RU

“Mediasiya və mənəvi dəyərlər” mövzusunda seminar keçirilib



Mediasiya Şurasının və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakı 9 Saylı Mediasiya Təşkilatı tərəfindən Azərbaycan İlahiyyat İnstitutunun tələbələri üçün “Mediasiya və mənəvi dəyərlər” mövzusunda maarifləndirici seminar təşkil olunub.

Newscenter.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan İlahiyyat İnstitutunun kafedra müdiri, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov çıxış edərək mediasiya ilə mənəvi dəyərlər arasında əlaqəyə toxunub. O bildirib ki, cəmiyyətdə qarşılıqlı hörmət, ədalət və barış kimi mənəvi prinsiplərin qorunması mübahisələrin sivil şəkildə həllində xüsusi əhəmiyyət daşıyır.

Daha sonra Mediasiya Şurasının üzvü, Bakı 9 saylı mediasiya təşkilatının mediatoru İlham Fərzəliyev çıxış edərək mediasiyanın cəmiyyətdə barış və anlaşma mədəniyyətinin formalaşmasında mühüm rol oynadığını bildirib. O, mediasiya prosesinin prinsipləri, tərəflər arasında qarşılıqlı hörmət və etimadın qurulması, həmçinin mübahisələrin konstruktiv dialoq vasitəsilə həlli imkanları barədə ətraflı məlumat verib.

Seminarda Bakı 9 saylı mediasiya təşkilatının direktoru Leyla Nəsibova da çıxış edərək mediasiyanın mübahisələrin sülh yolu ilə həllinə xidmət edən mühüm mexanizm olduğunu vurğulayıb. O qeyd edib ki, mediasiya cəmiyyətdə dialoq və qarşılıqlı anlaşma mühitinin formalaşdırılmasına töhfə verir və insanların mübahisələri məhkəməyə müraciət etmədən daha çevik və sivil şəkildə həll etmələrinə imkan yaradır.
Tədbirdə həmçinin Bakı 9 saylı mediasiya təşkilatının mediatoru Türkər Əliyeva çıxış edərək mediasiyanın praktik tətbiqi, tərəflər arasında effektiv ünsiyyətin qurulması və barışıq mühitinin yaradılması barədə fikirlərini bölüşüb.

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb və mediasiya institutunun cəmiyyətdə rolu ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Süleyman
Избранный
159
1
newscenter.az

2Источники