RU

İcbari tibbi sığorta hesabına qadınlara 5 milyondan çox ginekoloji tibbi xidmət göstərilib

Bakı, 6 mart, AZƏRTAC

Qadınların sağlamlığının qorunması, reproduktiv sağlamlığın möhkəmləndirilməsi və xəstəliklərin erkən mərhələdə aşkarlanması səhiyyə sisteminin əsas prioritet istiqamətlərindəndir. Qadınlara icbari tibbi sığorta çərçivəsində geniş həcmdə tibbi xidmətlər göstərilir.

İcbari Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ötən il ərzində icbari tibbi sığorta hesabına qadınlara ümumilikdə 5 milyon 446 min 216 ginekoloji tibbi xidmət göstərilib. Həmin xidmətlər ambulator və stasionar şəraitdə həyata keçirilib və qadınların sağlamlığının qorunmasına, xəstəliklərinin ağırlaşmasının qarşısının alınmasına və keyfiyyətli tibbi yardımın təminatına xidmət edib.

Ötən il ginekoloji əməliyyatların sayı isə 170 min 770 olub. İlkin tibbi sanitariya yardımı çərçivəsində profilaktik baxışlar və reproduktiv sağlamlığın mühafizəsi, ana ölümü və perinatal xəstəliklərin profilaktikası haqqında əhalinin sanitar mədəniyyətinin artırılması sahəsində tədbirlərin həyata keçirilməsi, tibbi göstərişə əsasən ixtisaslı həkim müayinəsi, laborator və instrumental müayinələr, digər diaqnostik prosedurlar vasitəsilə bir sıra xəstəliklər erkən mərhələdə aşkarlanaraq müvafiq müalicəyə cəlb edilib.

Ana və uşaq sağlamlığının qorunması sahəsində də mühüm nəticələr əldə olunub. İl ərzində icbari tibbi sığorta hesabına 63 min 572 doğuş və qeysəriyyə əməliyyatı həyata keçirilib. Doğuş zamanı və sonrakı dövrdə qadınlara göstərilən stasionar tibbi xidmətlər, istifadə olunan dərman və tibbi sərf materialları, laborator və instrumental müayinələr, həmçinin zəruri müalicə tədbirləri icbari tibbi sığorta ilə qarşılanıb.

Qadınların sağlamlığının qorunması baxımından şikayətlərin yaranması halında ixtisaslı həkim müayinəsi xüsusi əhəmiyyət daşıyır. İcbari tibbi sığorta hesabına Xidmətlər Zərfi çərçivəsində ginekoloji baxış, kiçik çanaq orqanlarının və süd vəzilərinin ultrasəs müayinəsi, kolposkopiya, histeroskopiya, mammoqrafiya, densitometriya (sümüklərin mineral sıxlığının ölçülməsi), pap-smear testi, HPV testi, hormonal panel (qalxanabənzər vəzi hormonları, reproduktiv hormonlar), ümumi qan və sidik analizləri, biokimyəvi analizlər (qlükoza, lipid profili və s.), hepatit B və C, sifilis, İİV, TORCH paneli və digər bir çox müayinələr əlçatandır.

Həmin müayinələr qadın orqanizmində baş verə biləcək dəyişikliklərin vaxtında aşkarlanmasına, onkoloji və digər xroniki xəstəliklərin erkən diaqnostikasına, reproduktiv sağlamlığın qorunmasına və mümkün ağırlaşmaların qarşısının alınmasına imkan yaradır. Yaşa, irsi meyilliliyə və fərdi risk faktorlarına uyğun olaraq həkim təyinatı ilə müayinələrdən keçmək qadın sağlamlığının uzunmüddətli qorunmasında mühüm rol oynayır.

Qadınların sağlam həyat tərzi seçmələri və şikayətləri olduqda vaxtında həkimə müraciət etmələri tövsiyə olunur.

Избранный
60
4
azertag.az

5Источники