RU

Səfərbərlik Xidməti xəstə çağırışçını “yararlı” adı ilə hərbi xidmətə aparmağa görə cərimələndi

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Səhhətində ciddi problemlər olan gənclərin yararlı hesab edilərək hərbi xidmətə aparılması, nəticədə onların vəziyyətlərinin daha da ağırlaşması ilə bağlı valideynlərin çoxsaylı şikayətləri olsa da, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hər dəfə bu cür məlumatları təkzib edir. Lakin bu dəfə belə hal məhkəmə səviyyəsində təsdiqlənib.

Bizimyol.info xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi ürək xəstəliyindən əziyyət çəkən gəncin hərbi xidmətə aparılmasına görə məhkəmə qərarı ilə cəzalandırılıb. Məhkəmə qərar çıxarıb ki, bu qurum həmin gəncin ailəsinə dəymiş maddi və mənəvi ziyana görə təzminat ödəməlidir.

2003-cü il təvəllüdlü gənc 2021-ci ilin aprelində Xidmətin Bərdə rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilib, ondan analizlər götürülüb, başqa müayinələr aparılıb. Komissiya onu yararlı hesab edib və həmin ilin yayında hərbi xidmətə göndərilib. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edib.

Hərbi xidmətdə olduğu 7 ay 13 gün müddətində vəziyyəti ağırlaşan əsgər sonradan “xidmətə yararsız” hesab edilərək, ordu sıralarından tərxis olunub.

Əsgərin atası bununla əlaqədar məhkəməyə şikayət edib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı məhkəmədə iddia qaldıran ata şikayətində göstərib ki, o, əvvəl müxtəlif qurumlara müraciət edib. Lakin onun şikayətlərinə əhəmiyyət verilməyib. Atanın sözlərinə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları vəzifə səlahiyyətlərini aşaraq övladını düzgün yoxlamayıblar. Nəticədə övladının vəziyyəti ağırlaşıb və onlara həm maddi, həm də mənəvi zərər dəyib.

Ata məhkəmə iddiasında dəymiş zərərin əvəzi olaraq, 25 min manat təzminat tələb edib.

Cavabdeh qismində tanınan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi atanın iddiasına etiraz edib. Etirazda göstərilib ki, onun oğlu tibbi şəhadətləndirmə zamanı səhhətindən şikayəti olduğunu deməyib. Lakin onu gözündən müayinə olunması üçün Bərdə rayon Mərkəzi Xəstəxanasına göndəriblər. Ona “OU-Zəif dərəcəli miopiya. M-0,N5-1,0D” diaqnozu qoyulub:

“Onun hərbi xidmətə yararsız olmasına səbəb olan “Revmatizm, qeyri fəal dövr, mitral qapaq çatışmazlığı” diaqnozlu xəstəlik olub. Aydın kliniki əlamətlərlə ifadə olunmayan ürək çatışmazlığı olmadığı hallarda bu diaqnozlu xəstəliyin həqiqi hərbi xidmətə çağırışla əlaqədar aparılan müayinələr nəticəsində aşkara çıxarılması mümkün olmur. Bu diaqnozun təyini ixtisaslı tibb müəssisələrində xüsusi kardioloji insturmental müayinələr ExoKQ aparılmaqla təyin olunur ki, bu müayinə həqiqi hərbi xidmətə çağırışla əlaqədar aparılan mütləq müayinələrin həcminə daxil deyil”.

Birinci instansiya məhkəməsi atanın şikayətini təmin etməyib. Qərarını da belə əsaslandırıb ki, çağırışçının səhhətindən şikayəti olmadığı və aydın kliniki əlamətlərlə ifadə olunan ürək çatışmazlığı olmadığı üçün aparılan mütləq müayinələrin həcminə daxil olmayan əlavə müayinəyə göndərilməsinə də zərurət olmayıb. Onun ürəklə bağlı qüsuru olması barədə tibbi şəhadətləndirmə zamanı komissiyaya belə bir məlumat verməyib. Bu səbəbdən də cavabdeh orqan səlahiyyəti həcmində müayinə aparıb.

Ata bu qərardan apellyasiya şikayəti verib. Apellyasiya məhkəməsi isə onun şikayətini qismən təmin edib. Məhkəmə atanı haqlı sayıb, lakin kompensasiyanın məbləğini onun tələb etdiyi qədər təyin etməyib. Apellyasiya Məhkəməsi hərbi xidmətdə olduğu hər aya görə 250 manatdan hesablanmaqla, 7 ay 13 gün üçün 1858 manat maddi ziyana görə, 500 manat isə mənəvi ziyana görə olmaqla, ümumilikdə 2358 manat kompensasiya ödənilməsi barədə qərar çıxarıb.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
34
bizimyol.info

1Источники