RU

Leyla Əliyeva Bakı Şəhər Narkoloji Mərkəzini ziyarət edib

Martın 5-də Leyla Əliyeva Bakı Şəhər Narkoloji Mərkəzini ziyarət edib.

 

Pravda.az AZƏRTAC-a istinadən xəbər verir ki, Leyla Əliyevaya mərkəz barədə ətraflı məlumat verilib.

 

Bildirilib ki, Azərbaycanda ilk narkoloji tibbi müəssisə olan Bakı Şəhər Narkoloji Mərkəzinin əsası 1980-ci ildə qoyulub. Əvvəllər Bakı Şəhər Narkoloji Dispanseri kimi fəaliyyət göstərib.

 

Qeyd olunub ki, həmin dövrdə alkoqolizmlə mübarizə əsasında narkologiya psixiatriyadan ayrılanda narkoloji müəssisələrin yaradılmasına başlanılıb. Azərbaycanda ilk olaraq həmin narkoloji mərkəz açılıb.

 

2012-ci ildə dispanser Səhiyyə Nazirliyi tərəfindən əsaslı təmir edilərək istifadəyə verilib. Səhiyyə Nazirliyinin 2020-ci il 11 avqust tarixli qərarı ilə "Bakı Şəhər Narkoloji Dispanseri" əsasında "Bakı Şəhər Narkoloji Mərkəzi" publik hüquqi şəxsi yaradılıb. Mərkəz 16 otaqdan ibarətdir: qeydiyyat, qəbul, yeddi həkim, manipulyasiya, altı administrativ otaq.

 

Paytaxtın 12 rayonuna xidmət edən mərkəzin 18 həkim, 25 tibb bacısı və 27 digər vəzifələrdə çalışan əməkdaşı var. Mərkəz gün ərzində 200-300 nəfərə qədər vətəndaşa xidmət göstərmək gücündədir.

 

Bakı Şəhər Narkoloji Mərkəzində paytaxt üzrə 17 557 nəfər, onlardan 1 416 nəfər alkoqolizmdən, 14 753 nəfər narkotik maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları, 1 388 nəfər toksiki madddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları ilə qeydiyyatdadır.

 

Gün ərzində narkoloji asılılıqdan əziyyət çəkən 20 nəfər mərkəzə müraciət edir, nadir hallarda alkoqolizm asılılığına görə müraciət daxil olur. Kəskin vəziyyətləri olan alkoqolizm halları stasionara yönləndirilir. Yüngül vəziyyətdə olan alkoqolizm halları isə mərkəzdə ambulator müalicə edilir.

 

Bakı Şəhər Narkoloji Mərkəzində sifilis, İİV, Hepatit B və C-nin müayinəsi də aparılır.

 

Mərkəz üçün yeni yerin ayrıldığı, yaxın gələcəkdə həmin məkana köçürüləcəyi də diqqətə çatdırılıb.

 

Leyla Əliyeva qeydiyyat, qəbul, həkim, baş tibb bacısı, manipulyasiya otaqlarına baş çəkib, mərkəzin tibbi personalı ilə həmsöhbət olub, onlarla şəkil çəkdirib.

Fotoları təqdim edirik
Tarix: 5 Mart 2026, 20:57   
Избранный
17
26
pravda.az

10Источники