RU

Dövlət-biznes münasibətləri yeni mərhələyə qədəm qoyur

“Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar” Forumunda biznes sahəsində yeni islahatlar müzakirə olunub

Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra yerləşdiyi regionda yeni geosiyasi və iqtisadi reallıqlar formalaşdırıb, aparılmış islahatlar və həyata keçirilmiş proqramlar nəticəsində makroiqtisadi sabitlik və fiskal dayanıqlıq təmin edilib, fiskal inzibatçılıq təkmilləşib, maliyyə mövqeyimiz əhəmiyyətli dərəcədə güclənib, investisiya cəlbediciliyi artıb. Qlobal şoklara davamlılıq və keyfiyyətli iqtisadi artım üçün maliyyə-institusional baza möhkəmlənib. Bununla belə, qlobal iqtisadiyyatda artan qeyri-müəyyənlik, fraqmentasiya və ticarət proteksionizmi, texnoloji enerji transformasiyasının sürətlənməsi gələcək sosial-iqtisadi inkişaf üçün yeni çağırışlar ərsəyə gətirir. Bu barədə baş nazirin müavini Samir Şərifov “Vergi Sistemində Gələcəyə Baxış: Yeni İdarəetmə Modeli və Data Əsaslı Qərarlar” Forumunda bildirib.

Biznes mühitinin yaxşılaşdırılması üçün təkliflər hazırlanır

Azərbaycanda yürdülən iqtisadi siyasətin mühüm tərkib hissəsi kimi vergi islahatları davam etdirilir. Hökumətin strateji baxışının əsas komponentlərini təşkil edən bu yanaşma “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və cari dövr üçün hazırlanan sosial-iqtisadi inkişaf strategiyaları ilə tam uzlaşır. Bu strateji hədəflərin real iqtisadi mənfəət çevrilməsi üçün əsas məsələ onların səmərəli idarə olunması, ardıcıl icrası və qurumlararası əlaqələndirmənin təmin edilməsidir. İqtisadi siyasətdə vahid yanaşma, çeviklik və institusional sinxronluq olmadan dayanıqlı və inklüziv inkişafı təmin etmək mümkün deyil. Bu məqsədlə ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması və institusional islahatların koordinasiyalı şəkildə həyata keçirilməsi üçün Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya fəaliyyət göstərir. Komissiya beynəlxalq reytinqləri formal məqsəd kimi deyil, real biznes mühitinin keyfiyyətinin yüksəldilməsi üçün alət kimi dəyərləndirir. Komissiya çərçivəsində “Biznesə daxil olma” və “Vergi və hesabatlılıq” üzrə işçi qrupları sahibkarlığa başlama proseslərinin sadələşdirilməsi, inzibatçılığın və vergi mühitinin daha şəffaf və proqnozlaşdırıla bilən edilməsi üzərində işləyir.

S.Şərifov bildirib ki, İqtisadi Şurasının tərkibində yaradılmış “Sahibkarlıq fəaliyyətində maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə işçi qrupu”nun alt qruplarında vergi sahəsində sahibkarların təkliflərinin toplanmasına start verilib. Vurğulanıb ki, dünya iqtisadiyyatında müşahidə olunan proseslər bir daha göstərir ki, makroiqtisadi sabitlik özü-özünə formalaşan nəticə deyil. “Bu, ardıcıl siyasətin, ehtiyatlı fiskal yanaşmanın və institusional qərarların məcmusudur. Bir çox ölkələr artan büdcə defisitləri, borclanma təzyiqləri və inflyasiya riskləri ilə üzləşdiyi halda, Azərbaycan fiskal siyasətdə balansı qorumağı bacaran nadir ölkələr sırasındadır. Bu balansın qorunması təkcə büdcə göstəriciləri ilə ölçülmür. Əsas məsələ iqtisadiyyata olan etimadın saxlanılması, dövlətin maliyyə öhdəliklərini vaxtında, dayanıqlı şəkildə həyata keçirməsidir. Məhz bu yanaşma iqtisadi sabitliyimizin əsas dayaqlarından biri olub”.

İqtisadi inkişaf etimada əsaslanan münasibətlər ilə mümkün olur

Baş nazirin müavini bildirib ki, bu gün dövlət-biznes münasibətləri yeni mərhələyə qədəm qoyur. İqtisadi inkişaf yalnız inzibati tənzimləmə ilə deyil, etimada əsaslanan münasibətlər sistemi ilə mümkündür. Proqnozlaşdırıla bilən siyasət, aydın qaydalar və sabit yanaşma sahibkarlıq mühitinin əsas göstəriciləridir

Hökumətin məqsədi nəzarət funksiyasından tam imtina etmək və yaxud onu minimuma endirmək deyil, hədəf onu daha ağıllı, daha səmərəli və iqtisadi proseslərə uyğun formata çevirməkdir. “Kölgə iqtisadiyyatı”nın azaldılması da məhz bu sistemli və institusional yanaşmanın nəticəsi olaraq dəyərləndirilməlidir.

Büdcə-fiskal siyasətində prioritetlərin düzgün müəyyən edilməsi, xərclərin səmərəliliyi və qeyri-neft gəlir mənbələrinin gücləndirilməsi bu mərhələdə xüsusi əhəmiyyət daşıyır. Bu kontekstdə vergi siyasəti, vergiləri yalnız fiskal yığımların maksimallaşdırılması aləti kimi deyil, daha çox iqtisadi davranışları formalaşdıran, investisiya qərarlarına təsir göstərən və sosial balansı təmin edən mühüm vasitə kimi mövqeləndirilməlidir. Yəni vergilər və icbari sosial ödənişlər iqtisadi fəallığı boğmamalı, əksinə, onu mümkün dərəcədə təşviq etməli, eyni zamanda sosial öhdəliklərin maliyyələşdirilməsi və ictimai rifahın qorunması üçün etibarlı resurs bazasını yaratmalıdır.

Əmək münasibətlərinin şəffaflaşdırılması qeyri-rəsmi məşğulluğu azaldıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, ölkədə aparılan islahatların əsas məqsədlərindən biri vergi ödəyicilərinin dövlətə olan inamının artırılması və onların fəaliyyətində müsbət dəyişikliklərin təşviq edilməsidir. İqtisadi siyasətinin orta və uzunmüddətli perspektivdə əsas istiqamətləri qeyri-neft-qaz sektorunun genişləndirilməsi, əlverişli investisiya mühitinin formalaşdırılması, rəqəmsal həllərə söykənən rəqabətqabiliyyətli istehsalın və xidmətlərin təşviqi, dayanıqlı məşğulluq modelinin qurulmasıdır. Bu barədə iqtisadiyyat naziri M.Cabbarov qeyd edib ki, son illərdə həyata keçirilən dəyişikliklər vergi sisteminin səmərəliliyinin artırılmasına, şəffaflığın genişlənməsinə və vergi ödəyiciləri ilə dövlət arasında etimadın güclənməsinə yönəlib: “Vergi sistemində aparılan islahatlar ardıcıl xarakter daşıyır və bu proses xüsusilə 2017-ci ilin sonlarından daha intensiv mərhələyə keçib. Həyata keçirilən tədbirlər nəticəsində vergi inzibatçılığı təkmilləşdirilib, biznes mühitinin yaxşılaşdırılması və iqtisadi fəaliyyətin leqallaşdırılması istiqamətində mühüm addımlar atılıb. 2019-cu il yanvarın 1-dən qeyri-neft özəl sektorunda tətbiq olunan əməkhaqqı islahatı vergi sistemində aparılan dəyişikliklərin əsas elementlərindən biri olub. Layihə əmək münasibətlərinin şəffaflaşdırılmasına və qeyri-rəsmi məşğulluğun azaldılmasına mühüm töhfə verib və bu ilin əvvəlində layihənin icrası tamamlanıb.

Qeyri-neft vergi yığımları son 8 ildə 2,4 dəfə artıb

Nazir qeyd edib ki, 2025-ci ildə Azərbaycanda vergi daxilolmaları 16,4 milyard manat təşkil edib ki, bu da son illərin ən yüksək nəticəsi hesab olunur. “2025-ci ildə vergi daxilolmaları 2018-ci illə müqayisədə 2,2 dəfə, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 2,4 dəfə artıb. Ötən il vergi daxilolmalarının ümumi daxili məhsulda (ÜDM) payı 12,7 faiz, o cümlədən qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının qeyri-neft-qaz ÜDM-də payı 13 faiz olub ki, bu da 2018-ci illə müqayisədə müvafiq olaraq 3,4 və 2,4 faiz bəndi artım deməkdir. 2025-ci ildə qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə vergi daxilolmalarının ÜDM-də xüsusi çəkisi 2018-ci illə müqayisədə 2,2 faiz bəndi artaraq 9,9 faizə çatıb. Qeyri-neft-qaz sektorunun özəl bölməsində əmək münasibətlərinin leqallaşdırılması istiqamətində də əhəmiyyətli nəticələr əldə olunub. Belə ki, 2025-ci ildə bu sektorda əmək müqavilələrinin ümumi müqavilələrdə xüsusi çəkisi 2019-cu ildəki 38,5 faizdən 54,4 faizə yüksəlib. Həmçinin sektorda əmək müqavilələrinin sayı 1,9 dəfə artaraq 1 milyonu ötüb və dövlət sektorunun göstəricisini üstələməyə davam edir”. Beləliklə, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi strategiyası çərçivəsində qeyri-neft-qaz sektoru iqtisadi artımın əsas drayverinə çevrilib.

Süni intellekt texnologiyalarına vergi stimulları artırılacaq

Nazirin sözlərinə görə, iqtisadiyyatın şaxələndirilməsində özəl sektor mühüm rol oynayır və bu istiqamətdə dövlət dəstəyi davam etdirilir. Son illərdə özəl sektora göstərilən dəstəyin əsas hissəsini vergi və gömrük güzəştləri təşkil edib. Həyata keçirilən tədbirlər ölkə iqtisadiyyatında mühüm struktur dəyişikliklərinə səbəb olub və özəl sektorun vergi daxilolmalarında payının artmasına gətirib çıxarıb. Belə ki, ötən il qeyri-neft-qaz özəl bölməsindən daxilolmalar qeyri-neft-qaz sektoru üzrə ümumi daxilolmaların 76 faizini təşkil edib.

Nazir qeyd edib ki, ölkədə rəqabətqabiliyyətli və innovasiyayönümlü biznes mühitinin formalaşdırılması istiqamətində İKT sektoru, startaplar, həmçinin yüksəkixtisaslı kadrlar üçün daha elastik vergi siyasətinin həyata keçirilməsi planlaşdırılır. Bu sahədə süni intellekt texnologiyalarının istifadəsinə istiqamətlənmiş vergi stimullarının artırılması əsas prioritetlərdən biri kimi müəyyən edilib. Həyata keçirilən tədbirlər Azərbaycanın yüksək texnologiyalara söykənən iqtisadi modelə transformasiyasını təmin etməyə yönəlib. Bu kontekstdə ölkədə artıq superkompüter mərkəzi fəaliyyətə başlayıb, rəqəmsallaşma sahəsində əhəmiyyətli layihələr icra edilir və insan kapitalının bilik və bacarıq potensialının gücləndirilməsi istiqamətində işlər davam etdirilir.

E.CƏFƏRLİ

Избранный
79
yeniazerbaycan.com

1Источники