RU

Neft qiymətlərinin yüksəlməsi kriptovalyuta bazarına necə təsir göstərir? – ARAŞDIRMA

Qlobal enerji bazarında qiymətlərin yüksəlməsi neft və qaz sənayesi ilə yanaşı, maliyyə bazarlarının müxtəlif seqmentlərinə də öz təsirini göstərməkdədir. Son dövrlərdə kriptovalyuta bazarı da makroiqtisadi faktorlara əvvəlkindən daha həssas reaksiya nümayiş etdirir. Enerji resurslarının bahalaşması bir yandan inflyasiya və investorların davranışı vasitəsilə bazara təsir edir. Digər tərəfdən isə kriptovalyuta mayninqinin maya dəyərini artıraraq qiymət dinamikasında dəyişikliklərə yol aça bilər.

Dünya bazarında neft qiymətlərində əhəmiyyətli artım müşahidə olunub. Belə ki, martın 6-da "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin dəyəri 5,61 ABŞ dolları və ya 6,82 % bahalaşaraq 87,90 ABŞ dollarına yüksəlib. Hərracların nəticələrinə əsasən, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 87,71 ABŞ dolları olub.

Eyni zamanda Türkiyənin Ceyhan limanında FOB əsasında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,34 ABŞ dolları və ya 6,82 % artaraq 83,69 ABŞ dolları həddinə çatıb.

"Report" mövzu ilə əlaqədar kriptovalyuta bazarı üzrə mütəxəssislərin mövqelərini öyrənib.

Kriptovalyuta bazarı üzrə mütəxəssis Elnur Quliyev qeyd edib ki, neft qiymətlərinin bahalaşması qlobal makroiqtisadi mühitə birbaşa təsir edən amil olmaqla, bu təsir dolayı yolla kriptovalyuta bazarına da keçir:

"Enerji resurslarının dəyərinin artması inflyasiya təzyiqini gücləndirir, mərkəzi bankların daha sərt pul-kredit siyasəti yürütmə ehtimalını yüksəldir və nəticədə riskli aktivlərə olan marağı azalda bilər. Bu kontekstdə kriptovalyutalar da qısamüddətli dövrdə müəyyən təzyiqlə üzləşə bilər".

Ekspert vurğulayıb ki, enerji qiymətlərinin bahalaşması xüsusilə "Bitcoin" üçün daha həssas amildir: "Çünki "Bitcoin" şəbəkəsi "proof-of-work" (hesablama işi əsasında təsdiq mexanizmi) prinsipi ilə fəaliyyət göstərir və yüksək elektrik enerjisi istehlakı tələb edir. Neft və qaz qiymətlərinin bahalaşması bir sıra regionlarda elektrik enerjisi tariflərinin qalxmasına gətirib çıxarır ki, bu da mayninq xərclərinin yüksəlməsi ilə nəticələnir".

E.Quliyevin fikrincə, maya dəyərinin artması aşağı marja ilə fəaliyyət göstərən maynerlərin bazarı tərk etməsinə səbəb ola bilər: "Bu isə şəbəkə üzrə "hashrate" (hesablama gücü) göstəricisinin müvəqqəti azalmasına və satış təzyiqinin güclənməsinə yol aça bilər. Bəzi maynerlər əməliyyat məsrəflərini ödəmək məqsədilə daha çox "Bitcoin" satmağa məcbur olurlar".

Ekspert həmçinin əlavə edib ki, yüksək enerji xərcləri bazarda kriptovalyutanın "istehsal dəyəri" səviyyəsini də yuxarı çəkir: "Tarixi təcrübə göstərir ki, "Bitcoin"in qiyməti uzun müddət maya dəyərindən aşağıda qalmır. Bu baxımdan enerji qiymətlərinin bahalaşması orta müddətdə qiymət üçün müəyyən "alt sərhəd" yarada bilər".

E.Quliyev bildirb ki, digər kriptovalyutalar üçün təsir mexanizmi fərqli xarakter daşıyır:

"Məsələn, "Ethereum" artıq "proof-of-stake" (pay əsasında təsdiq mexanizmi) modelinə keçid etdiyi üçün birbaşa enerji məsrəflərindən asılılığı əhəmiyyətli dərəcədə azalıb. Buna görə də enerji qiymətlərinin bahalaşması "Ethereum" üçün daha çox makroiqtisadi amillər və investor davranışı kanalları vasitəsilə təsir göstərir".

"Binance"in Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya və Afrika üzrə regional rəhbəri Kirill Xomyakov isə hesab edir ki, enerji resurslarının dəyərinin artması makroiqtisadi qeyri-müəyyənliyi gücləndirdikcə investorlar kapitalın diversifikasiyası məqsədilə alternativ aktivlərə, o cümlədən kriptovalyutalara daha çox diqqət yetirməyə başlayırlar: "Hazırda bazarda institusional investorların marağı da yüksək səviyyədə qalmaqdadır. Martın 6-na olan məlumata görə, "Bitcoin" təxminən 70 min ABŞ dolları ətrafında ticarət olunur. Həftənin əvvəlində isə qısa müddət ərzində 74 min dolları keçərək son bir ayın ən yüksək həddinə çatıb. "Ethereum" isə 2 200 dollar səviyyəsini sınaqdan keçirdikdən sonra təxminən 2 100 dollar civarında ticarət olunur".

Onun sözlərinə görə, bazarı dəstəkləyən əsas amillərdən biri institusional kapital axınıdır: "Belə ki, martın 2-dən etibarən spot "Bitcoin-ETF"lərə yönələn vəsaitlərin həcmi 680 milyon ABŞ dollarını keçib. Bu isə iri investorlar tərəfindən uzunmüddətli tələbin saxlanıldığını göstərir".

Ekspert həmçinin əlavə edib ki, enerji qiymətlərinin bahalaşması mayninq xərclərini də artırır: "Hazırda "hashprice" (mayninq gəlirlilik göstəricisi) göstəricisi gündəlik 1 TH/s üçün təxminən 30 ABŞ dolları səviyyəsindədir. Halbuki bir neçə ay öncə bu rəqəm təxminən 39 ABŞ dolları idi. Daha az səmərəli maynerlərin bazardan çıxması yeni kriptovalyutaların istehsal tempini azalda bilər. Tələb sabit və ya artan qalarsa, bu amil uzunmüddətli perspektivdə "Bitcoin" qiymətinin dəstəklənməsinə səbəb ola bilər".

Beləliklə, ekspertlər belə qənaətə gəlirlər ki, qısamüddətli perspektivdə enerji qiymətlərinin artması kriptovalyuta bazarında dəyişkənliyi gücləndirə bilsə də, orta və uzunmüddətli dövrdə həm maya dəyərinin yüksəlməsi, həm də investorların alternativ aktivlərə üz tutması fonunda yeni qiymət tendensiyalarının formalaşması mümkündür.

Hazırda qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması təxminən 2,6-2,7 trilyon ABŞ dolları həddində qiymətləndirilir.

Bazar dəyərinə görə ən bahalı kriptovalyuta "Bitcoin" (BTC) sayılır. Onun cari qiyməti təxminən 70 min ABŞ dolları səviyyəsindədir və bazar kapitallaşması 1,3 trilyon ABŞ dolları civarında hesablanır.

İkinci sırada "Ethereum" (ETH) yer alır. Bu kriptovalyutanın qiyməti təxminən 2 100 ABŞ dolları həddindədir və bazar dəyəri 250 milyard ABŞ dolları ətrafında qiymətləndirilir.

Üçüncü mövqedə isə "Tether" (USDT) dayanır. Bu "stablecoin"in bazar kapitallaşması təxminən 100 milyard ABŞ dolları səviyyəsindədir və o, dünyanın ən iri "stablecoin"i hesab edilir.

Избранный
85
far.az

1Источники