əvvəl fərqli təqdim etməsi, ailədaxili anlaşılmazlıqlar, eləcə də böyüklərin həddindən artıq müdaxiləsi. Bu faktorlar illərlə formalaşan sosial problemlərdir və məsələni yalnız aliment üzərindən şərh etmək düzgün olmaz.

Digər tərəfdən, cəmiyyətdə belə fikirlər də dolaşır ki, bəzi ailələr sosial yardım almaq məqsədilə rəsmi şəkildə boşanır, lakin faktiki olaraq birlikdə yaşayırlar. Əgər belə hallar mövcuddursa, bu artıq fərdi sui-istifadə deyil, sosial mexanizmlərin boşluğudur və araşdırılmalıdır. Qanunvericilik və nəzarət mexanizmləri şəffaf olmalı, həqiqətən ehtiyacı olanla sui-istifadə edəni ayırd edə bilməlidir.

Boşanmaların artması yalnız hüquqi məsələ deyil. Ailə psixologiyası, nikaha hazırlıq proqramları, sosial dəstək mexanizmləri, mediasiya institutunun inkişafı - bunlar hamısı dövlət siyasətinin tərkib hissəsi ola bilər.

Əgər boşanmaların artması hökuməti narahat edirsə, o zaman məsələ kompleks şəkildə həll olunmalıdır. Məsələn, bir çox Avropa ölkələrində aliment öhdəliyi yalnız atanın deyil, uşağın kimdə qalmasından və tərəflərin gəlir vəziyyətindən asılı olaraq hər iki valideynin üzərinə düşə bilər. Məqsəd cəza mexanizmi yaratmaq yox, məsuliyyəti bölüşdürməkdir. Azərbaycanda da qanunvericilikdə ana tərəfindən aliment ödənilməsi nəzərdə tutulsa da, praktikada bu hallar çox azdır.

Boşanma statistikasını təhlil edərkən sosial-iqtisadi reallıq da nəzərə alınmalıdır. Ailədaxili gərginliyin mühüm səbəblərindən biri maddi çətinliklərdir. İşsizlik, qeyri-sabit gəlir, kredit öhdəlikləri, mənzil problemi və sosial təminatın yetərsizliyi ailə münasibətlərinə birbaşa təsir göstərir.

Digər mühüm məsələ, uşağın valideynlərlə münasibətidir. Aliment yalnız maddi öhdəlik deyil, valideynlik məsuliyyətinin bir hissəsidir. Uşaq həm ananı, həm atanı həyatında aktiv görməlidir. Bu məsələ hüquqi çərçivədə daha aydın və icra olunan mexanizmlərlə tənzimlənməlidir.

Boşanma statistikasını gender qarşıdurmasına çevirmək asandır. Çətin olan isə ailə institutunun niyə zəiflədiyini struktur səviyyədə analiz etməkdir. Əgər müzakirə emosiyadan çox fakt üzərində qurularsa, nəticə də daha sağlam olar.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
bizimyol.info

1Источники