RU

Saniyələr içində bitən ipoteka: Güzəştli kreditlərin “güzəştsiz” reallığı

Azərbaycanda ipoteka kreditlərinə maraq hər zaman yüksək olub və xüsusilə güzəştli ipoteka proqramları minlərlə vətəndaş üçün mənzil əldə etmək baxımından ən əlçatan mexanizmlərdən biri hesab olunur. Lakin son günlər ipoteka kreditlərinin verilməsi ilə bağlı keçirilən növbəti seçim mərhələsi vətəndaşlar arasında ciddi narazılığa səbəb olub. Belə ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ayrılmış limitlər çərçivəsində müraciətlərin qəbulu həyata keçirilsə də, bir çox vətəndaş sistemdə limitlərin son dərəcə qısa müddətdə tükəndiyini bildirir.

Məlumata görə, güzəştli ipoteka kreditləri üzrə növbəti seçim mərhələsi martın 6-da saat 11:00-da başlayıb. Lakin redaksiyaya müraciət edən vətəndaşların sözlərinə görə, limitlər cəmi bir neçə on saniyə ərzində bitib və bir çox müraciət etmək istəyən şəxs sistemə daxil olub müraciəti tamamlamağa belə imkan tapmayıb. Vətəndaşlar bildirirlər ki, limitlərin 30 saniyə keçməmiş tükənməsi real görünmür və bu hal prosesin şəffaflığı ilə bağlı suallar yaradır. Qeyd olunur ki, oxşar vəziyyət bir gün əvvəl də müşahidə olunub. Belə ki, adi ipoteka kreditləri üzrə müraciətlərin qəbulu martın 5-də həyata keçirilib və vətəndaşların sözlərinə görə, həmin gün də limitlər təxminən bir dəqiqə ərzində tükənib. Bundan əlavə, bəzi istifadəçilər sistemdə texniki problemlərin yarandığını və müraciət prosesinin çətinləşdiyini də qeyd edirlər.

Məlum olduğu kimi, ölkədə ipoteka kreditləşməsi dövlət tərəfindən müəyyən edilmiş limitlər çərçivəsində həyata keçirilir. İpoteka və Kredit Zəmanət Fondu hər il ipoteka kreditlərinin verilməsi üçün müvəkkil banklara maliyyə vəsaiti ayırır və vətəndaşlar həmin limitlər daxilində müraciət edərək kredit əldə edə bilirlər. Bu proqram çərçivəsində həm adi ipoteka kreditləri, həm də sosial həssas qruplar üçün nəzərdə tutulmuş güzəştli ipoteka kreditləri təqdim olunur. Lakin ölkədə mənzilə tələbatın çox yüksək olması səbəbindən ayrılan limitlər adətən çox qısa müddətdə tükənir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, ipoteka limitlərinin qısa müddətdə bitməsi bir neçə iqtisadi və texniki amillə bağlı ola bilər: “İlk növbədə Azərbaycanda mənzilə olan tələbatın yüksək olması bu prosesdə əsas rol oynayır. Akif Nəsirli qeyd edib ki, ölkədə ipoteka kreditlərinə müraciət edənlərin sayı ayrılan limitlərdən qat-qat çoxdur və bu səbəbdən sistem açılan kimi çox böyük sayda vətəndaş eyni anda müraciət etməyə çalışır. İpoteka sisteminə daxil olan müraciətlərin sayı bəzən on minlərlə ola bilər və bu halda ayrılmış vəsait bir neçə saniyə ərzində belə tükənə bilər. Texniki baxımdan bu hal mümkündür, çünki müraciətlər elektron sistem vasitəsilə paralel şəkildə qəbul edilir. Lakin bu vəziyyət eyni zamanda sistemin təşkilinə və mövcud mexanizmlərin effektivliyinə dair suallar da yaradır. İpoteka kreditlərinin bu qədər qısa müddətdə bitməsi vətəndaşlarda prosesin şəffaflığı ilə bağlı şübhələr yarada bilər və bu səbəbdən mexanizmlərin təkmilləşdirilməsi vacibdir”.

Akif Nəsirli hesab edir ki, ipoteka kreditlərinin paylanma sistemi daha balanslı formada təşkil olunmalıdır. Onun fikrincə, limitlərin bir neçə saniyə ərzində bitməsi vətəndaşların böyük hissəsini prosesdən kənarda qoyur və bu, sosial narazılığa səbəb ola bilər: “Alternativ mexanizmlər – məsələn, müraciətlərin müəyyən müddət ərzində qəbul olunması və daha sonra seçim aparılması kimi modellər tətbiq olunsa, proses daha ədalətli görünə bilər. İpoteka kreditlərinə yüksək tələbatın əsas səbəblərindən biri daşınmaz əmlak bazarında qiymətlərin yüksək olmasıdır. Bir çox ailələr üçün mənzil almağın yeganə real yolu ipoteka kreditlərindən istifadə etməkdir. Bu isə dövlət tərəfindən ayrılan ipoteka vəsaitlərinə böyük maraq yaradır: “Problemin əsas həll yollarından biri ipoteka kreditləşməsi üçün ayrılan maliyyə vəsaitlərinin artırılması və proqramın əhatə dairəsinin genişləndirilməsidir. Mənzil bazarında tələbat yüksək olaraq qaldıqca ipoteka proqramlarına maraq da artmaqda davam edəcək. Buna görə də dövlət ipoteka mexanizmlərini daha çevik və genişmiqyaslı şəkildə inkişaf etdirməlidir”.

Tunar
NOCOMMENT.az

Избранный
128
50
nocomment.az

10Источники