RU

Azərbaycan qadını: mərhəmət və xeyirxahlıq nümunəsi

Xalqımızın ən gözəl müqəddəs dəyərlərinin daşıyıcıları olan Azərbaycan qadınları tarixən ictimai fəaliyyət baxımından fəallıq nümayiş etdirmiş, dövlətimizin və xalqımızın siyasi, iqtisadi və mədəni həyatına böyük töhfələr vermişlər. Bu gün də Azərbaycan qadını özünün yüksək intellekti, işgüzarlığı ilə fərqlənir, cəmiyyətimizin yüksəlişinə xidmət edən proseslərdə yaxından iştirak edir. Bu baxımdan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti Azərbaycan qadınlarının işgüzarlığının və vətənpərvərliyinin ən gözəl nümunəsi və təqdimatıdır.

Mehriban Əliyeva indiyədək təmsil olunduğu bütün platformalarda Azərbaycan qadınının timsalında xalqa xidmət missiyasının ən möhtəşəm nümunələrini yaradıb. Mehriban Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun həyata keçirdiyi tədbirlər bütün dünyada mədəniyyətimizi uğurla təbliğ edib. Heydər Əliyev Fondu artıq 22 ildir ki, ümid və pənah ünvanı kimi tanınır, Azərbaycan həqiqətlərini əzmlə dünyaya çatdırır, milli mədəniyyətimizin qorunmasına töhfələr verir, uşaq evlərinin, internat məktəblərinin, uşaq bağçalarının yenidən qurulmasında yaxından iştirak edir.
2005-2017-ci illərdə Milli Məclisin deputatı olan Mehriban Əliyevanın parlamentarizm ənənələrinin inkişafında layiqli xidmətləri var. Məhz Mehriban Əliyevanın rəhbəri olduğu parlamentlərarası dostluq qrupları Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında böyük rol oynayıb. Azərbaycanın Birinci vitse-prezidentnin çoxşaxəli fəaliyyəti nəinki respublikamızda, eləcə də ölkə hüdudlarından kənarda da daim yüksək qiymətləndirilib. Xüsusilə mənəvi və mədəni dəyərlərin qorunmasına verdiyi töhfələr onu bir tolerantlıq rəmzinə çevirib. Fəaliyyətində daim humanizm prinsiplərini əsas götürən Mehriban xanım Əliyevanın sivilizasiyalar və dinlərarası dialoqa töhfələri isə ona beynəlxalq aləmdə böyük nüfuz qazandırıb.

2017-ci ilin fevral ayından isə Mehriban Əliyevanın fəaliyyətində tamamilə yeni missiya başlayıb. Həmin il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi bütün xalqımızı sevindirən, cəmiyyətin bütün təbəqələrinin təqdir etdiyi qərar oldu.

Mehriban Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətə başlamasından ötən 9 ilin reallıqları göstərir ki, Mehriban Əliyeva özünün yeni missiyasını da layiqincə yerinə yetirir, Birinci vitse-prezident kimi fəaliyyəti ilə Prezident İlham Əliyevin siyasi kursunun uğurla reallaşmasında fəal iştirak edir. Mehriban Əliyeva ilk gündən mühüm sosial məsələləri nəzarətə götürüb. 2016-cı ilin Aprel döyüşlərində bədən xəsarətləri almış qəhrəman hərbçilərimizin protezlərlə təmin olunması, Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi Mehriban Əliyevanın Birinci vitse-prezident kimi uğurlu fəaliyyətinin təcəssümü idi.

Koronavirus pandemiyasının ən gərgin günlərində xalqımız Mehriban Əliyevanın bu problemə həssas münasibətinin şahidi oldu. Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilən xeyriyyəçilik minlərlə ailəyə, ahıl insanlara böyük maddi və mənəvi dəstək verdi.

44 günlük Vətən müharibəsində isə Mehriban Əliyevanın döyüşlərdə yaralanmış qəhrəman əsgər və zabitlərimizin müalicəsini birbaşa nəzarətinə götürməsi xalqımızın dərin rəğbəti ilə qarşılandı. Vətən müharibəsindən sonra Heydər Əliyev Fondunun Qarabağ və Şərqi Zəngəzurdakı tarixi və milli abidələrimizin bərpası ilə bağlı həyata keçirdiyi layihələr isə bir daha Mehriban Əliyevanın vətən sevgisinin ifadəsidir. 30 illik işğaldan sonra torpaqlarımızın addım-addım düşməndən təmizləndiyi o qürur dolu günlərdə Birinci vitse-prezident öz qəhrəman övladlarının igidliyi ilə öyünən, nisgilli yurdlarımızın azadlığına sevinib fərəhlənən, amma eyni zamanda döyüş meydanındakı övladlarımızın taleyinə görə həssas ana qəlbi ilə həyəcan keçirən, onların bu haqq savaşını sağ-salamat başa çatdırıb, Zəfərlə geri dönməsini arzulayan, şəhid məzarları önündə, yaralanmış oğullarımızın mətinliyi, iradəsi qarşısında göz yaşlarını boğa bilməyən Azərbaycan analarının ümumi obrazı idi.

Vətən müharibəsindən sonra dövlətimiz öz inkişaf tarixinin yeni mərhələsinə qədəm qoyub. Bu mərhələdə də Mehriban Əliyeva Prezident İlham Əliyevin inkişaf siyasətinə layiqli töhfələr verir.

Deyirlər ki, dərd bölündükcə azalır, sevgi paylaşıldıqca çoxalır, daha çox insanın sevincinə çevrilir. Hörmətli Birinci xanımın “Sizin Mehriban” imzası əslində onun Azərbaycanımızın hər yerinə ev-ev paylaşılan sevgisidir. Bu sevgi hər bir vətəndaşımızın qəlbində öz qarşılığını taparaq ümumxalq məhəbbətinə çevrilir, xalqımızı müqəddəs Vətənimizin, mübarək Bayrağımızın, müzəffər Ali Baş Komandanımızın ətrafında daha sıx birləşməyə dəvət edir!

“Sizin Mehriban” imzası qəlblərdə daha xoşbəxt, daha əmin, daha firavan gələcəyin ümid çırağını şölələndirir. Qoy bu çırağın işığı daha da güclənsin, doğma Azərbaycanımızın hər yerini nura qərq etsin!

Mehriban xanım Əliyevanı, Abşeron Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə xanım Abdullayevanı, o cümlədən, bütün Azərbaycan qadınlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, hər bir azərbaycanlı ailəsinə xoşbəxtlik arzulayıram.

Elnurə Fizuli qızı İsgəndərova.
Abşeron rayon, Əfqan Qadaşov adına, Pirəkəşkül kənd tam orta ümumi təhsil məktəbin direktoru, 'Xan qızı Natəvan", "Qızıl Qələm", "Təhsil Fədaisi", "Zəfər" media mükafatları laureatları

Избранный
26
1
adalet.az

2Источники