RU

İranda keçmiş SEPAH generalının edam edildiyi iddia olunur

İsmayıl Qaani “Mossad”a casusluqda ittiham olunur, rəsmi Tehran isə xəbəri təsdiqləməyib…

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) strukturunda fəaliyyət göstərən elit “Qüds” qüvvələrinin keçmiş komandanı, general İsmayıl Qaaninin İsrailin “Mossad” kəşfiyyatına casusluq ittihamı ilə edam edildiyi barədə məlumatlar yayılıb.

Poliqon xəbər verir ki, bu barədə Nationalnews nəşri məlumat yayıb. Bildirilir ki, İranın ABŞ və İsraillə faktiki hərbi qarşıdurma şəraitində olduğu bir dövrdə yüksək rütbəli hərbi rəhbərin taleyi yenidən geniş müzakirələrin mərkəzinə çevrilib. Sosial şəbəkələrdə və müxtəlif internet platformalarında SEPAH-ın “Qüds” qüvvələrinin komandanı olmuş Qaaninin saxlanıldığı və ya artıq edam hökmünün icra edildiyi barədə təsdiqlənməmiş məlumatlar sürətlə yayılır.

Məlumatlarda qeyd olunur ki, İsrail və ABŞ-nin birgə həyata keçirdiyi əməliyyat nəticəsində İranın ali dini lideri ayətullah Əli Xamenei, həmçinin İranın təhlükəsizlik strukturlarında mühüm vəzifələr tutan bir sıra yüksək rütbəli şəxslər öldürülüb. Bu hadisələr fonunda İsmayıl Qaaninin sağ qalması onun ünvanına ciddi şübhələrin yaranmasına səbəb olub.

Bəzi mənbələrə görə, sosial şəbəkə X-də yayılan məlumatlarda Qaaninin bombardmanlar zamanı Xameneinin yaxınlığında olduğu, lakin möcüzəvi şəkildə xilas olduğu bildirilir. Bu səbəbdən o, İsrail kəşfiyyatı ilə əməkdaşlıq etməkdə şübhəli bilinərək öz həmkarları tərəfindən saxlanılıb.

Qeyd edilir ki, bu, general Qaaninin ölümü və ya saxlanılması barədə yayılan ilk məlumat deyil. Belə ki, ötən il Qərb mediası onun Beyrut şəhərinə endirilən zərbələrdən sonra əlaqəyə çıxmadığını yazmışdı. Həmin vaxt Qaaninin İsrail hərbçiləri tərəfindən “Hizbullah” hərəkatının lideri Həsən Nəsrallahın öldürülməsindən sonra Livana getdiyi iddia olunurdu.

Lakin daha sonra general ictimaiyyət qarşısına çıxaraq ölüm xəbərlərini təkzib etmişdi. Bəzi mənbələr xatırladır ki, onun guya həbs edilməsi və ya öldürülməsi barədə əvvəlki iddialar da rəsmi şəkildə təsdiqlənməmiş, Qaani sonradan yenidən vəzifə fəaliyyətinə qayıtmışdı.

Hazırda İranın rəsmi hakimiyyət orqanları İsmayıl Qaaninin edam edilməsi barədə yayılan məlumatları təsdiqləməyib və məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Poliqon.info

Избранный
115
poliqon.info

1Источники